Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə başlanılır.
Eləcə də bax: Müəllimlərin işə qəbuluna - BAŞLANILIB
FED.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər martın 2-dən 6-dək http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.
Bununla yanaşı, qeyd edək ki, daimi xarakterli işçilərlə müddətli müqavilələrin bağlanması qanunsuzdur. Başqa sözlə, qanuna əsasən, Təhsil nazirliyi daimi xarakterli işlə məşğul olan müəllimlərlə müddətsiz əmək müqaviləsini imtahansız və seçisiz də bağlamağa borcludur.
Söhbət Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbindən gedir. Həmin maddələrə (mətnin aşağısında göstərilib) əsasən əmək müqaviləsi yalnız xüsusi hallarda müddətli bağlana bilər.
Qeyd edək ki, təhsil sistemindəki bu hal mütəxəssislərin də diqqətini cəlb edib.
MKS.az saytının təşkilatçılığı ilə 11 yanvar 2020-cu il tarixdə keçirilən "Əmək Məcəlləsi: sadəddən mürəkkəbə" adlı seminarda tanınmış mütəxəssis İradə Nağdalıyeva bəzi ali və orta məktəblərdə işçilərlə müddətsiz yox, müddətli əmək müqaviləsinin bağlanılması məsələsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun diqqətinə çatdırıb.
FED.az xəbər verir ki, Ə.Məhərrəmov bildirib ki, bu haqda Nazirliyə hər hansı şikayət daxil olmayıb: «Əgər müəllim daimi fənni tədris edirsə, məsələn, fizika və ya riyaziyyat müəllimi kimi çalışırsa, bu zaman həmin işçi ilə əmək müqaviləsi müddətsiz imzalanmalıdır.
Təhsil Nazirliyinin mövqeyi belədir ki, hər il üçün tədris proqramı olduğundan müəllimlər üzrə dərs saatları dəyişir. O səbəbdən hər il stavkaları müəyyən edirlər, məsələn, bir stavka, yarım stavka. Bunu əsas tutaraq, müəllimlərlə müqavilələri müddətli edirlər. Fikrimizcə, kütləvi şəkildə müəllimlərlə müddətsiz əmək müqavilələrinin imzalanması əsassızdır. Daimi dərs yükü olan müəllimlərlə şübhəsiz ki, müddətli əmək müqaviləsi bağlanmalıdır»-deyə nazrlik nümayəndəsi bildirib.
Əmək Məcəlləsinin müvafiq maddələri aşağıdakılardır:
Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.[48]
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. [49]
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. [50]
Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: [53]
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;
b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;
c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; [54]
ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; [55]
d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; [56]
e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;
ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;
f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;
g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;
ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.