Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib.
FED.az xəbər verir ki, DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə minqimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (birinci, yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır.
Eləcə də bax: Nəşriyyatlara dərsliklərin çəkisi ilə bağlı - TAPŞIRIQ
Bununla yanaşı, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur.
X.Xanlarzadə qeyd edib ki, yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub.
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq.
DİM rəsmisi əlavə edib ki, bu il bəzi ixtisaslar - “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılacaqlar. Bəzi ixtisaslar üzrə isə ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaqlar.
X.Xanlarzadə onu da bildirib ki, bu il imtahanın birinci mərhələsində cavabları səhv verilən sualların sayı düzgün cavablarının sayına təsir etməyib. Lakin ikinci mərhələdə yalnız qapalı tipli test tapşırıqlarının səhv cavablarının sayı düzgün cavabların sayına təsir göstərəcək. Açıq tipli tapşırıqların səhv verilmiş cavabları isə düzgün cavabların sayına təsir göstərməyəcək.
©AzEdu.az