“Bakı Mühəndislik Universiteti (BMU) texnoloji infrastruktur cəhətdən distant (məsafədən) verilən təhsilə hazırdır”.
FED.az xəbər verir ki, bunu Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru Elçin Süleymanov “EduExpo” sərgisində TED.az-a açıqlamasında deyib.
Eləcə də bax: Azərbaycanda ekspertlərdən parlamentə və hökumətə - DİSTANT TƏHSİL ÇAĞIRIŞI
Elçin Süleymanov bildirib ki, Azərbaycanın təhsil qanunvericiliyində distant təhsilə dair qanun qəbul edilsə, BMU 5, hətta 10 min tələbəyə məsafədən təhsil verə bilər: “BMU müəllimlərinin əksəriyyəti dərs materiallarını da Distants Education Center veb-saytına yerləşdiriblər. O materialları rahatlıqla istənilən ünvana göndərmək mümkündür. BMU-da tədrisin 70%-i inglis dilində aparılır. Distant təhsil tətbiq ediləcəyi halda xarici vətəndaşlar məsafədən diplom və sertifikatlar ala biləcəklər. Dünyaca məşhur bir professorun ölkəyə fiziki olaraq gəlib dərs deməsi çətin olur. Distant təhsil imkan verir ki, həmin professorlar məsafədən dərslər keçsin. Bu kimi amillər ikili diplomların da verilməsinə böyük təkandır.
Eləcə də, regionlarda yaşayan tələbələr üçün də bu əhəmiyyətli olar. Onlar yaşadıqları ərazidən təhsil alarlar və kirayə xərcləri kimi problemlərlə qarşılaşmazalar”.Prorektor vurğulayıb ki, BMU demək olar ki, tam elektronlaşmış universitetdir: “Tələbələr qeydiyyata başlayandan məzun olanadək, tələbə-məlumat sistemi tətbiq edilir. Bu sistem eyni zamanda, əməkdaşlar üçün də personal-məlumat sistemi kimi tətbiq olunur. Tələbə-məlumat tələbələrin davamiyyəti, tədris nəticələri, kitabxanalardan onlayn kitab sifarişi, maliyyə göstəriciləri – təhsil haqqı borcu və s. əks olunur. Bunun bir müsbət cəhəti də valideynlərin övladlarının məsafədən asılı olmayaraq, davamiyyət və müvəffəqiyyət göstəricilərini izləyə bilməsidir. Bütün sinif otaqlarımızda smart lövhələr mövcuddur. Bu gün BMU-da müəllim ənənəvi üsulla dərs deyəndə tələbələr etiraz edir. Çünki dərs prosesi tam elektronlaşıb, müəllim tədris materiallarını tələbələrə avtomatik sistem üzərindən göndərir”.
“BMU-da İnnovasiya Mərkəzi və Texnopark fəaliyyət göstərir. Azərbaycanda neft sahəsinin aparıcısı olan BP ilə onlarla ortaq layihə həyata keçirilib. Sözügedən layihələrdə qalib olan 5 startapa Texnoparkda rezidentlik verilib. Texnoparka demək olar ki, mütəmadi startapları ilə yeni şirkətlər gəlir. Onlar müəyyən inkişaf yolu keçdikdən sonra dünyaya açılırlar. İki-üç şirkətimiz dünya səviyyəli Silikon Vadisinə gedib. Hazırda Texnoparkda maraqlı startaplar var. Xüsusilə, mobil tətbiqlərlə bağlı startapların sayı çoxdur”, – deyə prorektor əlavə edib.