Sabina Savadova öz xarici təhsili ilə bağlı təcrübəsini ilə bölüşüb. Məlumat üçün qeyd edək ki, Sabina xanım hazırda University of Edinburgh-da PhD üzrə təhsil alır. Bununla yanaşı o bundan qabaq University Ruse və University of Regensburg-dada təhsil alıb.
Sabina xanım, zəhmət olmasa həyatınızın xarici təhsilə qədərki mərhələsi haqqında məlumat verə bilərsinizmi?
Robert Frostun bir şeiri var və şeirdə deyir mən həmişə ən az gedilən yolu seçmişəm və bu da hər şeyi dəyişib. Doğurdan da mənim həyatdakı bütün qərarlarım bu şeirdəki kimi etmişəm; ən az gedilən yolu seçmişəm və elə o yol hərşəyi yaxşı mənada dəyişib. Mənim məktəb həyatımda müəllimələrin bir başqa rolu olub və bəlkə də onlardan ilhamlanaraq mən müəllimə olmaq qərarını verdim və Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsinə qəbul oldum. Universiteti bitirib Gəncəyə qayıdanda Gəncədə çox məşhur bir təhsil ocağında imtahan verdim və ora qəbul oldum, ancaq bununla yanaşı Sülh Korpusu təşkilatında da işə qəbul oldum və mən ikincini seçdim. Baxmayaraq ki, bu iş üçün başqa şəhərdə yaşamalı idim, iş müvəqqəti idi və çətin görünürdü. Mən bu yolu seçdim və bütün həyatımı boyu da yaxşı ki, seçmişəm demişəm. İnsan hər şeyi komfort zonasından kənara çıxanda daha yaxşı görürərək öyrənir və daha da kamilləşir. Bunu hamı bilir. Məndə də belə oldu, əslində hər şeyin başqa alternativi olduğunu gördüm və öyrəndim.
Bilməyənlər üçün deyim ki, Sülh korpusu təşkilatı ilə Amerikadan inkişaf etməkdə olan ölkələrə könüllülər göndərilir və onlar Azərbaycanın kiçik şəhər və rayonlarında yaşayır və cəmiyyətin inkişafına kömək edir. Ancaq könüllülər kiçik şəhər və rayonlara getməzdən əvvəl Sumqayıtda 3 aylıq bir təlimdən keçirlər və burada Azərbaycan dilini, mədəniyyətini, mentalitetini – yazılmamış qanunlarını, və müxtəlif texniki bilik və bacarıqları öyrənirlər. Mən təlim zamanı könüllülərə Azərbaycan dilini tədris etmişəm və onlara yaşadıqları cəmiyyətə və mədəniyyətə uyğunlaşmağa kömək etmişəm. Bir az da dəqiqləşdirsəm, könüllülərin üç aylıq təlimləri zamanı mən də Sumqayıtda balaca bir cəmiyyətdə altı könüllü ilə qonaq ailələrdə yaşayırdım və onlara dil öyrədib mədəniyyətla bağlı izahlar verirdim. Bu təcrübə mənim gələcəkdə xarici təhsildə həmişə köməyim olacaq əsas təcrübələrdən birini verdi. Mən başa düşdüm ki, həyatda hər kəs fərqlidi, və bu fərqlilikdə səhv və ya doğru anlayışı yoxdur. Bu qlobal dünyanın bir parçası olmaq istəyirsənsə bu fərqliliyi qəbul etməlisən. Əslində isə bütün təcrübələri maraqlı və əlverişli edən elə bu fərqlilikdi.
Bu iş təcrübəsindən sonra bir müddət qısamüddətli işlərim oldu və mən nəhayət 2011-ci ildə həm uzunmüddətli iş tapdim həm də artıq Xəzər Universitetində Amerika ədəbiyyatı üzrə magistr təhsilimə başladım. Bu sahə mənim üçün çox maraqlı idi və bir də Xəzər Universiteti baxmayaraq ki, özəl universitetdi mən burada topladığım bal yüksək olduğuna görə dövlət hesabına təhsil alırdım. İş yeri isə QHT idi və orada işləmək maraqlı. Yəni həyat “qaydasına” tam düşmüşdü demişkən mən yenə başqa yola üz tutdum və Bolqarıstanda siyasət üzrə magistr təhsilinə müraciət etdim və qəbul oldum. Hər şeyi geridə qoyub yeni həyata başladım Bolqarıstanda; balaca bir tələbə şəhəri olan Rusedə eyni adlı universitetdə təhsil almağa başladım və həqiqətən də o ildən mənim nəinki tək təhsil həyatım eyni zamanda bütün həyatım dəyişdi. Çünki, mən orada həyat yoldaşımla tanış oldum. Bu seçim də çətin seçim idi, çünki yoldaşım Gürcü idi. (Bu haqqda sonra danışaram) . Bolqarıstandakı təhsilin bir semestri Almaniyada idi və mən bir semesterlik Almaniyanın Regensburg şəhərində təhsil aldım. Bu iki illik təhsil təcrübəsindən sonra mən magistr işimi təhsil sahəsində seçdim və kariyeramı da bu sahədə qurmaq qərarını verdim. Belə də oldu, 2013-cü ildə Bolqarıstandan sonra Azərbaycana qayıtdım Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən bir təhsil idarəsində baş məsləhətçi kimi işləməyə başladım, bununla yanaşı tədqiqat assistenti fəalliyyətinə başladım və həmin iş məni Edinburqa gəlməyimdə böyük rol oynadı.
Xaricidə təhsillə bağlı qərarı verdikdən sonra hansı addımları atdınız. Universitetin seçimi, imtahanlar, qəbul prosesi, maliyyə və digər məsələləri necə həll etdiniz? Sizin üçün xüsusi çətin olan nə idi?
Yuxarıda dediyim fəalliyyətlə Edinburqa gəlməyim arasında olan 4 illik bir vaxt var, və bu dörd il ərzində mənim şəxsi həyatım dəyişdi və o dəyişimi burda qeyd etməliyəm çünki, Edinburqa gəlməyim də onun böyük rolu var. Belə ki, əvvəl ondan başlayım ki, mən 2014-cü ildə Bolqarıstanda tanış olduğum gürcü qrup yoldaşım ilə (Giorgi – adını qeyd edirəm çünki, o olmasaydı biz hal-hazırda burada olmazdıq) nişanlanıb evləndik və 2014-cü ilin sonundan Tiflisdə yaşamağa başladım. Bu müddət ərzində həm də tədqiqat assistenti kimi işləyirdim. 2015-ci ildə isə bizim oğlumuz David dünyaya gəldi və o bir yaş yarımlıq olana kimi yenə də işlədim. Artıq tədqiqat bitəndə baxmayaraq ki, bütün gün Davidlə və evlə məşğul idim və başqa iş tapdım. Biz evlənəndə demişdik ki, Tiflisdə uzun müddəq qalmayacağıq, ya Almaniyada ya da başqa ingilis dilli ölkədə PhD təhsili alacağıq. Ona görə də evliliyimizin ilk illəri boyunca biz həmişə Almaniyadakı proqramlara müraciət edirdik amma alınmırdı.
Nəhayət Edinburq Universitetinə müraciət etmək qərarına gəldik. Əsas 3 səbəb var idi, birincisi mən bu universitetlə tanış idim, tədqiqat asisstenti işlədiyim tədqiqatçı da bu universitetdə oxuyurdu, ikincisi mənim tədqiqat aparmaq istədiyim sahədə dünya üzrə ən yaxşı mütəxəssislərdən biri burda çalışırdı (hal-hazırda o mənim əsas supervisorrumdur (red. rəhbər)), üçüncüsü isə oğlumuz üçün ingilis dilli ölkə və Ediburqdakı mühit çox əlverişli idi. Mən bu qərarımı Giorgiyə deyəndə o məni çox dəstəklədi və daha da həvəsləndirdi. Bu dəstəyi o gündən bugünə kimi həmişə hiss edirəm.
Tam qəbul prosesi 5 ay çəkdi təxminən, çünki mən universitetin təqaüdünə də müraciət etmişdim. Amma bizim universitetdə ilk olaraq gələcək supervisor səni və sənin işlədiyin mövzu ilə tanış olmalı və öz razılığını verməlidir. Mən bu mövzuda özümü çox şanslı hiss edirəm. Edinburq universiteti təhsil sahəsində mənim müraciət etdiyim ilk universitet, indiki əsas superviosrum isə ilk müraciət etdiyim supervisor olub. Seçdiyim müəllimə ilə mənim tədqiqatda maraq sahələrim çox üst-üstə düşür və o nəinki işində həm yaxşı mütəxəssis həm də çox professional insanla olmaqla yanaşı həm də çox alicənab və gözəl insani keyfiyyətlərə sahib bir qadındır. O bütün qəbul prosesində mənə kömək etdi və mənəvi çox dəstək oldu. İlk əvvəl mən universitetə qəbul oldum yəni ki, müraciət forması seçim komitəsi tərəfindən qəbul olundu və sonra da intervyu oldu. Sonda isə təqaüd üçün intervyu oldu. Təqaüdüm isə tam təqaüd olmadı, yarı məbləği özümüz ödəməli idik. Və bunu eşidəndə mən artıq yox demək istəyirdim, bütün bu proseslər baş verəndə Giorgi də Tiflisdə başqa bir işə düzəlmişdi. Bu iş isə çox prestijli bir iş idi. Bu proses bizim evliliyimiz üçün bir sınaq idi. Çünki hər ikimiz üçün yaxşı karyera şansı açılmışdı ancaq başqa şəhərlərdə. Biz bu sınaqdan yaxşı çıxdıq, çünki özümüzü yox əksinə bir-birimizi fikirləşdik. Mən dedim getməyək o isə dedi gedək. Uzun sürən müzakirələrdən sonra biz Tiflisdə olan və bir yerdə çətinliklə əldə etdiyimiz hərşeyi geridə qoyub çıxdıq bu yola.
Hər halda qadın üçün daha ağır sayılan PhD seçimi nisbətən gec rastlaşılan bir hallardandır. Bu sizin öz sahənizdə biliklərinizin dahada dərindən mənimsəməsi ilə bağlı idi buna təsir edən digər amillər var?
Səmimi olaraq deyim ki, mən də sizin kimi fikirləşirdim: yəni PhD təhsilinin qadın üçün daha ağır olduğunu və mənim nəisə çox böyük bir iş gördüyümü fikirləşirdim. Edinburqa gələndə isə başa düşdüm ki, əslində mən heç də nəisə böyük bir iş görmürəm. Burada çoxlu sayda PhD təhsili alan ailəli, çox uşaqlı analarla rastlaştmışam ki, buna görə mən özümü sadəcə onlardan biri kimi hiss edirəm.
Bəli, əsas səbəb əlbəttə ki, mənim üçün maraqlı olan sahədə tədqiqat aparmaq idi. Çünki, bu sahə ümumiyyətlə dünyada nisbətən yeni sahə sayılır, ancaq texnologiyaların inkişafı, yayılması və istifadəsinin asanlaşmasıyla sahəyə olan maraq və tələb olunan tədqiqatlar da artır. Məsələn, artıq Şotlandiyada birinci sinifdən başlayaraq uşaqlara kodlaşdırma dərsləri keçirilir. Azərbaycanda isə bu sahədə demək olar ki, təbii ki, mən bildiyim qədəri ilə dərindən araşdırma olmayıb. Britaniya ilə Azərbaycan arasında müqayisə aparmaq çox da düzgün alınmaz, ancaq mən fikirləşirəm ki, bu ölkədən öyrəniləsi çox təcrübə var və bunu da ancaq araşdırma və tədqiqatlar etməklə əldə etmək olar. Mən öz tədqiqatımla Azərbaycanda bu sahədə işlərin daha düzgün şəkildə qurulmasına və aparılmasına öz köməyimi göstərəcəyimə inanıram. Nəhayət mənim üçün əsas amillərdən biri oğlumuzun və ailəmizin gələcəyi idi. Təhsil insanın öz həyatını düzgün istədiyi şəkildə qurması üçün ən vacib silahlardan biridir. Əlbəttə insanın şansı da olmalıdır: bəzi məqamlarda ancaq şans insana kömək edir. Ancaq mən həmişə təhsilin gücünə inanmışam, və ona görə də oğlumuz üçün bu qərarı vermişik. Yoldaşımla mən bir-birimizin dilini bilmirik ingilis dili ortaq dilimizdir. Oğlumuzla da ingilis dilində danışırıq və ingilis dilli ölkəyə köçmək bizim üçün məntiqli bir qərar idi ki, o artıq bu dildə dil açacaqdı. Bizim ölkələrdə ingilis dilini bilmək öyrənmək bir üstünlük sayılır, ancaq biz o yükü onun üstündən götürüb əksinə onun başqa dillərə və elmlərə yiyələnməsinə yönləndirmək istədik.
Hazırki təhsiliniz haqqında ətraflı məlumat verərdiniz. Ümumən proses necə gedir?
Mənim tədqiqat işim Azərbaycanda evdə və məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər yaşlı uşaqların texnologiya ilə əlaqələrini araşdırır. Belə ki, artıq bu danılmaz həqiqətdir ki, dünyada və eləcə də Azərbaycanda uşaqlar çox kiçik yaşlarından müxtəlif texnologiya vasitələri ilə (telefon, tablet, iPad vəs.) müəyyən dərəcədə əlaqədə olurlar. Mən isə bunun uşaqların oyunla əlaqəsində və ailə daxili münasibətlərdəki rolunu araşdıracam. Eyni zamanda valideynlərin bu əlaqələrin təşkilindəki mövqeyi və rolunu öyrənəcəm. Tədqiqatımın əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, yalnız uşaqların və ya anaların fikirləri araşdırılmayacaq, ümumi ailələri ziyarət olacaq və ailələrlə yəni ailədə olan bütün fərdlərlə söhbətlər aparılacaq. Tədqiqatımın adının bir hissəsində deyilir ki, Azərbaycanda ailələrin hekayələrinə qulaq asaq. Yəni uşaqların texnologiya olan münasibətlərini öyrənərkən onları ailənin əsas fərdi kimi yanaşacam və onların eləcə də bütün fərdlərin hekayələrinə yer verəcəm.