İqtisad elminin bir çox ziddiyyətli baxışları, bir-birindən tamamilə fərqli yanaşmaları və hətta elmi məktəbləri özündə birləşdirdiyi heç kimə sir deyil. Bu vəziyyət, iqtisadın elm olub-olmaması ilə bağlı aparılan müzakirələrdə də özünü göstərir. Uzun zamandır belə müzakirələr aparılır. Müzakirələrə iqtisadçılarla yanaşı, iqtisadçı olmayanların da qoşulması bir tərəfdən diqqəti cəlb edir, digər tərəfdən isə bu müzakirələri daha da mürəkkəbləşdirir.
FED.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin şəxsi bloqunda paylaşdığı "iqtisad elm deyil, yoxsa bəzi iqtisadçılar elm adamı deyil?" yazısındandır. Yazının tam mətnini diqqətinizə çatdırırıq:
Müstəqillikdən sonrakı dövrdə Azərbaycanda da bir çoxları bu müzakirələrə qoşulmuşdur. Hətta son illər belələrinin sayında nisbi artımın olduğunu da müşahidə etmək mümkündür. Heç şübhəsiz ki, elmi müstəvidən kənara çıxmamaq şərti ilə bu cür müzakirələrin aparılması ilk növbədə elmin özünün inkişafı baxımından faydalıdır və təqdir edilməlidir. Ancaq təcrübə göstərir ki, istər Azərbaycanda, istərsə də bütövlükdə dünyada bu istiqamətdə aparılan müzakirələr çox vaxt subyektivlikdən qurtula bilmir. Belə ki, iqtisadın elm olmaması tezisi, daha çox onun riyazi aspektindən çəkinən və iqtisadın əsas xətti (mainstream) çərçivəsində ciddi elmi nəticələr ortaya qoya bilməyənlər arasında özünə dəstək tapdığı halda, iqtisadın elm olması tezisi də daha çox onu ifrat dərəcədə riyaziyyata bulaşdıraraq yalnız özlərinin anladığı bir elmə çevirələnlər arasında özünə dəstək tapır. Bir də iqtisadçı olmayanlar var ki, onlar da çox vaxt iqtisadçıların cəmiyyətdəki nüfuzuna qısqanclıqla yanaşdıqlarından iqtisadın elm olmadığı tezisindən xoşlanırlar.
Bəs məsələyə obyektiv yanaşma necə formalaşdırıla bilər? Heç şübhəsiz ki, bu yanaşmanın formalaşdırılması, ilk növbədə bütövlükdə elm və elmi metodun, iqtisad elmi, onun metodu və öyrəndiyi obyektin xarakterinin düzgün dərk edilməsini tələb edir.
Elm (ing. science), latınca bilik mənası daşıyan “scienta” sözündən əmələ gəlmişdir. Müasir mənada elm, kainat, kainatdakı varlıqlar, hadisələr və proseslər haqqında ilkin biliklərdən çıxış edərək, onlara təcrübə ilə doğrulanmış izahlar vermə cəhdidir. Bu baxımdan elmin bilik, təcrübə ilə doğrulanma və izah etmə cəhdi olmaqla üç təməl komponentdən ibarət olduğunu görmək mümkündür.
Elmin əsas məqsədi reallığın nəzəri modelini formalaşdırmaqdır. Elm adamlarının reallığı model çərçivəsinə salmalarının iki əsas səbəbi var. Birinci səbəb, reallığın mürəkkəb görüntüsünü abstraktlaşdırma (varlıqların, hadisə və proseslərin əhəmiyyətsiz xassə və əlamətlərinin fikrən ayrılması, mühüm, əsas əlamətlərinin ümumiləşdirilməsi) yolu ilə sadələşdirərək onun dərk edilməsini asanlaşdırmaqdır. İkinci səbəb isə, hər dəfə qarşıya çıxan varlıqları, hadisə və prosesləri yenidən öyrənərək izah etmək əvəzinə əldəki modelə baxmaqla onu dərk etməyə çalışmaqdır.
Elmə həqiqəti ortaya çıxarmaq məqsədi daşıyan axtarış kimi də baxıla bilər. Bu baxımdan elmin təməlində tədqiqat dayanır. Tədqiqat hər hansı bir şeyi axtarıb tapma prosesidir. Hər hansı bir fenomenin doğru olub-olmadığını ortaya qoymaq üçün onunla bağlı tədqiqat aparmaq tələb olunur. Elmi bilik ancaq elmi tədqiqat nəticəsində ortaya çıxa bilər.
Müəyyən bir məqsədə və ya hədəfə çatmaq üçün istifadə edilən yola metod deyilir. Elmi tədqiqatlar da elmi metodla aparılır. Elmi metod isə bir neçə zəruri və ardıcıl mərhələni özündə birləşdirir: 1) Tədqiq ediləcək mövzunun açık şəkildə ifadə edilməsi; 2) Mövzu ilə bağlı məlumatların toplanması və müşahidələrin aparılması; 3) Hipotezin formalaşdırılması; 4) Hipotezin təcrübə, müşahidə və ölçmələrlə test edilərək doğruluğunun sınanması və ya yalnışlığının göstərilməsi; 5) Əldə edilən nəticələrin şərh edilərək müvafiq elmi qanun və nəzəriyyənin formalaşdırılması.
Elmin əsas vəzifələrindən biri hadisə və proseslər arasında səbəb-nəticə əlaqələrini üzə çıxarmaqdır. Bu baxmdan elmdə səbəb-nəticə əlaqələri üç yolla ortaya qoyulur: hipotez, elmi qanun və nəzəriyyə. Hipotez, hər hansı bir səbəb-nəticə əlaqəsinin hələ təcrübə və ya yetərli sayda müşahidə ilə isbatlanmadan ortaya qoyulmasıdır. Hipotezlər ilkin müşahidələrə əsaslanır, ispata ehtiyacı olan müddəalardır və doğrulanmaları tələb olunur. Hipotezlər adətən əksi subut olunana qədər doğru qəbul edilirlər. Səbəb-nəticə əlaqəsi üzərində qurulmuş hipotez çoxsaylı təcrübə və ya müşahidələrlə doğrulandıqdan və ya yalanlanmadıqdan sonra elmi qanuna çevrilir. Bir çox səbəb-nəticə əlaqəsinin birgə vahid disiplin formasında birləşdirilməsindən meydana gələn elmi biliklər məcmusu isə nəzəriyyə adlanır. Ancaq doğruluğunun qəbul edilmiş olması, zaman keçdikcə hər hansı hipotez, qanun və ya nəzəriyyənin yalnışlığının ortaya çıxarılmasına da maneə sayılmır.
Elmlər iki təməl qrupa ayrılır: 1) Kainatı və təbiəti öyrənən təbiət elmləri və ya fiziki elmlər; 2) İnsan və cəmiyyət davranışlarını öyrənən sosial elmlər. İqtisad, insan-təbiət, insan-insan, insan-cəmiyyət və insan-mal və xidmət əlaqələrini öyrənir. İnsanın təbiət ilə əlaqəsi əsasən istehsalda, insanla əlaqəsi ticarət və ya maliyyə xidmətləri sahələrində, cəmiyyətlə əlaqəsi iş həyatında, mal və xidmətlə əlaqəsi isə istehlak və investisiya fəaliyyətlərində özünü göstərir. İqtisad insan və cəmiyyət davranışlarını öyrənən elm olduğu üçün sosial elmlər sırasında qəbul edilir.
Bütün sosial elmlər kimi iqtisad da bir çox cəhətdən təbiət elmlərindən fərqlənir. Ancaq buna baxmayaraq, iqtisadın istifadə etdiyi kəmiyyət metodları və modellərə nəzər saldıqda təbiət elmlərinə ən yaxın sosial elm olduğu fikrini də irəli sürmək mümkündür.
İqtisadın təbiət elmlərindən fərqli mühüm xüsusiyyətlərindən biri hipotez, qanun və nəzəriyyələrinin zaman və məkana görə dəyişkən olmasıdır. İnsan və cəmiyyət davranışları dəyişdikcə iqtisadın qanunları da dəyişir. Buna görə də iqtisadi qanunlar və nəzəriyyələr, təbiət elmlərinin qanun və nəzəriyyələrinə görə daha asan və sürətlə dəyişə bilir. Məhz bu dəyişə bilmə xüsusiyyəti iqtisada böyük dinamizm verir. Elə bu səbəbdəndir ki, iqtisadda eyni mövzu ilə bağlı çoxlu sayda fərqli hipotez, qanun və ya nəzəriyyəyə rast gəlinir.
İqtisadın əsas məqsədlərindən biri iqtisadi dəyişənlər arasında səbəb-nəticə əlaqələrini açıqlamaqdır. Bütün elmlər kimi iqtisad da bu məqsədlə hipotez, qanun və nəzəriyyələr ortaya qoyur. Lakin təbiət elmlərindən əsas fərqi odur ki, hipotezlərin test edilməsində labaratoriya təcrübələrindən istifadə edə bilmədiyindən daha çox müşahidələrə və statistik testlərə üstünlük verir.
İqtisadı təbiət elmlərindən ayıran digər bir cəhəti də həqiqətin ortaya çıxarılmasında elmi abstraktlaşdırma yolundan geniş istifadə etməsidir. Bunun əsas səbəbi real iqtisadi həyatın son dərəcə mürəkkəb, çətin dərk edilən olmasıdır. Ona görə də bu mürəkkəb strukturu düzgün dərk etmənin, təhlil etmənin yolu belə abstraktlaşdırmalarla onu sadələşdirmək və izah oluna bilən səviyyəyə gətirməkdir.
İqtisadda modellər, hipotezlər qurularkən, abstraktlaşdırmalardan istifadə edilərkən ən çox istifadə edilən vasitələrdən biri də fərziyyələrdir. İqtisadın öyrənmə obyekti olan insan və cəmiyyət açıq sistem (ətraf mühitlə daim əlaqədə olan və orda baş verən dəyişikliklərdən təsirlənən) olduğu üçün bu elmdə modellər, hipotezlər, qanun və nəzəriyyələrin də müəyyən fərziyyələr çərçivəsində formalaşdırılması zərurətə çevrilir. Ən çox istifadə edilən fərziyyə də Latınca “Ceteris Paribus” olaraq ifadə edilən və mənası “digər şərtlər sabit qaldıqda” kimi açıqlanan fərziyyədir. Ona görə də iqtisadda hər hansı bir model əsasında fikir (və ya çox vaxt proqnoz) irəli sürən zaman həmin modelin əsaslandığı fərziyyələri də açıqlamaq və ya nəzərə almaq lazımdır.
İqtisad elminin düzgün dərk edilməsi üçün pozitiv və normativ iqtisad, mikro və makro iqtisad, iqtisadda qısa və uzun dövr ayrımlarına da diqqət yetirmək zəruridir.
Pozitiv iqtisad iqtisadın nəzəri hissəsidir. Pozitiv iqtisadda seçimlərə və inanclara yer yoxdur. Burada hər hansı bir fenomen elmi şəkildə ortaya qoyularaq təhlil edilir və irəli sürülən müddəaların doğru olub-olmadığının sübut edilməsi tələb olunur. Pozitiv iqtisad, iqtisadi sistemi səbəb-nəticə əlaqəsi çərçivəsində tədqiq edir və onun əsaslandığı iqtisadi qanunları üzə çıxarmağa çalışır.
Normativ iqtisad isə iqtisadın iqtisadi siyasətlə bağlı hissəsidir. Burada seçimlərə, başqa sözlə subyektiv hədəflərə yer verilir. Normativ iqtisad iqtisadiyyatın necə olmalı olduğu haqqında subyektiv mühakimələri özündə birləşdirir və müəyyən iqtisadi hədəflər üçün nələrin edilməli olduğunu tədqiq edir.
Mikroiqtisad, fərdin, firmanın, ayrı-ayrı qurumların davranışlarını, yanaşmalarını tədqiq edir. Fərdi istehlak, fərdi tələb, firma istehsalı, firma xərcləri, qurumların investisiyaları kimi məsələlər mikroiqtisad tərəfindən oyrənilir. Məcmu istehlak, məcmu tələb, məcmu təklif, məcmu yığım və ya məcmu investisiya, inflyasiya, işsizlik, iqtisadi artım kimi bütövlükdə cəmiyyəti maraqlandıran məsələlər makroiqtisad tərəfindən öyrənilir. İqtisadiyyatın mikro və makro səviyyələrdə öyrənilməsi zamanı diqqət edilməsi zəruri olan məqamlardan biri mikro səviyyədə doğru olanın çox vaxt makro səviyyədə doğru olmamasıdır. Məsələn, yığım mikro səviyyədə doğru davranış kimi qəbul edilir, ancaq bütövlükdə cəmiyyət yığımı artırmağa başladıqda məcmu tələb azala və iqtisadi artım üçün ciddi təhlükə yarana bilər. Bir sözlə, obrazlı ifadə edilərsə, “mikroiqtisad ağacları, makroiqtisad isə meşəni öyrənir” demək mümkündür.
İqtisadın qısa və uzun dövrə baxışı digər elmlərin baxışından fərqlənir. Məsələn maliyyə elmində qısa dövr 1 ildən qısa müddət üçün, orta dövr 1-5 illik müddət üçün, uzun dövr isə 5 ildən uzun müddət üçün istifadə edilir. İqtisadda isə qısa və uzun dövr zaman dilimləri ilə müəyyən edilmir. İqtisadda qısa dövr dedikdə, ən azı bir dəyişənin dəyişdirilə bilmədiyi zaman kəsimi nəzərdə tutulur. Məsələn, deyək ki, istehsalda istifadə edilən bütün faktorlar artırıldığı halda, kapital faktoru artırıla bilmir. Burada nə qədər ki, kapital faktoru artırıla bilmir, demək hələ söhbət qısa dövrdən gedir. Ona görə də qısa dövr bəzi hallarda 1 gün, bəzi hallarda 1 ay, bəzi hallarda 1 il və ya daha uzun müddət ola bilər. İqtisadda uzun dövrdedikdə isə bütün dəyişənlərin dəyişdirilə bildiyi, heç bir şeyin sabit qalmadığı dövrdür. Bu da bəzi hallarda 1 gün və ya daha qısa müddət ola bilər.
İqtisadçılar çox vaxt iqtisadi hadisə və prosesləri açıqlamada, eləcə də iqtisadi siyasət qərarlarına münasibətdə uzlaşa bilmirlər. Təhlillər göstərir ki, bu uzlaşmazlığın 3 başlıca səbəbi var:
1) İstifadə edilən modellər arasındakı fərqliliklər: İqtisadçılar təhlillərində hər hansı iqtisad məktəbinə (klassik, neoklassik, keynisçi, monetarizm və.s) bağlılıqlarından və subyektiv seçimlərindən irəli gələrək müxtəlif modellərdən istifadə edirlər. Bu modellər arasındakı fərqliliklər iqtisadi hadisə və proseslərin açıqlanmasında, eləcə də təklif edilən iqtisadi siyasətin hansı nəticələr doğuracağına münasibətdə iqtisadçılar arasında fikir müxtəlifliyi doğura bilər.
2) Kəmiyyət əlaqələrinin ölçülməsindəki fərqliliklər: İqtisadçılar, hətta eyni modeldən istifadə etsələr belə, əgər təhlillərindəki kəmiyyət ölçmələrinin nəticələrində fərqliliklər ortaya çıxarsa, bu, onlar arasında fikir müxtəlifliyinə də səbəb ola bilər.
3) İqtisadçıların sahib olduğu dəyərlər arasındakı fərqliliklər: İqtisadçılar digər peşələrin nümayəndələri kimi adətən fərqli dəyərlərə (sağçı, solçu, feminist və.s) sahib olurlar. Onlar iqtisadi siyasətdəki dəyişikliklərin nəticələrini (və ya təsirlərini) sahib olduqları dəyərlər baxımından qiymətləndirirlər. Buna görə də hər hansı təklif edilən iqtisadi siyasəti təhlil etdikləri zaman fərqli nəticələrə gəlmələri mümkündür.
Heç şübhəsiz ki, iqtisadın yuxarıda qeyd etdiyimiz bəzi xarakterik xüsusiyyətləri və iqtisadçıların çox vaxt öz aralarında uzlaşa bilməmələri zamanla bu elmin elm olub-olmaması ilə bağlı müzakirələrin ortaya çıxmasının əsas səbəbidir. Ancaq oxşar xarakterik cəhətlər digər sosial elmlərə də xasdır və onda bu məntiqdən çıxış edərək, sosiologiya, psixologiya, tarix, hüquq, politologiya və digər sosial elmlər də elm hesab edilməməlidir. Bu isə sosial elmlərin təbiətini dügün dərk etməmək və ya bir qədər yumuşaq desək onları nəzərə almamaqdan doğan yalnış tezis olardı.
İqtisadın elmi olmadığı tezisini irəli sürərək (bunların arasında adının qarşısına “iqtisad doktoru” yazanlar da çoxdur) bu yalnışa düşənlərə ən tutarlı cavablardan biri vaxtı ilə Türkiyədə doğulmuş, təhsil almış və hazırda dünyanın ən məşhur iqtisadçıları arasında olan Dani Rodrikdir. İqtisadın elm olmasına şübhə edənlərin şübhələrinin daha çox bu elmin təbiətini düzgün anlaya bilməmələrindən doğduğuna inanan Rodrik, 2015-ci ildə yazdığı “İqtisadın qaydaları: iqtisad nə üçün işə yarayır, nə vaxt uğursuz olur və aradakı fərqi necə anlamaq olar” (Economics Rules: Why Economics Works, When It Fails, and How to Tell the Difference. First Edition, Oxford University Press) adlı kitabında iqtisadı doğru anlamaları üçün həm iqtisadçılara, həm də iqtisadçı olmayanlara aşağıdakı iyirmi prinsipə əməl etmələrini tövsiyə edir:
İqtisadçılar üçün:
1) İqtisad modellər kolleksiyasıdır; müxtəlif növ modellərin olduğunu unutmayın.
2) Əlinizdəki model yeganə model deyil, mövcud modellərdən yalnız biridir.
3) Modelinizi səbəb-nəticə əlaqəsinin necə işlədiyini ortaya qoyacaq qədər sadə qurmağa çalışın, ancaq səbəblər arasında başlıca qarşılıqlı əlaqələri nəzərədən qaçıracaq qədər sadə olmamasına diqqət edin.
4) Modellərdə real olmayan fərziyyələrdən istifadə edilə bilər, ancaq real olmayan mühüm fərziyyələrdən istifadə edilə bilməz.
5) Dünya (demək olar ki) həmişə ikinci ən yaxşıdır.
6) Modeli real dünyaya uyğunlaşdırmaq üçün açıq empirik diaqnostika metodlarınızın olması tələb olunur; bunlar da elmdən daha çox sənətdir.
7) İqtisadçıların müəyyən məsələlərdə həmfikir olmasını real dünyanın necə işlədiyini dəqiq bilmələrindən irəli gəldiyini sanmayın.
8) İqtisadiyyat və ya siyasət mövzuları haqqında sual verildiyi zaman “bilmirəm” söyləmək pis iş deyildir.
9) Unutmayın ki, səmərəlilik hər şey demək deyildir.
10) Cəmiyyətin dəyərlərini öz dəyərlərinizlə əvəz etməklə mütəxəssis olmanızdan sui-istifadə etməyin.
İqtisadçı olmayanlar üçün:
1) İqtisad əvvəlcədən müəyyən edilmiş nəticələri olmayan modellər kolleksiyasıdır. Bunun əksini iddia edən heç bir tezisi qəbul etməyin.
2) İqtisadçıların modellərini fərziyyələrinə görə tənqid etməyin. Qüsurlu bəzi fərziyyələrin daha doğru olanları ilə əvəz edilməsi halında nəticələrin necə dəyişəcəyini onlardan soruşun.
3) Təhlillər sadəlik tələb edir. Özünə mürəkkəblik bəzəyi verən əsassızlıqlara qarşı diqqətli olun.
4) Riyaziyyatın gözünüzü qorxutmasına imkan verməyin. İqtisadçılar ağıllı olduqları üçün yox, yetərli qədər ağıllı olmadıqları üçün riyaziyyatdan istifadə edirlər.
5) İqtisadçılar müəyyən məsələlərdə tövsiyələr verdikdə, əsaslandıqları modelin mövcud vəziyyət üçün uyğun olduğunu haradan bildiklərini soruşun.
6) İqtisadçılar “iqtisadi rifah” terminindən istifadə etdikdə, bununla nəyi nəzərdə tutduqlarını soruşun.
7) İqtisadçıların ictimaiyyət qarşısında seminar otaqlarında danışdıqlarından fərqli danışa biləcəklərini unutmayın.
8) Bütün iqtisadçılar bazara tapınmır. Ancaq bazarın necə işlədiyini sizdən yaxşı bilirlər.
9) Əgər bütün iqtisadçıların eyni olduğunu fikirləşirsinizsə, verdikləri seminarlardan birində iştirak edin.
10) Əgər iqtisadçıların iqtisadçı olmayanlara qarşı xüsusilə qaba olduqlarını düşünürsünüzsə, verdikləri seminarlardan birində iştirak edin.
İqtisadın elm olub-olmaması ilə bağlı müzakirələrin bir daha qızışdığı 2013-cü ildə həmin il iqtisad üzrə Nobel Mükafatı almış Robert Shiller “İqtisad elmdirmi?“başlıqlı bir məqalə yazmışdı. Bu məqalədən sonra Harvard Universitetinin iqtisad professoru Raj Chetty Shillerə dəstək xarakterli “Bəli, iqtisad elmdir” adlı məqalə yazdı. O zaman bu müzakirələrə qoşulan iqtisad üzrə Nobel Mükafatı laureatı Paul Krugman məqaləsinə belə bir maraqlı başlıq seçmişdi: “Bəlkə də iqtisad elmdir, ancaq bir çox iqtisadçı elm adamı deyil“. Krugman məqaləsində köhnə doqmalardan inadla əl çəkməyən, bununla da iqtisadı elmdən daha çox dinə çevirən iqtisadçıları tənqid edirdi.
Krugmana bu baxımdan haqq qazandırmamaq mümkün deyildir. Heç şübhəsiz ki, daha təkmil iqtisadi modellərə, nəzəriyyələrə keçid verməyən, köhnə modelləri, nəzəriyyələri doqmaya çevrirərək iqtisad elmini elm adamları və geniş ictimaiyyət arasında “aciz” göstərən iqtisadçıların, iqtisadın elm olması haqqında şübhələrin yaranmasında rolu böyükdür. Ancaq onu da nəzərə almaq lazımdır ki, Krugman bu fikrə daha çox inkişaf etmiş ölkələrin təcrübəsi əsasında gəlmişdir. Bu baxımdan inkişaf etməkdə olan ölkələrə, xüsusilə də post-sovet məkanına nəzər saldıqda, bu iqtisadçıların sırasına iqtisadı bilməyən və ya yetərincə bilməyən iqtisadçıları da əlavə etmək mümkündür…