Təhsil Nazirliyi karantin rejimi elan olunduğu üçün online dərslərə üstünlük verdi. Amma hazırlıq kurslarında vəziyyət bir qədər fərqlidir. Mütəxəssilər hesab edir ki, vətəndaşlar hazırlıq kurslarında onlayn təhsilə asanlıqla transformasiya edə bilmirlər. Bu da özəl tədris mərkəzlərinin fəaliyyətini sıfırlayır.
“Barattson” tədris mərkəzinin müddətli icraçı direktoru Zeynal Zeynalov FED.az-a bildirib ki, karantin rejimi tədris mərkəzinin işinə ciddi təsir edib: “Ümumiyyətlə, demək olar ki, mövcud durum mərkəzi iflic vəziyyətinə qoyub. Gündəlik maliyyə axını dayanıb»
Tədris Mərkəzi bu vəziyyətdə işçilərin sonuncu maaşını çətinliklə ödəyib: «Əməkdaşların əməkhaqlarını borc-xərclə vermişik. Ciddi zərərdəyik. Əgər vəziyyət 1 ay da belə davam etsə, tədris mərkəzi müflisləşməyə doğru gedəcək».
İcraçı direktor zərərin kompensasiyası üçün hökumətdən dəstək gözlədiklərini də deyib: «İtirdiklərimiz qaytarılsa, bu bizə kifayət edir. Əsas əməkhaqqı fondudur ki, əməkdaşların, müəllimlərin maaşını verə bilək. Əməkdaşlarımızın bəziləri muzdludur, bəziləri də əmək müqaviləsi ilə çalışır».
Zeynal Zeynalov vəziyyətdən çıxmaq üçün karantin müddətində onlayn dərslər keçməyin zəruriliyini də qeyd edib: « Onsuz da bütün dünya müxtəlif proqramlar vasitəsilə onlayn tədrisi davam etdirir. Amma insanların onlayn dərs sisteminə uyğunlaşması vaxt aparacaq. Yəni sıfırdan transformasiya».
Zeynal Zeynalov vəziyyətdən çıxmaq üçün yollardan biri kimi, dövlətdən faizsiz və müəyyən güzəştlər çərçivəsində kredit ayrılması görür: «Müəyyən kompensasiya şəklində olarsa, bu məsələ həllini tapar».
İş adamı biznes sektorunda rəqabətin vacibliyini də qeyd edir: «Kimsə vergidən yayınaraq, mənimsədiyi sərvət sayəsində düzgün olmayan rəqabətə girir, nəticədə düzgün fəaliyyət göstərənlər müflisləşir. Müflis olmamaq üçün alternativ yollara əl atırsan, onun da öz problemləri ortaya çıxır».
Tədris mərkəzini indiki durumdan çıxarmaq üçün nə qədər vəsaitə ehtiyac olmasına gəlincə, Zeynal Zeynalov bildirir ki, bununla bağlı dəqiq rəqəm demək çətindir: «Ümumilikdə tədris mərkəzinin zərəri hesablanmalıdır və şərtlər də qoyulmalıdır. 5 il ərzində müflis olmamaq üçün bir mexanizm çalışdırmışam. Bu gün Azərbaycanda «təhlüksəzilik yastığı» yaradan qurumlar çox azdır. 5 ilə nələrisə ortaya çıxartmışamsa, itirdiklərimi heç olmasa minimum 5 illik faizsiz güzəştlə mənə verilməlidir ki, fəaliyyət göstərim, sonra borcumu qaytarım».