Məzunlarının işə qəbul edilməsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNES) işəgötürənlər – biznes qarşısında öhdəlik götürür.
FED.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov feysbuk səhifəsində paylaşım edib.
“Belə ki, işə götürüldüyü tarixdən 3 il müddətində işəgötürən tərəfindən UNEC məzununun hər hansı zəif bilik və bacarıqları aşkarlanarsa, işəgötürənin sifarişi əsasında həmin zəif bilik və bacarıqların UNEC tərəfindən və UNEC hesabına aradan qaldırıması təmin edilir”, - deyə rektor qeyd edib.
Qeyd edək ki, ölkədə iqtisadi sahə üçün kadrların hazırlanmasında aparıcı ali məktəb olan UNEC artıq bir müddətdir ki, məzunlarının əmək bazarlarının tələblərinə cavab verməsi və işəgötürənlər, xüsusilə də biznes üçün yararlı olması üçün addımlara başlayıb.
Hələ bir neçə ay əvvəl, UNEC-in Aqrar Sığorta Fondu ilə əməkdaşlıq sazişi imzalanması mərasimində Ə.Muradov bildirmişdi ki, yeni tətbiq ediləcək yanaşmaya əsasən əgər UNEC-in məzunları öz iş yerlərində biznesin tələblərini ödəyə bilməsələr və ya bilik və bacarıqları lazımi səviyyədə olmasa, universitet öz hesabına təşkil edəcəyi kurslar və təlimlərlə bu geriliyi aradan qaldıracaq.
«İşə qəbulla bağlı müsahibə zamanı UNEC tələbələrinin zəif cəhətlərini bildirdikləri təqdirdə, məzun olana qədər həmin tələbələrin həmin zəifliyinin aradan qaldırılması üçün işəgötürənin verdiyi proqram əsasında UNEC tərəfindən pulsuz kurs təşkil edilir»-deyə bildirilir.
Qeyd edək ki, UNEC öz məzunlarının işlə təmin olunması məqsədilə ölkə biznesi ilə yeni əməkdaşlığa başlayıb. Bunun üçün yaradılan «UNEC2B» Platforması çərçivəsində tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və UNEC məzunlarının işlə təmin olunmasında birgə fəaliyyət təmin ediləcək.
«UNEC2B» Platformasının əsas istiqamətləri aşağıdakılar olacaq:
UNEC məzunlarını işə götürdüyü halda 3 il ərzində işəgötürənlərin sifarişi əsasında “servis xidməti”, yəni onlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil edilir;
İşəgötürənlərin təklifi əsasında müxtəlif ixtisasları təmsil edən tələbələrdən ibarət komanda şəklində mütəxəssis hazırlığı həyata keçirilir.
UNEC məzunlarını işə götürmək istədikləri halda işəgötürənlərə yardım etmək üçün onların bilik və bacarıqlarını diaqnostika etmək məqsədilə beynəlxalq praktikada qəbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır və onun xidməti təşkil edilir.
UNEC məzunlarının iş və işəgötürənlərin tələb olunan peşəkarları tapmasına yardım etmək məqsədilə daimi əsasda fəaliyyət göstərən job.unec.edu.az virtual əmək birjası təşkil edilir.
Yerli sahibkarların istehsal etdiyi məhsulların ixracının təşviqi və dünya bazarında online marketinq araşdırmasının aparılması məqsədilə UNEC Digital Marketinq Mərkəzinin xidmətləri təklif edilir.
Ən maraqlı yanaşmalardan biri də odur ki, işəgötürənlər istədikləri halda onların universitet və fakültə rəhbərliyində təmsil olunmasına şərait yaradılır.