“Azərbaycanda təhsil sistemində yeni bir yanaşma tətbiq edilir. Təbii ki, dərsliklərin həcmi həftəlik dərs yükünə bağlıdır. Amma hazırda tətbiq edilən yeni yanaşmaya əsasən həcmi çox olan ana dili və riyaziyyat dərslikləri iki hissədən ibarət olacaq”.
FED.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yanaşma artıq həyata keçirilmə üzrədir: “Bu yanaşmanın özünü doğrultmasından asılı olaraq yekun qərar qəbul olunacaq. Dərsliklərin məzmununun təkmilləşdirilməsi prosesi qanunverciliyə uyğun olaraq həyata keçirilir. Dərsliklər dörd ildən bir tamhəcmli formada yenidən çap olunan zaman yeni redaksiyada təqdim edilir. Bu müddət ərzində yığılmış təkliflər nəzərə alınır”.
Eləcə də bax: Azərbaycanın bu universitetlərinin diplomu Türkiyədə tanınmayacaq – SİYAHI
C.Bayramov Azərbaycanda yeni proqrama uyğun olaraq ümumtəhsilin bütün səviyyələrində 1-ci sinifdən 11-ci sinifə qədər yeni dərsliklərin tətbiqinin həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində bu proqram artıq 11-ci siniflərə şamil edilib. O, bununla da bu tipli dərsliklərin yenilənməsi prosesinin başa çatdığını vurğulayıb.
Nazir Azərbaycanda ehtiyat dərsliklərin yaradılması işinə başlanıldığını bildirib:
“Təhsil Nazirliyi alternativ olaraq qanunvericiliyə uyğun olaraq edilmiş dəyişikliyə əsasən ehtiyat dərsliklərin yaradılması işinə başlayıb. Ehtiyat dərsliklərin yaradılması ilk olaraq ibtidai təhsil pilləsindən başlanılıb. Hazırda 1-ci siniflər üçün ana dili və riyaziyyat fənləri üzrə ehtiyat dərslikləri yaradılıb. Artıq bir il ərzində yüzdən çox məktəbdə bu prosesin tətbiqinə başlanılıb. Növbəti ildə də bu prosesin pilot səviyyəsində tətbiqi planlaşdırılır. Gələn il 2-ci siniflər üçün ana dili və riyaziyyat dərsliklərinin pilot səviyyədə tətbiqi nəzərdə tutulub”.