Cənubi Afrikadan olan 16 yaşlı qız torpağın suyu saxlaması üçün portağal qabığından istifadə edərək ucuz hopdurucu maddə hazırladığına görə Google şirkətinin mükafatına layiq görülüb. BBC məlumat verir ki, Kiara Nirghin "meyvə ilə quraqlığa qarşı" layihəsi ilə yarışda mübarizə aparan digər şagirdlər arasında qalib gələrək 50,000 dollarlıq mükafata layiq görülüb. Onun bu işi Cənubi Afrikadakı son quraqlığa cavab olaraq hazırlanıb. Belə ki, 1982-ci ildən bəri baş vermiş ən pis quraqlıq məhsul qıtlığına və heyvanların ölümünə səbəb olub.
Yohannesburqda Anqlikan Kilsəsi tərəfindən maliyyələşən St. Martin orta məktəbinin şagirdinin 45 gün ərzində apardığı üç eksperiment "portağal qabığı qarışığı" ixtirasına gətirib çıxarıb.
Şagirdin dediyinə görə, maddə şirə istehsalı sənayəsinin tullantılarından hazırlanıb. Ona portağal qabığındakı molekullar və avokado qapığındakı təbii yağlar daxildir. "Portağal qabığı məhlulunun hazırlanması üçün yeganə vəsait elektrik enerjisi və vaxtdır. Bunun üçün heç bir xüsusi avadanlğa ehtiyac yoxdur" - Nirghin bildirib.
Californiada keçirilən illik sərgidə mükafata layiq görülmüş şagird ümid etdiyini bildirib ki, ixtirası fermerlərə məhsullarını xilas etməkdə və pula qənaətdə kömək edəcək.
Qeyd edək ki, müsabiqədə 13-18 yaş arası uşaqlar iştirak edə bilər.