Müəllif: Elvin Nəsibov, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı
Heç bir rüsum olmadan, idxal, satış, əlavə dəyər və sairə kimi vergilərin nəzərə alınmadığı bir şəraitdə hər hansı bir əmtəəni ala bilmək vəziyyətini ifadə edir. Rüsum və ya vergilərin olmadığı dükanlar beynəlxalq səfərlərin cazibədar xüsusiyyəti hesab olunur.
Belə pərakəndə ticarət müəssisələri istehlak məqsədi ilə ölkədən çıxarılacağı anlayışı ilə rüsum və vergilərdən azad olan malları satır. Hava limanı mağazalarında rast gəlinən bir çox məşhur vergidən azad məhsullara əsasən içki, şokolad və ətir kimi məhsullar daxildir.
Duty-Free necə işləyir?
Normal şəraitdə alış-veriş etdiyiniz zaman idxal, satış, əlavə dəyər (ƏDV) və ya aldığınız mallara görə digər yerli vergi və ya rüsumları ödəməyiniz lazım gəlir. Bununla belə, beynəlxalq hava limanlarında, dəniz terminallarında, kruiz gəmilərində və beynəlxalq aviareyslərdə alış-veriş edərkən, alış-verişiniz neytral ərazidə, heç bir dövlətin vergi və ya rüsumu tətbiq edilmədən icra olunurmuş kimi hesab olunur.
Avropa İttifaqında (Aİ) rüsumsuz alış-verişin bir geridönüş sistemi mövcuddur. Aİ ölkələri arasında səyahət edərkən səfərdə aldığınız mallara görə həmin dövlətdə qüvvədə olan rüsum ödənilir və ya vergi tutulur. AB ölkəsinə səyahət edərkən və ya ölkədən kənara çıxdığınız zaman məhsullar üzrə ödədiyiniz əlavə rüsum və ya vergi ödənişi geri qaytarılır. Yəni səyahət edən şəxs Avropa İttifaqı ölkələrində tətbiq olunan əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etməlidir.
"Duty Free" adı ilə tanınan dükanlar dəbdəbə, zənginlik ab-havası yaratmaq məqsədilə bir sıra hallarda premium markalı çox bahalı mallar və ya ev sahibi ölkəyə aid yüksək keyfiyyətə malik, bəzən də əl işi olan dəyərli xatirə əşyaları da satırlar.
Duty-Free mağazalarda bir sıra mallar ölkə daxilində satılanlarla müqayisədə niyə bu qədər ucuzdur?
Siz öz ölkənizdə müəyyən mallar aldıqda, ümumi qiymətə idxal, satış və əlavə dəyər kimi vergi və ya rüsumlar da daxil olur. Duty Free mağazalarda alış-veriş zamanı isə siz həmin xüsusi vergiləri ödəmirsiniz, ona görə də məhsul daha ucuz olur.
Duty-Free qaydaları nədir?
Xüsusi hallar ilə bağlı rüsum və ya vergilərdən azad alış-verişlər ilə bağlı bəzi istisnalar ola bilər; lakin, əsas qayda ondan ibarətdir ki, siz yalnız bir ölkəni və ya ərazini tərk edib digərinə gedərkən rüsum və ya vergilərdən azad məhsul ala bilərsiniz. Çünki əldə edəcəyiniz məhsulun artıq həmin ölkə ərazisində istehlak edilməyəcəyi dəqiqdir.
Nə qədər Duty Free məhsulu ilə ölkəyə daxil ola bilərəm?
Hər bir dövlətdə rüsum və ya vergidən azad məhsulun ölkəyə daxilolmasında xüsusi norma və ya limitlər mövcuddur. Bu məhdudiyyətlər ümumiyyətlə ölkəyə qaytarılan malların dəyərinə və ya miqdarına şamil edilir. Xüsusi məhdudiyyətləri öyrənmək üçün ölkənizə aid müvafiq qurumlardan, onların veb-saytlarından məlumat əldə edə bilərsiniz.
Mənbə: Investopedia.com