Novruz bayramı süfrələri ənənəvi olaraq bol çeşidli yeməklər və ənənəvi şirniyyatlarla zəngindir. Bu bolluq fonunda düzgün və balanslı qidalanmaq sağlamlığın qorunması üçün vacibdir.
Mütəxəssislər bildirirlər ki, bayram günlərində həddindən artıq qida qəbulu mədə-bağırsaq sistemində narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən qidalanmada diqqətli olmaq vacibdir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində sağlam qidalanma ilə bağlı tövsiyələrini açıqlayıb.
Tövsiyə 1: Balanslı qidalanma üçün hər yeməkdə zülal, yağ, karbohidrat və lif tərkibli qidaların uyğun nisbətdə qəbul edilməsi tövsiyə olunur.
Tövsiyə 2: Mövsümi tərəvəz salatlarının süfrədə yer alması həm toxluq hissini artırır, həm də həzmi asanlaşdırır.
Tövsiyə 3: Bir yemək zamanı həddindən artıq çeşid istehlakından uzaq durmaq məqsədəuyğundur.
Tövsiyə 4: Qidaların seçiminə gəldikdə, qızardılmış yeməklər əvəzinə sobada bişmiş ət və balıq məhsullarına üstünlük verilməlidir.
Tövsiyə 5: Salatlarda mayonez yerinə qatıq, xama və ya kefir əsaslı souslardan istifadə daha sağlam seçim hesab edilir.
Tövsiyə 6: Xüsusilə balıq yeməklərinin tez istehlak olunması məsləhətdir.
Tövsiyə 7: Novruzun ayrılmaz hissəsi olan şirniyyatlar – şəkərbura, paxlava və digər təamlar yüksək kalorili olduğundan porsiyalara nəzarət edilməlidir. Xörəkdən dərhal sonra şirniyyat yemək çəki artımına səbəb yaradır.
Tövsiyə 8: Çərəzlərin gündəlik kalori qəbulunu artırdığı nəzərə alınmalı və miqdarı məhdudlaşdırılmalıdır.
Tövsiyə 9: Qidalanma zamanı davranış qaydaları da mühüm rol oynayır. Yeməklərin yavaş yeyilməsi doyma siqnalının vaxtında yaranmasına kömək edir və həddindən artıq yemənin qarşısını alır. Suyun isə yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə içilməsi faydalıdır.
Tövsiyə 10: Bayram günlərində fiziki aktivliyi qorumaq önəmlidir. Gəzintilər və yüngül idman hərəkətləri artıq qida qəbulunun mənfi təsirlərini minimuma endirir.
«Sağlam qidalar seçmək, porsiyalara nəzarət etmək və aktiv həyat tərzini davam etdirməklə Novruz bayramını həm ləzzətli, həm də sağlam keçirmək mümkündür”, - deyə məlumatda bildirilir.












