Azərbaycanın quş əti idxalına xərci artıb. Belə ki, rəsmi məlumata görə, bu ilin ilk 8 ayında ölkəyə 31 milyon 969 min ABŞ dolları dəyərində 8 min 147 ton quş əti idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 27,7 min ton, dəyər baxımından isə 42,6 milyon ABŞ dolları çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.
Marketlərdə ət və ət məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (Oktyabr, 2024)
Bəs ölkənin quş əti idxalına xərcinin artması daxili bazarda qiymətlərə necə təsir göstərəcək?
FED.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib ki, ölkənin ətə tələbatının artması onun idxalını artırıb.
O bildirib ki, qırmızı ətin qiymətində fərqin yaranması toyuq ətinə tələbatı artırıb.
Mütəxəssisin sözlərinə görə, buna baxmayaraq, hazırda ölkədə kifayət qədər toyuq əti ehtiyatı mövcuddur:
“Ümumiyyətlə, ola bilər ki, ət idxalına tələbat artıb. Ancaq hazırda toyuq əti istehsalı ilə bağlı heç bir problemimiz yoxdur. Kifayət qədər toyuq əti istehsalı var. Keçən il 150-160 min ton toyuq əti istehsal etmişdik. Bu il də istehsal, demək olar ki, tələbatı tam qarşılayır. Belə ki, bu ilin sonuna 160-170 min ton arası toyuq əti istehsalı gözlənilir”.
“Sadəcə qırımızı ətin qiymətinin qalxması toyuq ətinə tələbatı daha da artırıb. Bununla yanaşı, toyuq ətinin daha sağlam və daha ucuz olması tələbata təsir göstərib və ildə-ilə bu tələbat daha da artır”, - deyə M.Həsənli vurğulayıb. (Trend)