Son illərdə Azərbaycanda bal istehsalı əhəmiyyətli dərəcədə genişlənib. Əvvəllər arıçılıq əsasən dağlıq rayonlarla məhdudlaşırdısa, hazırda aran bölgələrində də bu sahəyə maraq artmaqdadır. Ölkəyə məhsuldarlıq səviyyəsi yüksək olan yeni arı sortları gətirilir və bu, həm istehsal həcminin, həm də keyfiyyətin artmasına səbəb olur.
FED az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirlinin sözlərinə görə, hazırda bal istehsalında artım müşahidə edilsə də, bazarda qiymətlərin bahalaşması daha çox ümumi inflyasiya ilə müşaiyət olunur.
Eskpertin sözlərinə görə Azərbaycanda ümumi qiymət artımı fonunda balın 8–10 faiz bahalaşması təəccüblü deyil. Bu məhsul üzrə qiymət hələlik tələb və təklifin təsiri ilə deyil, ümumi iqtisadi şərait əsasında formalaşır:
“Azərbaycanda əhali arasında bala kütləvi tələbat hələ formalaşmayıb. Əgər ölkə əhalisinin hər biri ildə yalnız 1 kiloqram bal alsa belə, mövcud istehsal tələbatı qarşılamaq üçün yetərli deyil. Bu səbəbdən də bal hələlik gündəlik tələbat məhsulu kimi qəbul olunmur. Əsas istehlakçılar daha çox rayonlarda yaşayan insanlardır. Eyni zamanda, geniş istehlaka keçid üçün bu istiqamətdə güclü reklam və maarifləndirmə fəaliyyətlərinə də ehtiyac var”.
İdxal məsələsinə toxunan Akif Nəsirli onu da vurğulayıb ki, Azərbaycana əsasən Rusiya, Ukrayna, Türkiyə və Qazaxıstandan bal gətirilir:
“Bu məhsulların özünəməxsus müştəri seqmenti var və bəzi alıcılar idxal məhsullarına daha çox güvənir. Nəticədə bu, yerli bazarda rəqabəti artırır və yerli istehsalçının payını bir qədər məhdudlaşdırır”.
İqtisadçı əlavə edib ki, daxili bazarda mövcud olan çətinliklərə baxmayaraq, məhsuldar arı ailələrinin artırılması istiqamətində ciddi addımlar atılır:
“Əvvəllər ildə 15–20 kiloqram bal verən arı ailələrinin əvəzinə, indi ildə 50–100 kiloqram məhsul verən yeni sortlar gətirilir. Bu isə gələcəkdə daxili bazarda məhsul bolluğu yaradaraq qiymətlərə də təsir göstərə bilər”.
A.Nəsirli sonda, bal istehsalının genişlənməsi ilə paralel olaraq bu sahədə dövlətin dəstəyinin vacibliyi məsələsinə də toxunub. Onun fikrincə, gələcəkdə daxili bazarın qorunması və yerli istehsalçıların rəqabət qabiliyyətinin artırılması üçün hökumət tərəfindən əlavə tənzimləyici və stimullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac yaranacaq. (Modern.az)