Norveçli gənclər üçün birdəfəlik ev təsərrüfatı gəliri 13 faiz artırılıb. Halbuki dünyanın digər güclü iqtisadiyyatlarında bu barədə geriləmə yaşanır. Bəs qızıl era nə qədər davam edəcək?
Hazırda Qərb ölkələrinin gəncləri valideynlərindən daha kasıb böyüyən ilk nəsildir. Bəs necə olur ki, sözügedən ölkənin gəncləri bu trendin əksinə yaşaya bilirlər.
1980-ci illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinə qədər doğulan və ABŞ, Britaniya və bir çox digər ölkələrdə yaşayan gənclərin universitet borcları və ev xərcləri haqqında artan məlumatlar heç də yeni xəbər deyil.
Bir sıra araşdırmalar da göstərir ki, tarixdə özündən əvvəlki nəsillərdən ən kasıb sayılan ilk nəsil məhz günümüzün gəncləridir.
Lakin Avropanın ən şimal ölkəsində hər şey daha fərqli həll olunur.
Daha çox Vikinq tarixi, qış idman növləri və füsunkar fiyordları ilə məşhur olan Norveç, Avropa üzrə gəncləri daha varlı etməyə çalışan yeganə böyük iqtisadiyyata çevrilir.
Norveçdə erkən otuz yaşlarında olan insanların orta illik ev təsərrüfatı gəliri 460.000 krondur (təxminən 95.800 manat).
Gənc norveçlilər üçün X Nəsli (1966 və 1980-ci illər arasında doğulanlar) ilə müqayisədə birdəfəlik ev təsərrüfatı gəliri 13% artıb. Bu böyük göstərici, dünyanın ən böyük müqayisəli sərvət məlumatları şirkəti olan Lüksemburq Gəlir Məlumat Bazası (Luxembourg Income Database) tərəfindən qeydə alınıb.
Bu yaxınlarda düşüncə mərkəzi Qətnamə Fondunun (The Resolution Foundation) Britaniyada generasiya gəlirləri ilə bağlı məruzəsində də mövzu təhlil olunub.
Bunu dünyanın başqa güclü iqtisadiyyata malik ölkələri ilə müqayisə edək: ABŞ-lı gənclər üçün 5% azalma müşahidə edilib, Almaniyada isə 9%.
Cənubi Avropada yaşayanlar isə (cənubi Avrozona 2008-ci ildə dünya iqtisadi böhranından ən çox əziyyət çəkən ərazi olub) birdəfəlik gəlir nə az, nə çox düz 30% aşağı enib.
Norveçin işsiz gənclərinin (15 və 29 yaş arası) sayı da nisbətən aşağıdır: İƏİT ölkələri üçün orta 13.9 faizlə nisbətdə 9.4 faiz.
Şanslı vəziyyət
Norveçin paytaxtı Osloda nadir görünən qızmar bir gündə ölkənin payına düşən təbiətdən həzz almayan yerli gənc görməmək mümkün deyil.
"Heç vaxt pulumu necə xərcləyəcəyim haqqında düşünmürəm," 25 yaşlı bakalavr məzunu Aleksander Aarnes deyir.
"Haradasa ayda bir dəfə teatra və kinoteatra gedirəm. Gəzməyə çıxıb dostlarımla yeyib-içə bilərəm... tətilə də gedirəm."
Aarnes musiqili teatr ssenaristi karyerası üzərində çalışır, amma hələ heç nəyə nail olmadığına görə başqa yolla pul qazanır. O, pastel rəngli böyük taxta evlərlə dolu şəhərkənarı Korsvollda yerləşən bir dükanda həftədə bir və ya iki növbə işləyərək maaş alır.
Aarnes, şəhər mərkəzindən avtobusla 20 dəqiqə uzaqda yerləşən başqa bir şəhərkənarı qəsəbədə mənzildə dostu ilə yaşayır.
"Mən içində olduğum şanslı vəziyyəti başa düşürəm... istədiyim karyeraya nail olmaq üçün çox qurban vermək məcburiyyətində deyiləm," o deyir.
Aarnesin saatbaşına gəliri 164 norveç kronudur (təxminən 34 manat) və həftəsonu və axşam növbələri bu rəqəm daha artıq olur.
Vergilərdən sonra (Skandinaviyada vergilər nisbətən yuxarıdır) onun əlində 14.000 kron qalır (təxminən 2900 manat). Onun yarısını kirayə, səyahət və kommunal xərclərə ayırır və qalanını "ürəyi istəyən şey üçün" istifadə edir.
Korsvollun başqa bir küçəsində yaşayan Oystein adlı 31 yaşlı biznes təhlilçisi BMW markalı avtomobilinə kabab çəkmək üçün əşyalar yığır. O, tam adını vermək istəmir və "Norveç zəngin ölkə olsa da, insanlar şəxsi var-dövləti haqqında danışmağı sevmir" iddiasındadır.
Lakin etiraf edir ki, 27 yaşında üç otaqlı mənzil almağa gücü çatacaq qədər pul qazanır və tez-tez ABŞ və Asiyaya tətilə gedir.
Bəs Norveç nəyi fərqli edir?
Gənc norveçlilərin fantastik həyat tərzinin böyük hissəsi ölkənin sürətli iqtisadi inkişafına bağlıdır.
1980 və 2013-cü illər arasında yüksək gəlirli istənilən nəhəng iqtisadiyyata nisbətən ən böyük inkişaf keçirən ölkə, hazırda sərvət və rifah üzrə çoxsaylı qlobal sıralamalarda birinci gəlir. Qlobal böhranı da geridə qoyub.
Norveç ötən il dünya üzrə 100 ölkəni təhlil edən Legatum Xoşbəxtlik İndeksi (Legatum Prosperity Index) üzrə birinci olub.
Xalqın son üç onillikdəki iqtisadi inkişafının arxasında dayanan faktor şübhəsiz ki, Norveçin böyük neft və qaz sektorudur.
Osloda yerləşən BI Norveç Biznes məktəbindən iqtisadiyyat üzrə professor Hilde Bjornlanda görə, əsas məsələ Norveçin nə qədər pul qazanması yox, həmin pul ilə nə etməsidir.
"Ölkə neftdən gələn gəlirin bir hissəsini ehtiyatda saxlasa da, qalan hissəsini cəmiyyətə yatırıb," o deyir.
"Yəni az sayda insanın qazanmağındansa, bu sərvətə çox sayda insanın əli çatır."
Bunu isə Norveç dünyanın ən geniş suveren sərvət fonduna yerləşdirərək edib. Bir sözlə, bu nəhəng pul bankası, 9000-dən çox şirkətə yatırım edərək pul qazanır. Onun hazırkı dəyəri 1 trilyon dollar civarındadır.
Qənaət bankasına baxmayaraq, vergilər baha saxlanılıb və ölkə sıxılmış əmək haqqı strukturuna malikdir. Belə ki, minimum əmək haqqını həmkarlar ittifaqları müəyyənləşdirir.
"Gənclər və aşağı gəlirli sənayelər hər il maaşların artdığına şahidlik ediblər... və az qazananlar ilə çox qazananlar arasındakı fərqlər başqa ölkələrdəki qədər böyük deyil," Bjornland deyir.
Bjornland iddia edir ki, Norveçdəki güclü həyat səviyyəsinə səbəb bərabərlik yanaşmasıdır (sərvəti nəsillər arasında bərabər bölmək).
Norveçli gəncləri digər avropalı yaşıdlarından fərqləndirən başqa bir cəhət yüksək rifah ödənişləri və dərin subsidiyalaşmış səhiyyə xidmətləridir.
İşsizlik yardımlarına görə də ölkə mərd davranır: işsizlər yeni iş axtaran zaman keçmiş məvaciblərinin 60 faizini iki il ərzində ala bilərlər.
Skandinaviyanın bütün ölkələrində olduğu kimi aşağı uşaq xərcləri və ümumi valideyn məzuniyyəti sistemi qadınların işlərə daha çox cəlb edilməsinə səbəb olur.
Əksər məktəblər və ictimai universitetlərdəki pulsuz təhsil və asanlıqla təhsil krediti əldə etmək imkanı (borc alanlar oxuduqları müddət ərzində faiz ödəmirlər), eləcə də tələbələr üçün yüksək iş imkanları rəsmi tamamlayan hissələrdəndir.
"Təhsil alan gənclərin işləmək imkanı böyük faktordur," Bjornland deyir. O əlavə edir ki, bu əlavə iş imkanı Norveç gənclərinin Avropanın digər gənclərindən daha çox pul qazanmasına kömək edir.
Onun bu rəyini şəxsi təcrübə əsasında təsdiq edə bilən tələbə çoxdur.
"Burada iş tapmaq bir o qədər çətin deyil və adətən yaxşı əmək haqqı ödəyirlər. Bu isə həm əylənmək, həm də təhsil almaq üçün böyük köməkdir," insan haqları üzrə magistr təhsili alan və eyni zamanda yarım ştat ofisiant işləyən çilili 27 yaşlı Gabriella Sanzana deyir.
"Çoxlu vergi ödəməli olsam da, narahat deyiləm, çünki eyni zamanda dövlət mənə çox şey verir."
Təhlükəsiz gələcək?
Bütün bunlara baxmayaraq, Norveçin uğurunu qoruması ilə bağlı narahatçılıqlar da az deyil.
İƏİT son Gənclərə İnvestisiya: Norveç hesabatına əsasən, 15 və 29 yaş arası gənclər üçün olan iş imkanları sayı, artan gənclik üçün gərəkli miqdarla üst-üstə düşmür. Fərq isə 2007 və 2016-cı illər arasında 18% artıb.
Artımın səbəbinin beşdə dördü kimi immiqrasiya göstərilib və hazırda Norveç doğumlu şəxslər arasında işsizlik göstəricisi 10 faizdir.
Oslo Metropolitan Universitetinin Əmək və Sosial Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kristian Heggebo iddia edir ki, yaxşı təhsilli beynəlxalq tələbələr və Avropanın başqa yerlərindən gələn əmək miqrantları "iş bazarında daha yaxşı nəticə göstərirlər" və "əmək bazarında etnik azlıqlara qarşı ayrı-seçkilik" yüksək səviyyədədir.
"Hansısa mənada buna səbəb ixtisas çatışmazlığı ola bilər, lakin problemin təminatçı deyil, tələbkarda olduğundan əminəm," o deyir.
Parçalanmış cəmiyyət
Bir gün şəhərdə gəzişdikdən sonra, evinə getmək üçün qatar gözləyən nigeriyalı Ove George inanır ki, Norveçdə iş tapmaq üçün əsas məsələ tanışlıqdır. O, hazırda işsizdir.
"Axırıncı işimi bir norveçli dostum vasitəsilə tapmışdım və ondan sonra, yaxşı işim olmayıb," o izah edir.
Stansiyada gözləyən Cibuti doğumlu 19 yaşlı Kayad Məhəmməd isə deyir k, "əziyyət çəkmir" və şəxsən onun üçün iş tapmaq "asan" olub. Lakin bir çox immiqrant üçün "varlanmağın çətin olduğunu" əlavə edir.
Bu Skandinaviya ölkəsi bərabərlik dərəcəsinə görə özü ilə fəxr etsə də, kütlələr arasında artan bərabərsizlik sezilməkdədir.
İƏİT məlumatlarına əsasən, milli orta gəlirdən daha az qazanan norveçlilərin sayı 2004-cü ildə 6.9% təşkil etdiyi halda, 2015-ci ildə 8.1%-ə qalxıb. Bu isə daha çox gəncləri riskə atır.
İƏİT-in Gənclərə İnvestisiya: Norveç hesabatının müəlliflərindən biri Sebastian Königs düşünür ki, Norveçdə işsiz qalanlar, təlim və ya təhsil keçə bilməyənlər özlərini daha həssas hiss edirlər.
"Maddi imkanı olmayan və sosial problemləri olan gənc norveçlilərin cəmiyyətdə öz yerini tutması daha çətindir," o deyir.
"Çünki ümumiyyətlə cəmiyyətdə hər kəs o qədər uğur qazanır ki, bu qorxuya çevrilir."
Uğurun dəyəri
Bjornlanda əsasən, hətta ən varlı norveçli belə, irəli addımlayarkən kövrəkliyini unutmamalıdır.
"Yaxşı vaxt keçirməyə, uzun həftə sonları keçirməyə alışırsınız... və əgər bu həyat tərzi uzun müddət davam edərsə, hər şeyə yuxarıdan aşağı baxmağa başlayacaqsınız," o deyir.
"Amma keçmişdə baş verən şeylər bir daha baş verməyə bilər."
O iddia edir ki, gələcəkdə rəqabətə davamlı qalmaq üçün Norveç sənayelərini çox şaxəli inkişaf etdirməlidir. Buraya texnologiya, xammal və bərpa olunan enerji mənbələrini genişləndirmək daxildir. Son illərdə sürətli inkişaf olsa da, Norveç skandinaviyalı qonşularından geridədir.
Neft və qaz sektorundan başqa təsis edilən işlər üçün işəgötürənlər də beynəlxalq bacarıqları cəlb etməyə açıq olmalıdırlar, o təklif edir.
Həll yolları?
Norveçin hazırda üzləşdiyi çətinliklərə rəğmən, əksər mütəxəssislər inanırlar ki, başqa xalqların onlardan öyrənəcəyi çox şey var.
İƏİT-dən Sebastian Königs, təhsil, məşğulluq və sosial xidmətlər arasındakı yaxın əlaqəni misal çəkir. Bir çox ölkələrdə gənclərə karyeralarının erkən dövrlərində bu qədər effektiv şəkildə dəstək yoxdur.
Məsələn, Norveçdə hər bir məktəb məzunu, iş bazarına daxil olmaq və ya təhsilini davam etdirmək barədə şəxsi telefon zəngi alır.
O deyir ki, Norveç əhalisinin sayı cəmi 5.1 milyondur və böyük ölkələr istəsələr, buradakı siyasəti tətbiq edə bilərlər.
"Söhbət ölkənin ölçüsü yox, sərmayə qoymaq istədiyin mənbələrin sayından gedir... Norveç üçün üstünlük təşkil edən də məhz budur və belə də olmalıdır."
Kristian Heggebo deyir ki, hətta neft "tənlikdən tamamilə" çıxarılsa və Norveç gələcəkdə öz iqtisadiyyatını yenidən qurmalı olsa belə, inkişaf, bərabərlik yanaşması və gənclər üçün təhlükəsizlik baxımından eyni dərəcədə edəcək.
"Əgər bu komponentləri yerində saxlasaq, tam əminliklə deyirəm ki, yenə də digər Avropa ölkələri ilə müqayisədə çox, çox yüksək inkişaf etmiş olacağıq, sadəcə olaraq ona görə ki, biz çətinliklərlə daha humanist şəkildə mübarizə aparmağın yoluna bəlirik."
BBC Azərbaycan