Türk lirəsi niyə ucuzlaşdı: Görünən Və Görünməyən Tərəflər - STATUS
Xəbər verildiyi kimi, Türkiyə Mərkəzi Bankının rəhbərinin dəyişdirilməsi ilə bağlı qərardan sonra türk lirəsi dollar və avro qarşısında kəskin ucuzlaşıb.
İqtisadçı ekspert Elman Sadiqov qardaş ölkənin valyutası ilə bağlı baş verənlərin səbəblərini və mümkün nəticələrini açıqlayıb.
Elman Sadiqov yazır:
Bu gecə dünya maliyyə və forex bazarları açıldıqda türk lirəsi 7.20 səviyyəsindən 8.40 səviyyəsinə qədər yüksəldi. Bazarda 1 lirə 20 kuruşluq bir qəp yarandı (bağlanış və açılış arasında yaranan boşluq texniki analitizlərdə qəp adlanır. Gün və ya həftə ərzində bu qəpin müəyyən hissəsinin bağlanma ehtimalı yüksək olsa da (yəni, türk lirəsi itirdiyi mövqelərin bir hissəsini bərpa etsə və ya etməyə çalışsa da dolların yenə də orta və uzun müddət üçün 8.40 səviyyəsini aşacağı ehtimalı yüksəkdir). Bəs bu kəskin sıçrayış xarakterli artım niyə baş verdi? Qısaca olaraq səbəblərini təhlil etməyə çalışaq.
- Cümə günü Türkiyə Mərkəzi Bankının Sədri Naci Ağbal vəzifəsindən azad edildi. Cümə günü gün bağlandığı üçün bazarlar reaksiyalarını ilk açılışda (bu gün) verdilər;
- Türkiyə Cumhuriyyəti tarixində ilk dəfə olaraq 20 ay ərzində Mərkəz Bankının Sədri 4 dəfə dəyişdirildi. Bazarlar bu qədər dəyişiklik və sabitsizliyi həzm etməkdə çətinlik çəkir və çəkəcəklər;
- Türkiyə Mərkəzi Bankının Sədri AKP-li keçmiş millət vəkili professor Şahap Kavcıoğlu təyin olundu. Türkiyə Prezidenti və AKP-nin faizlə bağlı mövqeyi məlum olduğu üçün AKP-yə yaxın bir professorun Mərkəz Bankının Sədri təyin olunmasını bazarlar pessimist ruhda qarşıladı. Bazarlarda faizlərin düşürülmə cəhdləri və ya türk lirəsinin qeyri-iqtisadi, adiministrativ yollarla tənzimlənəcəyi ehtimalı artdı;
- Hazırda dünya özünün həssas dövrünü yaşayır. Türkiyə hazırda bir çox siyasi manevrlər etməkdədir. Öncəki statusumda burada riskin də olduğunu bildirmişdim. Çünki, bazarlarda ABŞ-Türkiyə münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik vardır. Bu da türk lirəsini qoruyan və lirəyə qarşı olan təzyiqləri azaldan amillərdən biri kimi qiymətləndirilirdi. Bazarlar bir gözləmə mövqeyi nümayiş etdirirdi. ABŞ və Rusiya Prezidentlərinin söz polemikasına Türkiyə Prezidentinin məlum münasibəti bazarlardakı gözləmə və neytral mövqelərin bir hissəsini neqativə doğru yönləndirdi;
- İqtisadiyyatın qan-damar sistemini dərk etmək monetar siyasəti incəliyinə qədər dərk etmək tələb edir. Bu qanunlardan biri də yüksək faiz nəticədir, səbəb deyildir prinsipidir. Yəni, əgər bank sistemində yüksək kredit faizləri varsa bunun səbəbləri və kökləri vardır. Bu səbəb və kökləri düzgün diaqnoz, müayinə və müalicə ilə həll etmək daha vacibdir, nəinki bu səbəbləri tapmadan və ya həll etmədən faizləri aşağı salmağa çalışmaq. Haşiyə: ölkəmizdə bank sistemindəki faizlərdən danışılarkən bütün çıxış və müsahibələrimdə faizin nəticə olduğunu və faizi aşağı salmaq üçün yüksək faizi doğuran məsələləri həll etməyin vacibliyini dəfələrlə vurğulamaqda məqsədim yanlış diaqnoz və müayinənin daha ciddi fəsadlarının olacağını çatdırmaq idi. Qardaş ölkə Türkiyə hazırda bunu yaşamaqdadır;
- Siyasət və iqtisadiyyat arasındakı əlaqə necədir sualına düzgün cavab tapan ölkələr həmişə rifaha qovuşublar. Müxtəlif ölkələrin iqtisadi inkişaf yolları məndə belə bir fikir formalaşdırmışdı və bu fikri bir neçə dəfə təkrar etmişəm: siyasət iqtisadiyyata xidmət etməlidir, iqtisadiyyat siyasətə deyil. İkinci hal olduqda iqtisadiyyat ağır bedel ödəyir;
- Türkiyənin iqtisadiyyatı əslində belə bir vəziyyətə (pandemiyanın təsirləri başqa bir mövzudur) əlbəttə layiq deyil və hamımız güclü Türkiyə iqtisadiyyatını ürəkdən arzu edirik. Lakin, nə qədər güclü iqtisadiyyat olursa olsun, ya monetar, ya fiskal, ya da proteksionist siyasətlərdə bir-iki ciddi səhv ağır nəticələr doğurur. Təəssüf ki, bir çox dünya ölkələrində ciddi böhranlara səbəb olan məşhur səhvə Türkiyə də öz monetar siyasətində yol verdi;
- Amma, inanıram ki, vəziyyət o qədər də faciəvi deyil. Türkiyə iqtisadiyyatı şaxələnmiş iqtisadiyyatdır. İnvestisiya cəlbi üçün kanalları və rıçaqları çoxdur. Türkiyənin yanında olan güclü iqtisadi qüvvələr də mövcuddur ki, onların da mövcud vəziyyətdə müdaxiləsi ehtimalı yüksəkdir. Hər bir halda iqtisadiyyat, bazar çox güclü və qəddardır. Səhvə görə bedel ödədir. Türkiyənin isə uzun illər ərzində qurduğu iqtisadiyyatı bu hesabı ödəyərək yenidən ən güclü iqtisadiyyatlar sırasına qayıda biləcək. Güclü Türkiyə və güclü Türkiyə iqtisadiyyatı hər birimizin arzusudur.
P.S. Bu yazını yazarkən təlimlərdən birində iştirakçılardan birinin mənə verdiyi sualı və cavabımı xatırladım. Sual belə olmuşdu ki, bir ölkədə olmadan və həmin ölkənin iqtisadi göstəricilərini də təhlil etmədən (göstəricilər tutaq ki, obyektiv deyil) hansı ölçmə və ya təhlillə oradakı iqtisadi vəziyyətin necə olduğunu anlamaq olar? Cavabım bu olmuşdu ki, ölkənin mətbuatını, mediasını analiz edin. Əgər siyasi mövzularla iqtisadi mövzuların çəkisi siyasi mövzuların xeyrinədirsə (seçki dövrləri istisna ola bilər) o halda iqtisadiyyatda çətinliklər mövcuddur. Əgər bu nisbət siyasi mövzuların xeyrinə 70:30 və daha çoxdursa, o ölkənin iqtisadiyyatı ya böhran içindədir, ya da böhrana doğru gedir. Bu da ölkələrin iqtisadiyyatlarının inkişaf reseptlərini, yollarını araşdırarkən gəldiyim nəticələrdən biridir.