Gənc nəsil üçün çox şanslı və maraqlı bir dövrdəyik. Əslində proses 2008 böhranından sonra başlamışdı və yəqin ki, növbəti 10-15 ildə öz kulminasiyasına çatacaq. Texnologiya, biznes və maliyyə sektorundakı dəyişikliklər böyük olacaq.
“Hökumət xərc çəkib sənədi elektronlaşdırır, dövlət qurumları isə tanımır” - STATUS
FED.az xəbər verir ki, bu barədə maliyyə və investisiya bazarları üzrə ekspert Fariz Hüseynli bildirib. Ekspert yazır:
ən uşaq vaxtı olanda «Oxu» kitabında üç uşağın hekayəsi var idi. Biri deyirdi, istəyirəm yatıb kommunizmdə oyanam. O biri deyirdi ki, gözlərimlə görüm necə quruldu. Amma üçüncü deyirdi, yox, mən istəyirəm kommunizmi özüm qurum.
Yəqin axırıncıdan olmaq istəyənlər çox deyil, amma hər kim elədirsə ona böyük imkanlar var. Öyrənmək, tətbiq etmək, qurmaq, pula çevirmək, yatırım cəlb etmək, ideyanı satmaq heç vaxt yəqin indiki qədər asan olmayıb.
Birincisi, lap 1960-larda iqtisadiyyatın hüquqi tənzimlənməsi elmində yeni cığır açan (Ronald) Coase’un teoreminə gedək. İqtisadiyyatı müxtəlif tərəflər arasında bir tranzaksiya (işləm) şəbəkəsi kimi düşünsək, alim deyirdi, işləm xərclərini sıfıra endirsək resurslar səmərəli paylanar. Şirkətlər və insanlar arasında həmişə informasiya fərqi, etimad çatışmazlığı problemi, fiziki baryerlər, rəsmi baryerlər və başqa əngəllər olduğuna görə həmişə müqavilə-tranzaksiya-işləm xərcləri olub. Ondan sonra bütün iqtisadi institutların və dövlətin ayrı-ayrı qurumlarının əsas işi bu xərcləri azaltmaq oldu.
Hətta demək olar son 500 ildə korporasiyalar və onların ətrafında qurulan iqtisadiyyat sırf bu əsaslarda qurulub. Səhmdar cəmiyyətləri də elə müqavilə əsaslı ekosistemdir. Tərəflər arasında inam-etimadı qurmaqla bazar iqtisadiyyatını qurmaq mümkün olur. Bütün inkişaf etmək istəyən ölkələr də buna məhkum idi.
Amma son dovrlərin blockchain texnologiyası Internet of Things (IoT) ilə birləşəndə etimadsızlıq problemini aradan qaldırmaq imkanı verir. Növbəti 20 ildə tamam fərqli iqtisadi münasibətlər, hüquqi tənzimləmələr və şirkətləşmə, tərəflər arasında ünsiyyət-əlaqələr görəcəyik. Hamısını da elə bu gənc nəsil quracaq, öz məqsədi və məramıyla.
İkincisi, amma vacib olanı pul-maliyyə məsələsidir. Məşhurlardan biri deyir, dünyanın “pul mərkəzini” mənə verin, onu yerindən oynadım:) Texnologiya dünya maliyyə sisteminə necə təsir edəcək? İkinci dünya müharibəsindən sonra qurulan petro-dollar fiat pul və qlobal maliyyə sistemi öz ömrünün sonuna çatır. Artıq blockchain texnologiyası üzərində qurulan dijital valyuta maliyyə sistemi gələcək. Amma təəssüf ki, burada yumşaq keçid olmayacaq. Yəni çox qütblü dünya və s. hekayələri xoşdur, amma inanmıram belə olsun.
Nəticə etibarilə Çin ilə, hansı ki, hazırda dijital valyuta sahəsində ilk addımları daha sürətlə atır, köhnə dövrün dominantı Amerika arasında rəqabət gedəcək. Bu işdə böyük özəl şirkətlər də iştirak edəcək, böyük ehtimal öz pullarını yox, bu mübarizədə qalib gələcək pula bağlanmış valyuta çıxardacaqlar. Ya da ki, texnologiya bizdən, pul sizdən deyəcəklər ki, başları ağrımasın.
Beləliklə, son 20-30 ilin texnologiyası axır ki, iqtisadiyyatda çox köklü dəyişikliklər etmə mərhələsinə gəlib çatıb və gənc nəslin imkanı var ki, bu prosesdə birbaşa iştirak etsinlər.