İnvestisiya və maliyyə üzrə ekspert Orxan Bağırov dünyadakı iqtisadi vəziyyət, neftin ucuzlaşması, bu prosesin Azərbaycana, manat/dollar məzənnesine təsiri və vəziyyətdən çıxış yolları ilə bağlı fikirlərini bölüşüb.
FED.az xəbər verir ki, O.Bağırov yazır:
Maliyyə böhranı indikatorları artıq yaranmaqdadır.
Belə ki,
DÜNYADA:
1. VIX Qlobal Volatillik indeksi 2008-ci ilə səviyyəsinə geri qayıdıb.
2. Neft qeyri-böhran dövrü ilə müqayisədə 60%-dən çox ucuzlaşıb. (70-dən 27-yə)
3. SP500 dividend gəlirliliyi ilə 10 illik ABŞ Dövlət istiqrazları arasında faiz fərqi (spred) 2008-ci ildən də yuxarı, 1.2% səviyyəsindədir
4. SP500 şirkətlərinin yanlız 5%-inin qiyməti 200 illik ortalama qiymətindən yuxarıdır. Bu, 2008-ci ildən bəri ən aşağı göstəricidir.
5. Evdə istifadə olunan xidmətlər (online sifariş, onlayn kino və s.) satan şirkətlərin (Amazon 19%, Netflix 22%) səhmləri daha az düşüb.
AZƏRBAYCANDA
1. Neftin qiyməti - 2015-ci ilin dekabrında manat tam sərbəst üzən məzənnəyə keçid etdikdən sonra gördük ki, manat Mərkəzi Bankın da müdaxilələri ilə, ABŞ Dolları 2 manatdan 1.7 manata qayıtdı. Bu təqribən 2017-ci ilin may ayında baş verdi. O zaman, neft 50 dollar idi. Eyni zamanda dollar həm də 60 rubl idi. İndi isə dollar 78 rubla bərabərdir. Yəni dollar 30% rubl-a qarşı bahalaşıb. Bu empirik olaraq göstərir ki, rubl neftin qiymətini 65% əks etirir. Bizim ticarət bütün partnyorlarımızın valyutalarının ucuzlaşmasının ortalamasını hesablasaq və optimistik yanaşsaq bu 50% qəbul oluna bilinər. Belə olan halda manatın indiki real effektiv məzənnəsi 2.09 olmalıdır. Belə olmadığı üçün, bizim ticarət partyorlarımız olan ölkələr ilə qiymətlərdə arbitraj yaranır. Bu arbitraj isə idxalı stimullaşdırır və valyutaya daxili tələbatı artırır. Bu manatın özü üçün qeyri-sistematik risk yaradır və məzənnə üzərində təyqzii çoxaldır.
2. Yuxarıdakı qeyd olunan tələb koronavirus effekti ilə ümumi iqtisadiyyatın zəifləməsi ilə azalır. Ona görə ölkəmizdə koronavirusla bağlı görülən tədbirlər həm də dollara qarşı tələbin olmalı olduğundan daha az artmasına səbəb olur.
3. Bir tərəfdən depozitlər sürətlə çıxarılıb dollara çevrilir, digər tərəfdən bankın filiallarında yerləşən lakin bank balansı ilə işləməyən kassalar tərəfindən dəyişilən valyuta statistikaya daxil olmur. Nəzərə alsaq ki, ən böyük valyutadəyişmə əməliyyatları məhz belə kassalarda aparılır, bu dövlət üçün ciddi mənada məlumat qıtlığı yaradır.
4. İqtisadi aktivliyin azalması valyutaya olan tələbi azaltsa da, ümumu iqtisadiyyatı da yavaşladır. ÜDM böyümə tempi azalır, investisiyalar səmərəsiz hala gəlir, özəlləşmə zəifləyir, dövlətləşmə çoxalır.
Yeni reallıqlar və görülməli tədbirlər:
1. Ölkəmiz sosial-kapitalist iqtisadiyyatından, saf kapitalist iqtisadiyyatına qədəm qoymalıdır.
2. Daşınmaz əmlakla bağlı (yol, təmir, tikinti və s.) xərclər minimumuma endirilməli, əsas investisiyalar vergi güzəştləri, dövlətin kapitalda iştirakı, və s. yollarla istehsalın gücləndirilməsinə olunmalıdır.
3. Dövlət Sosial Müdafiə Fondunun yığımları daha səmərəli istifadə olunmalıdır.
4. İnvestisiyanın kollektiv şəkildə real sektora qoyuluşu ilə əlaqədar institusional həllər olmalıdır. (İnvestisiya fondları)
5. Məhkəmə sistemi üzrə aparılan islahatlar güclənməli və sürətlənməlidir.
Gələcək üçün:
1. Ölkənin prioritet sahələri təhsil və səhiyyə olmalıdır. Bununla belə burada məktəb və xəstəxanaların təmiri deil, orada çalışanların peşəkarlığının artırılması, minimum şərait normalarına əməl edilməsi, Azərbaycan dilinin inkişafı və tətbiqi üzrə konkret addımlar atılması başa düşülməlidir.
2. Xaricdə yaşayan Azərbaycanlılarla bağlı araşdırma aparılmalı, onların intellektini Azərbaycanda istifadə etməklə ixracının həlli yolları axtarılmalı və icra olunmalıdır.
3. Ölkənin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə hazırladığı və dərc etdiyi proqram və yol xəritələrinin icrası ilə bağlı nəzarət gücləndirilməli və şəffaf hesabatlılığı olmalıdır.
4. Ölkəni xarici pul və aktivlərin parklanma və ya tranzit ölkəsi etmək üçün tədbirlər görülməlidir.
5. Dövlət dəstək verdiyi sahələrdən dəstək verdikdən sonra növbəti 3-5 il ərzində çıxmalıdır. Bütün dövlət şirkətlərinın özəlləşdirilməsi üzrə proqram hazırlanmalı və 50%-dən çoxu satılmalıdır ki, orada şəffaf və effektiv idarəetmə sistemi yaradılsın və bu müəssisələr dövlətə yük olmağı dayandırsınlar.
İqtisadiyyatın sağlamlaşdırılması üçün lazım olan addımlar radikal görünə bilər, lakin bunlar təxirəsalınmaz və çox lazımlıdırlar, elə indi koronavirusa görə görülən radikal tədbirlər kimi.
P.S. Dünyada hər gün 24,000 insan aclıqdan ölür.
*İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. H. Əliyev