Dünyanı bürüyən koronavirus pandemiyası həm də müsbət yeniliklər səbəb olacaq.
Eləcə də bax: Koronavirus - HAVA YOLU İLƏ YAYILIR?
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
FED.az xəbər verir ki, iqtisadçı yazır:
İnsanlıq tarixi pandemiyalarla doludur, hər bir geniş yayılmış virus insanlıq tarixininə, siyasətə, iqtisadiyyata ciddi təsirləri olub, hətta bu günki ölkələrin şəkillənməsində ciddi rol oynayıb.
Tarixi sənədlərdə ilk pandemiya - vəba, təqribən 541-ci ildə Misirdə və Efiopiyada başlayıb, sonra Avropaya yayılıb, amma o zaman gediş-gəliş daha uzun müddətli olduğu üçün daha geniş yayılmasının qarşısı alınıb, amma həm Misir, həm Şimali Afrikanın tənəzzülündə ciddi rol oynayıb.
Tarixdə ən böyük virus fəlakətlərindən biri “qara ölüm” adı vəba dünya tarixində mühim rol oynadı. O virus da Çindən ticarət gəmilərində olan siçanlar vasitəsi ilə Avropaya gəldi, 1346-1353-cü illər arasında Avropa əhalisinin 50%-ə yaxınını məhv elədi. Çin və Asiyada ölüm sayı haqqında dəqiq məlumatlar yoxdur. Avropada kilsələrdə yazı-pozu, statistika olduğu üçün az-çox məlumatlar toplamaq mümkün olub. “Qara ölümün” nəticəsi olaraq Avropada şəhərləşmə artdı, kənd əhalisi azaldı, amma yan fəsadları da oldu, cahillik artdı, kilsə gücləndi “inkvizisiya” daha geniş yer aldı. Amma son nəticədə şəhərləşmə elmin, sənayenin inkişafına da yol açdı. Böyük şəhərlər olmasa sənaye inkişaf edə bilməzdi.
Amerika qitəsinə Avropalılar özləri ilə bir çox xəstəliklər gətirdilər, yerli hİndu tayfalarında həmin xəstəliklərə qarşı immunitet yox idi. Bəzi hesablamalara görə Avropalıların ayağı Amerikaya dəyəndə orada (Şimali və Cənubi Amerikada) 60 mln. nəfər yerli əhali olub, cəmi bir neçə ilə müxtəlif “gəlmə” viruslardan əhalinin 90%-ə yaxını qırılıb. Amerikaya Afrikadan çoxsaylı qulların gətirilməsi məhz bu faktla bağlıdır – yerli işçi qüvvəsi qalmadı, şəkər, pambıq plantasiyalarında, qızıl və gümüş mədənlərində işləmək üçün Afrikadan milyonlarla qul gətirdilər. Bu isə bu gün Amerikanın əhali tərkibini və strukturunu dəyişdirdi, əsasən Latın Amerikasının əhalisi “afrikalaşdı”.
Nəhayət cəmi 100 il bundan öncə baş verən, Birinci Dünya Müharibəsinin sonuna təsadüf edən “İspan qripi” pandemiyası 1918-1920-ci illərdə Avropada 75 mln. nəfərin həyatına son qoydu. Müharibə ilə birlikdə gələn bu bəla Avropanın şəklini dəyişdirdi, vətəndaşlara seçki, mülkiyyət hüququ gətirdi. Daha çox kişilər öldü deyə xanımlara seçki və mülkiyyət hüququnun verilməsi həm də “İspan qripinin” nəticəsi oldu - həlak olan kişilərin mülkiyyətində olan torpaq və daşınmaz əmlakın sənədləşdirilməsi vacib idi. Bundan başqa “İspan qripi” kütləvi səhiyyənin, təhsilin yaranmasında da mühim rol oynadı.
Bu gün baş verən pandemiya da Dünyanın siyasi, iqtisadi mənzərəsində ciddi rol oynayacaq. Dünya indi çox dərin bir böhrana daxil olur, həyat durma nöqtəsinə gəlib, insanların öncəlikləri, düşüncəsi də dəyişir.
Postvirus dövrü həm pozitiv, həm də neqativ dəyişikliklərə yol açacaq:
1) Neqativ təsirləri dünyada avtoritarizmin daha da geniş yayılması, qərarların sürətlə qəbulu üşün demokratik prinsiplərin çeynənməsi, təhlükəsizlik məsələsinin insan hüquqlarının üzərinə çıxması olacaq. Ölkələr daha da qapanacaq, “milli maraqlar” adı altında populizm güclənəcək, sağ və millətçi siyasi qrupların çəkisi və nüfuzu artacaq,
2) Pozitiv tərəfləri də var:
a) Dünya minimalistik istehlak dövrünə qədəm qoyacaq, insanların prioritetləri dəyişəcək, resurslardan mənasız və vəhşicəsinə istefadə tendensiyasına son qoyulacaq,
b) İqtisadiyyatın lüks seqmenti ciddi çökmə yaşayacaq, pandemiya insanları ayıldacaq, ölüm təhlükəsi varsa fərq etməz ki, sən əlində “LOUIS VUITTON” çantası ilə öləcəksən, ya pambıq parçadan tikilmiş bəsid çanta ilə gəzəcəksən, ya da, fərq etməz ki, sənin əynində “Armani” olacaq, ya da ekoloji təmiz adı geyim – bir sözlə dünyanı çıldıran “brendamaniya” tarixə qovuşacaq,
c) Online biznes sferaları daha da güclənəcək, böyük Ticarət obyektləri, “Mollar” yavaş-yavaş tarixə qovuşacaq, virtual ticarət güclənəcək, evdə oturaraq istənilən geyimi öz əynində görə biləcəksən – paramertlərin yüklənir, sən istənilən formada olan geyimi, istənilən rəngini seçirsən, ekranda əynində necə oturduğunu görürsən, sifariş edib evindəcə malı alırsan,
d) Nəgdsiz ödənişlər dünyada daha da artacaq ki, bu da “kölgə iqtisadiyyatına” zərbə vuracaq,
e) Ofisdə çalışma forması da dəyişəcək – “uzaqdan iş”, “freelancer” müqavilələri artacaq, ofis binalarına təlabat azalacaq,
g) Dünyada, obrazlı desək, kəndə dönüş, natural təsərrüfata qayıdış da artacaq, amma yeni texnologiyalar hesabına aqrar sektor yeni, daha üst səviyyəyə qalxacaq.
Yekun olaraq, Dünya yenidən format olub daha da “digitallaçacaq”, insan övladı yaşam tərzinə yenidən qiymət verəcək, izafi istehlak sıradan çıxacaq. Dünyanı son 70-80 ildə qabağa aparan “istehlak toplumu” konsepsiyası dəyişəcək, əvəzinə minimalistik stil, yaşam tərzi daha da populyar olacaq. Zətən bu trend inkişaf etmiş ölkələrdə çoxdan başlamışdı, indi isə digərləri də “başı daşa dəyəndən” sonra eyni yanaşm tərzinə keçməyə məcbur olacaq...