Dövlətin nəzarətində olan şirkətlərin özəlləşdirilməsi istənilən halda burada iqtisadi səmərəni və məshuldarlığı artırır.
Eləcə də bax: Vahid Əhmədov: “Strateji sahələrin özəlləşdirilməsinə getmək olmaz”
İnkişaf etməkdə olan 32 ölkənin 230 şirkətində aparılan araşdırma bunu deməyə əsas verir. Nəticələr göstərib ki, idarəetmə üsulunun dəyişdirilməsi ilə mənfəət və səmərəlilik artır, ticarətin liberallaşdığı ölkələrdə investisiya və məhsul miqdarını, maliyyə sektorunun liberallaşması isə məhsulu artırır.
FED.az xəbər verir ki, bu barədə maliyyə və investisiya bazarları üzrə ekspert Fariz Hüseynli bildirib. Ekspert yazır:
Dövlət şirkətlərinin özəlləşdirilməsi onların fəaliyyətinə necə təsir edir?
2005-ci ildə Journal of Corporate Finance jurnalında yazılmış üç beynəlxalq araşdırmanın nəticələrini sizə çatdırım.
Qısaca onu deyim ki, siyasi maraqların azaldığı, maliyyə bazarlarının inkişaf etdiyi və şirkətlərin daxilində korporativ idarəetmə prinsiplərinin qurulduğu mühitlərdə nəinki özəlləşdirilən, hətta özəlləşdirilməyən şirkətlərin fəaliyyəti yaxşılaşır.
Əvvəlcə inkişaf etmiş ölkələrlə bağlı. 23 inkişaf etmiş ölkənin 129 özəlləşdirmə işini araşdıran bir məqalə belə nəticəyə gəlir ki, özəlləşdirmədən sonra mənfəətlilik, səmərəlilik, ümumi məhsul miqdarı və kapital xərcləri artıb.
Gözlənilənin əksinə iş yerlərinin sayı artır, yəni özəlləşdirmənin iş yerlərini azaldacağı gözləntisi özünü doğrultmur.
Bəs bunlara səbəb nədir?
Mənfəətlə bağlı elə bir spesifik amil olmasa da, ümumi məhsulun artmasına ölkədə səhm bazarlarının inkişafı və ümumi iqtisadiyyatın böyüklüyü müsbət təsir edir. Ancaq azad xarici ticarətin təsiri mənfidir (aşağıda yazacağım kimi bu amil inkişaf etməkdə olan ölkələrə müsbət təsir edir).
Xarici kapitalın satın aldığı şirkətlərdə işçilərin sayının azaldığı görünür. Maraqlıdır ki, dövlətin payının çox olaraq qalması da işçilərin sayını azaldıcı təsiri var. İqtisadi azadlığın yüksək olduğu ölkələrdə isə işçilərin sayının artması trendi görünür. Səhm bazarlarının inkişaf etdiyi ölkələrdə kapital xərcləri artır.
Keçək inkişaf etməkdə olan ölkələrə:
32 inkişaf etməkdə olan ölkələrin 230 şirkəti araşdırılıb və nəticələr belədir. Yenə də mənfəət və səmərəlilik artır, ticarətin liberallaşdığı ölkələrdə investisiya və məhsul miqdarını, maliyyə sektorunun liberallaşması isə məhsulu artırır.
Dövlətin nəzarətinin zəifləməsi bütün bunlar üçün ən əsas determinantdır. Eyni zamanda daxili və xarici korporativ idarəetmə (governance) amillərinin təsiri böyükdür. Daxili governance mexanizmləri dövlətin və siyasətçilərin müdaxiləsini azaldır və menecerləri səmərəli və mənfəətli olmağa kökləyir.
Xarici amillər isə daha çox şirkətə kənar investorların, birja iştirakçılarının nəzarətidir. Məsələn, səhm bazarlarının inkişaf etdiyi və investor haqqlarının qorunduğu ölkələrdə daha çox artım qeydə alınıb.
Soruşmaq olar ki, bəs özəlləşdirmə olmadan bu faydaları əldə etmək mümkündür mü?
Elə jurnalın həmin sayında üçüncü bir məqalə bu suala cavab verir – bəli, amma gərək şirkətin daxili idarəetmə (governance) mexanizmləri dəyişsin. Nəticələr göstərir ki, hətta bəzən özəlləşdirməyə getmədən bu mexanizmləri yerləşdirmək (korporativləşmə) daha böyük faydalar verir. Gənc, çevik şirkətlər daha tez korporativləşə bilər.
Niyə bu proses fayda gətirir?
Birincisi şirkət rəhbərləri üzərində nəzarət artır, onlar daha hesabatlı olur və onların maraqları korporativ maraqlarla üst-üstə düşür, eyni zamanda siyasi müdaxilələr azalır.
Eyni zamanda şirkətlərin strukturunda daha böyük dəyişiklər olur və sərbəstlik artır. Məsələn, şirkət rəhbərinin seçilməsi prosesi siyasi loyallıq yox, tam iqtisadi və peşəkarlıq prinsipləri üzərində qurulur.
Sərbəst maliyyə departamenti, araşdırma-inkişaf departamentləri, müstəqil müşahidə şuraları, əmək müqaviləsi konfliktləri üzrə komissiya qurulur.
Ancaq soft-budget (yəni dövlətdən maliyyələşmə) məsələsi problem olaraq qalır və tam maliyyə müstəqilliyi təmin olunmayanda fondlaşma baxımından dövlətdən asılı vəziyyət davam edir, deməli maliyyə sektorunun inkişafı vacibdir.