Ötən gün Prezident İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.
Bu Fərmanla, bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında yaradılan Vergi , Əmlak və Antiinhisarla bağlı Dövlət Xidmətlərinin Əsasnamələri təsdiq edilib.
Eləcə də bax: Azərbaycanda 3 dövlət xidmətinin əsasnaməsi - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, Azərbaycanın tanınmış İT eksperti, İnternet Forumunun rəhbəri Osman Gündüz bu yeniliyin ölkədə biznes rəqabətin gücdənməsi sahəsində irəliləyişə səbəb olacağını bildirib. Ekspert yazır:
Bundan sonra İqtisadiyyat Nazirliyi ölkədə geniş səlahiyyətlərə və hüquqlara sahib olan ən böyük Nazirliyə çevrilmiş oldu.
Diqqətimi cəlb edən daha çox Antiinhisar Dövlət Xidməti və onun Əsasnaməsi oldu.
Düz 2 il olardı ki , 2018-ci ilin aprelində Prezidentin Sərəncamı ilə bu Xidmətin əsasında yaradılmalı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin formalaşmasına imkan verilmirdi.
İki ildən çoxdur ki bu yeni yaradılmalı olan qurum ortada yox idi. Nə rəhbəri təyin edildi, nə strukturu təsdiqləndi , nə də Əsasnaməsi hazırlandı.
Kimlərsə dirəşib, Prezidentin həmin adı çəkilən Sərəncamının icrasına imkan vermədilər.
Kimlər?
Düşünürəm ki, salın cavabını e -tender portalında tapmaq olar. Elə bir şirkət var ki, yarım ildə 166 dəfə tenderdə qalib olub və dövlətdən 48 milyonluq şifariş alıb.
Ümumiyyətlə , müşahidələr göstərir ki, adında, mahiyyətində rəqabət, antiinhisar kimi sözləri olan güclü dövlət təsisatlarının yaradılması və qanunvericilik aktlarının qəbuluna hər zaman maneçilik olub.
Maraqlı tərəflər 15 il Rəqabət Məcəlləsinə , 2 il də Antiinhisar Dövlət Agentliyin yaranmasına imkan verməyiblər .
Monitorinqlər göstərir ki dövlət sektorunda tender və satınalmalarla bağlı informasiya açıqlığı, şəffaflıq hər zaman ən zəif bənd olub.
Artıq adı olub özü olmayan Dövlət Agentliyi arxada qaldı və Antinhisar qurumu yenidən Dövlət Xidmətinə çevrilib.
Görəsən qurum rəqabətli mühit formalaşdıra biləcəkmi, haqsız rəqabətin qarşısını alacaqmı, satınalmalarda qayda-qanun yarada biləcəkmi, rəqəmsal mühitdə istehlakçıların hüquqlarını qoruya biləcəkmi?
Bu sahədəki problemlərin çox az bir hissəsi ilə bağlı ötən il yazmışdım.
Əsasnaməsinə görə bu Dövlət Xidməti hədsiz geniş səlahiyyətlərə malikdir.
İndiki zamanda, düşünürəm ki məhz bu dövlət qurumu ən strateji dövlət qurumu elan edilməlidir. Bu sahədə görüləcək işlər hədsiz çoxdur.
Fikrimcə, nəhəng təbii inhisar subyektləri rəhbərlərinin, inhisarçıların, xidmət sektoru rəhnərlərinin ən çox ehtiyat etdiyi qurum məhz Antiinhisar olmalıdır.
200 əməkdaşı olan bu qurum indiyədək çox zəif fəaliyyət göstərib. Özəl sektorun bu qurumla bağlı ciddi narazılıqları var.
Ötən il yalnız bir -iki ciddi qərarlarını ( "Bakcell 099" və "NRYTN -haqsiz rəqabət" işləri) müşahidə etmişik .
e-tender portalına nəzər salanda belə təsəvvür formalaşır ki Antiinhisar qurumu sanki dövlət nəzarətini deyil, sadəcə baş tutmuş satınalmaların primitiv formada siyahısını tutmaqla məşğuldur.
Yeri gəlmişkən, bu portalın özünün də ictimai nəzarəti gerçəkləşdirmək üçün gərəkli ola biləcək imkanlarını , bilmirəm qəsdənmi, ya nədənsə məhdudlaşdırıblar.
Digər ölkələrin oxşar resursları ilə müqayisədə bu baxımdan çox "kasıb" görsənir.
Düşünürəm ki "dişli", prinsipal birisini Antiinhisara rəhbər təyin etmək çox faydalı olardı.
Hansı ki, o bir xeyli təbii və süni inhisarçılarla "vuruşmalı " olacaq.
Əgər Əsasnaməsində qeyd olunanların azacıq bir hissəsini qurum reallaşdıra bilsə əminəm ki DTX maskalılarının yerli və mərkəzi icra orqanlarına "gözlənilməz səfərləri" xeyli azalmış olacaq.
Xatırlayıram ki Prezident nazir Mikayıl Cabbarovu qəbul edəndə inhisarçılıq və haqsız rəqabət sahəsində ciddi qayda -qanun yaratmağın vacibliyini bildirmişdi.
Artıq müvafiq qurum var və Əsasnaməsi də təsdiqlənib.
Hazırda ölkədə korrupsiyaya qarşı mübarizə xeyli güclənib, bir sıra dövlət qurumlarında satınalmalarda ciddi problemlərin olduğu üzə çıxır.
Sahə üzrə məsul qurum olan Antiinhisar Dövlət Xidmətinin də bunun fərqində olduğunu düşünürəm.
Ölkə başçısının yetərincə dəstəyini qazanan, geniş səlahiyyətlərə malik olan İqtisadiyyat Nazirliyinin bu sahədə ciddi dönüş yarada biləcəyinə ümid edirəm. Yeri gəlmişkən, koronavirus pandemiyası ilə əlaqəli xüsusi rejim şəraitində dövlətin dəstək proqramının reallaşmasında bu Nazirliyin, digərlərinə nisbətən daha effektiv fəaliyyəti də diqqət çəkən məqam olub.
Ümid edirəm qarşıdakı dövrdə biz antiinhisar sahəsində ciddi dəyişikliklərin şahidi olacağıq.