“Cəmi 8 ay sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Amma ictimai rəydə yerli özünüidarə institutunun varlığı və yoxluğu arasında fərq yoxdu. İnsanlar gecə yatıb sabah açıldıqda bütün bələdiyyə ofislərinin qapısını qıfıllanmış görsələr, onların həyatında heç nə dəyişməyəcək”.
FED.az xəbər verir ki, bu barədə danışan tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, bələdiyyələr insanlara xidmət göstərmək, yerli sosial-iqtisadi problemləri həll etmək üçün real, müstəsna, həmçinin zəruri səlahiyyətlərə malik deyillər:
“Hər biriniz öz yaşadığınız əraziyə baxın: məişət tullantılarını mənzil-istismar sahələri daşıyır, ictimai nəqliyyatı icra hakimiyyətləri tənzimləyir, içməli suyu dövlət şirkətindən alırsınız, yolları icra hakimiyyətləri və bu sahəyə səlahiyyətli dövlət şirkəti çəkir (yaxud təmir edir), uşaq bağçalarına, məktəblərə, kitabxanalara və digər mədəniyyət, eyni zamanda idman-sağlamlıq obyektlərinin fəaliyyətinin təmin edilməsinə müvafiq nazirliklər məsuliyyət daşıyır. Bu qədər xidmətin içərisində bələdiyyələr üçün bir yer görürsünüzmü?
Problemin ən maraqlı olan tərəfinə baxaq: hansı inzibati-ərazi vahidlərində yerli xidmətlər üçün əhalidən (həmçinin müəssisə və təşkilatlardan) haqq yığmaq, dövlət büdcəsindən subsidiya almaq imkanı varsa, istisnasız olaraq həmin məkanlarda dövlət strukturları xidmət göstərir və bələdiyyələr hər hansı rol ala bilmir. İri şəhərlərdə və rayon mərkəzlərində məişət tullantılarının toplanması və nəqli, içməli suyun çatdırılması, yollara xidmət və s. bunun qabarıq nümunələridir. Lakin kənd ərazilərində hökumət bələdiyyələrə zəruri məbləğdə vəsait vermədiyi və xidmətləri pullu etmək çətin olduğu üçün məmurlar hər addımda bu işin məsuliyyətini bələdiyyələrin üzərinə yönəltməyə çalışırlar”.
R.Ağayevin sözlərinə görə, Azərbaycan bələdiyyələrinin statusunda qeyri-müəyyənlik problemi var:
““Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkili sistemidir və bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu reallaşdırmaq, Konstitusiyada nəzərdə tutulan (maddə 144) dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Lakin bu anlayış qanunvericilikdə bələdiyyələrin nə real hakimiyyət statusuna malik strukturlar, nə də ümumi dövlət idarəçiliyinin tərkibinə daxil olan orqanlar kimi təsbit olunmasına imkan vermir. Göründüyü kimi, bu hüquqi təsbit Azərbaycanda bələdiyyələrə real hakimiyyət statusu və rəsmi idarəetmənin tərkib hissəsi olmaq hüququ vermir. Halbuki “Yerli özünüidarə haqqında” Xartiyanın 3-cü maddəsinə görə, yerli özünüidarə dövlət işlərini reqlamentləşdirmək və yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququdur. Bu müddəa hüquqi olaraq yerli özünüidarəni hakimiyyət səlahiyyətləri olan təsisat kimi müyyənləşdirir. Yeri gəlmişkən, AŞ-nın yanaşmasına görə, dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq və əsas etibarilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir (Xartiyanın 4.3-cü maddəsi).
Nəhayət, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Gürcüstanda yerli və regional demokratiyaya dair 2004-cü ildə qəbul etdiyi 157 saylı Tövsiyədə qeyd olunur ki, təhsil, səhiyyə, sosial təminat və mədəniyyət sahələrinə aid vacib funksiyalar bilavasitə yerli maraqlarla bağlıdır. Həmin sahələr üzrə funksiyaların bələdiyyələrin məsuliyyət dairəsindən çıxarılması və bu qurumların səlahiyyətlərinin məhdudlaşdırılması yerli özünüidarənin ikinci dərəcəli orqanlar kimi qəbul olunması riski yaradır”.
İqtisadçı qeyd edib ki, Azərbaycan bələdiyyələrinin səlahiyyətləri kimi maliyyə resursları da son dərəcə məhduddur:
“Məsələn, 2017-ci ildə Azərbaycanın bütün bələdiyyələrinin (Bakı şəhərinin də bələdiyyələri daxil) büdcəsi 36 mln. manat (21 mln. dollar) təşkil edib. Bu, orta hesabla hər bir bələdiyyə üçün 22.5 min manata (13 min dollar) bərabərdir. Bakı şəhərindən kənarda olan bələdiyyələr üzrə bir bələdiyyənin illik büdcə gəlirləri orta hesabla 16 min manat, kənd bələdiyyələri üzrə hətta 10 000 manatdan da azdır. 4-5 nəfərlik heyəti olan bir bələdiyyə üçün bu hətta əmək haqqı və inzibati xərcləri belə ödəyəcək bir büdcə deyil. Dövlətin neft-qaz şirkətlərində orta maaş alan bir işçinin aylıq məvacibi kənd bələdiyyələrinin aylıq büdcə gəlirlərindən belə çoxdur. Təkcə bu fakt Azərbaycanda bələdiyyə institunun real imkanlarını qiymətləndirmək üçün aşkar bir nümunədir. İri şəhərləri nəzərə almasaq belə, hətta xırda bir kənd bələdiyyəsi 10-15 min manatla 1 il ərzində hansı funksiyaları yerinə yetirə bilər?
Dövlət büdcəsindən bələdiyyələrə maliyyə dəstəyinin yerli büdcələrdə payı da böyük deyil və yerli özünüidarənin bütün gəlirlərinin təxminən 15%-ni təşkil edir (təxminən 5 mln. manat və ya 3 mln. dollar). Müqayisə üçün qeyd etməyə dəyər ki, Avropa Şurası ekspertlərinin Avropa ölkələrinin timsalında apardıqları dəyərləndirmələrə görə, yerli özünüidarə sisteminin effektiv fəaliyyət göstərməsi üçün ölkə üzrə bələdiyyə büdcələrinin məcmu məbləğinin ÜDM-ə nisbəti üçün minimum yol verilən hədd olaraq 7% qəbul edilir. Azərbaycanda həmin göstərici 0.04% təşkil edir və ölkə üzrə bələdiyyə gəlirlərinin əhalinin hər nəfərinə düşən məbləği 3.5 manatdır (2 dollar)”.
Ekspert hesab edir ki, Azərbaycanda keçiriləcək sayca 5-ci bələdiyyə seçkiləri ərəfəsində yerli özünüidarə islahatlarının başlanmasının zəruriliyi hökumət səviyyəsində qəbul edilməli və vaxt itirmədən islahatlara başlanılmalıdır:
“İlk növbədə paytaxt və bir sıra iri şəhərlərin timsalında böyük şəhər bələdiyyəsinin yaradılması, 2019-cu ilin dekabrında həmin şəhərlər üzrə mer seçkisinin keçirilməsi çox önəmlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında paytaxtda böyük şəhər bələdiyyəsi (bütün şəhəri əhatə edən vahid seçkili şura) yaratmayan yeganə ölkədir. Halbuki son 18 ildə Şura Azərbaycana bununla bağlı 2 dəfə tövsiyələr təqdim edib. Avropa Şurasının ümumi mövqeyi budur ki, ölkənin istənilən aqlomerasiyası özündə paytaxt şəhəri qədər çoxsaylı inzibati ərazi vahidlərini birləşdirmir. Bu ərazi vahidlərinin hər biri isə bir-birinə sıx infrastruktur tellərilə bağlı olur. İdarəetmədə vahidlik, onlar arasında əlaqələndirmə təmin olunmadıqda isə paytaxt təsərrüfatının idarə olunmasında pərakəndəlik və xaos yaranır. Paytaxt şəhəri elə mürəkkəb və daimi inkişaf edən mexanizmdir ki, razılaşdırılmış strategiya olmadıqda nəticələrin aradan qaldırılması ölkə üçün böyük resurslara başa gələ bilər. Başqa tərəfdən, eyni şəhər daxilində bütün sakinlərin ictimai xidmətlərə bərabər şəkildə çıxışı olmalıdır. İdarəetmənin tamlığı təmin olunmadan isə bu disbalansın aradan qaldırılması olduqca çətindir.
Avropa Şurası üzv dövlətlərə paytaxt şəhərlərinin özünüidarəsinə dair son 6 ildə 2 tövsiyə ünvanlayıb. “Paytaxt şəhərlərinin idarə olunması haqqında” 133 saylı Tövsiyəyə əsasən, paytaxt şəhərlərinə elə şərait yaradılmalı və elə səviyyədə resurslar təqdim olunmalıdır ki, onlar öz administrativ funksiyalarını müstəqil həyata keçirə bilsinlər. Öz növbəsində Tövsiyə sənədinin 12-ci bəndinə görə, istənilən paytaxt şəhərinin idarə olunmasının əsas şərtlərindən biri vətəndaşların qərar qəbulu prosesində iştirakının təmin olunmasıdır.
Bundan əlavə, Avropa Şurasının “Paytaxt şəhərlərinin statusu haqqında” 219 saylı Tövsiyəsi də (sənəd 2007-ci ildə qəbul olunub) mərkəzi şəhərlərdə vahid yerli özünüdarə prinsiplərinin tətbiqini nəzərdə tutur. Tövsiyə sənədinin 8-ci bəndində deyilir ki, mərkəzi hökumətin nəzarəti altında olan qurumlar paytaxtın yerli özünüidarə qurumlarının fəaliyyətini kompensasiya edə bilməz.
Digər tərəfdən, yerli səviyyədə aparıcı rəsmi idarəetmə qurumları kimi bələdiyyələrin tanınması, yerli sosial-iqtisadi problemlərin həllilə bağlı əsas səlahiyyətlərin xalqın seçəcəyi bu qurumların səlahiyyət dairəsinə keçməsi, yerli seçkili şəxslərə parlament üzvlərinə oxşar səviyyədə hüquqi statusun müəyyənləşdirilməsi, eyni zamanda bələdiyyələrə rəsmi hakimiyyət statusunun verilməsi təmin edilməlidir. Nəhayət, bələdiyyələrə onların yeni müəyyənləşdirilmiş səlahiyyətlərinə uyğun maliyyə mənbələrinin təqdim olunması və maliyyə muxtariyyətinin tanınması baş verməlidir".