Ali təhsil alıb diploma sahib olmaq inkişaf üçün kifayyətdirmi? UNEC Business School-un "Səhiyyə menecmenti" fakultəsinin müəllimi, tibb və tibbi sığorta mütəxəssisi Teymur Mirzəbəyli ali təhsil, ali təhsil diplomu və onun gənc nəsil üçün əhəmiyyəti barədə fikirlərini paylaşıb.
Eləcə də bax: «Heç kimdən asılı olmamağın bir yolu var - PEŞƏKAR OLMALISAN» - STATUS
FED.az xəbər verir ki, mütəxəssisin fikrincə, ali təhsil insanın inkişafında yalnız baza rolunu oynayır. İnkişaf üçün əsas vasitə peşə çevikliyi və insanın aktivliyidir.
T.Mirzəbəyli yazır:
Tədris ilinin sona çatması ilə əlaqədar olaraq daha çox abituriyentlər və onların valideynləri həyəcanlanmağa başlayırlar. Ali təhsil almaq üçün qəbul imtahanlarında kifayət qədər bal toplamaq, ixtisas və ali təhsil müəssisəsi seçimi həyəcanlarını anlamaq olar.
Mövzuya toxunmağıma səbəb olan aşağıdakı hadisələr və çıxarılmalı olan nəticə haqqında fikirlərimi paylaşmaq istərdim:
1. Hər il Türkiyədə dövlət xətti ilə (müəllim, dövlət qulluqçusu və s.) məhdud olan yerlərə on minlərlə işə qəbul olmaq istəyənlərin həyəcan dolu müsabiqəsini, sevinc və kədərli göz yaşlarını, bu müsabiqəni qazanan və qazanmayanlar haqqında reportajları Türkiyə TV kanallarında izləyirik.
2. Hər gün qarşımıza çıxan Türkiyədə "diplomunun tanınması inamı verilən" bəzi universitetlərə attestatla və heç bir imtahan olmadan qəbul elanları..
3. Türkiyədə, eləcə də Azərbaycanda pizza daşıyan, taksi sürücüsü, inşaatda fəhlədən tutmuş bir çox nəinki ali, heç tam orta təhsil belə tələb etməyən iş yerlərində kifayət sayda Ali Təhsilli insanların çalışması.
(əstağfirullah, mən kimsəni qınamıram, hərənin özünə uyğun anlaşılmalı olan və ya olmayan səbəbi vardır), mən sadəcə real vəziyyəti yazıram.
4. Öz təcrübəmdə də bir çox dəfə rast gəldiyim, hətta Linkedin profillərinə də baxsanız görmək olar ki, bu gün xarici Neft Qaz şirkətlərində (BP, TOTAL və s.) müxtəlif böyük və fərqli vəzifələrdə çalışan Azərbaycanlıların əksəriyyətinin ilk ali təhsili Xarici Dillər Universitetidir. Bu bəndə Azercellin indiki Baş Direktorunun ilk ali təhsilinin tibb təhsili olmasını da qeyd etmək olar.
Ümumi olaraq bildirmək istədiyim odur ki, zənnimcə Ali Təhsil sadəcə diplom əldə etmək üçün deyil, formasından, ixtisasdan və aldığınız yerdən aslı olmayaraq, gələcək karyera imkanları qurulmasında düşüncə formasının ALİ, ÜSTÜN və DƏRİN olmasını təmin etmək üçün bir dayaq, baza və ya sütündur.
21-ci əsrdə savadlı insan diplomu olan deyil, ilkin ali təhsili nə olur olsun, zərurət yaranarsa ixtisasını dəyişə bilən insan hesab olunur. (rusca: переквалификация)
Sadəcə diplomu olanın ali təhsili də var demək deyil, yalnız diploma yiyələnmək insana uğur qazandırmayacaqdır..
Özünütəhsil Ali Təhsildən üstündür. Maksim Qorki.