FED.az xəbər verir ki, tanınmış vəkil, xüsusilə də mülki və iqtisadi mübahisələrlə bağlı prosesdə iştirak edən Asif Abdullayev məhkəmələrdə tərəflərin barışığa getməməsi və prinsipial olaraq mübahisəni axıradək davam etdirməsinə münssibət bildirib. Onun sözlərinə görə, belə prinsipiallıq son nəticədə tərəflərin özünə zərər vurur:
Məhkəmədə çəkişən tərəflər nədən barışıqdan qəti imtina edirlər?
Vəkil təcrübəmdən deyə bilərəm ki, azərbaycanda məhkəmələrə işi düşən şəxslərin əksər hissəsi prinsipial mövqedə dayanırlar və qətiyyən barışmaq barədə düşünmürlər. Hətta vəkil olaraq təmsil etdiyin şəxsə barışıq barədə düşünməyi təklif etsən, səndən şübhələnməyə başlayır, "bəlkə qarşı tərəflə əlaqəyə girib vəkilim" deyə düşünür əksəriyyət. Daha düşünmürlər ki, tərəflər arasında məhkəmə işi nə qədər uzansa, vəkil də bir o qədər çox ödəniş alacaq.
Ən çox prinsipial mövqe boşanma işlərində olur. Tərəflər düşmən mövqeyindən çıxış edirlər sanki.
Bu düşüncənin dəyişməsi üçün insanlar maariflənməlidirlər.
Banklardan biri təmsil etdiyim şəxsə qarşı iddia qaldırıb. Bank nümayəndəsinə deyirəm ki, iddianız təmin edilməyəcək, əsassız tələbdir. Deyir ki, bilirəm, amma Ali məhkəməyə qədər gedəcəyik, Siz də azı 1 il məhkəmələrə gəlib-gedəcəksiniz.
Hesab edirəm ki, bu cür lazımsız formal prosedurlardan qurtulmaq lazımdır.
Mövzum banklara aid olmasa da, qısaca bu məsələni qeyd etmək istədim.
Mediasiya - mübahisənin məhkəməyə qədər danışıq yolu ilə həll edilməsi. Azərbaycanda ara-sıra mediasiaya aid bəzi tədbirlər keçirilsə də, bu istiqamətdə ciddi və effektiv addımlar atılmır.
Bu gün qanunvericilikdə yalnız boşananlara 3 ay barışıq müddətinin verilməsi və hakimin məhkəmədə çəkişən tərəflərə barışıq təklifi etmək vəzifəsi barədə normalar var.
Ən əsas addımlardan biri mediasiyanın qanunvericilikdə möhkəmləndirilməsi, bu sahənin inkişafı və əhalinin maarifləndirilməsidir.
Hesab edirəm ki, aralarında mübahisə yaranan şəxslərin danışığa və barışığa yönəldilməsi üçün 3 hal eyni zamanda mövcud olmalıdır :
1. Mediasiya sahəsi inkişaf etdirilməlidir;
2. Mediasiya sahəsində qanunvericilikdə müəyyən əlavələr edilməlidir;
3. İnsanlar maariflənməli, danışıq və barışığın onlar üçün hansı müsbət hallar doğuracağı barədə məlumat almalıdırlar.