Tanınmış hüquqşünas və vəkil Əkrəm Həsənov Azərbaycanda keçirilən parlament seçkiləri, bu seçkilər zamanı ortaya çıxan hallar və seçki sisteminin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Eləcə də bax: Əkrəm Həsənov 638 iş üzrə DSMF-yə kömək edəcək
FED.az xəbər verir ki, hüquqşünas, ümumi səsvermə hüququnun (yəni ölkə üzrə bütün vətəndaşların səs vermə hüququnun) ləğv edilməsini, yalnız müəyyən tələblərə cəvab verən şəxslərin səsvermə hüququnun olmasını təklif edib. Onun sözlərinə görə, bu yenilik, həm seçkilərin daha keyfiyyətli keçirilməsinə, həm də seçimin doğru olmasına kömək edəcək.
Əkrəm Həsənov yazır:
«Burada yazacaqlarım çoxlarının xoşuna gəlməyəcək. Olsun!
Mən siyasətçi deyiləm. O mənada ki, hakimiyyət, vəzifə uğrunda mübarizə aparmıram. Buna görə də heç vaxt çoxluğun xoşuna gəlmək kimi niyyətim olmayıb. Nəyi düzgün hesab edirəmsə, onu da deyirəm. Elə buna görə də həm iqtidarda, həm də müxalifətdə məni bəyənməyən az deyil.
Bu statusu hüquqşünas (vəkil) kimi yazmıram. Vəkilin işi mövcud qanunvericiliklə işləməkdir. Mən isə qanunvericiliyin köklü islahatını təklif edirəm. Buna görə də bu yazını vətəndaş kimi yazıram! Vətəndaş siyasətçi olmaya bilər, amma siyasətə qarışmaya bilməz (“Mən siyasətə qarışmıram!” şüarı mənim məsləkim deyil!). Buna görə də qısa şəkildə dövlətimizin optimal idarəetmə sistemi haqda düşüncələrimi bölüşmək istəyirəm. Xüsusilə vurğulayıram ki, ideal yox, məhz optimal! Özü də düşüncələrim əslində yalnız Azərbaycana aid deyil.
1. Hər bir xalqın mütləq əksəriyyəti savadsızdır. Xüsusilə siyasi, hüquqi və iqtisadi məsələlərdə. Əksər insanları maddi durumdan başqa ciddi heç nə maraqlandırmır. Buna görə də həmin durumun yaxşılaşdırılmasına görə çox şeyə hazırdırlar. Bəziləri isə hətta hər şeyə! Məsələn, bizdə həmin əksəriyyətin ən böyük arzusu dövlət sistemində yağlı vəzifə tutub büdcəni talamaqdır! Nəyin bahasına olursa olsun!
2. Dövlətin taleyi belə insanlardan asılı olmamalıdır. Onların seçki hüququ olmamalıdır (seçki saxtalaşdırılmalarının ən fəal iştirakçıları çörək puluna möhtac olanlar deyilmi?)! Ac insanı hüquq və dövlət maraqlandırmır! Özü də bu əsnada mövcud siyasi rejimin fərqi yoxdur.
Çünki avtoritar rejimdə belə insanlar sadəcə səsvermə hüququndan istifadə etmir (səsvermədə iştiraka görə cüzi pul mükafatı olsaydı, əhainin ən azı 90 faizi iştirak edərdi) və onu qorumur. Nəticədə parlament həqiqətdə xalqı təmsil etməyən şəxslərdən ibarət olur. Amma bu yenə də xalqın parlamentidir, çünki onun passivliyi nəticəsində formalaşdırılıb. Burada əsas bəla ondan ibarətdir ki, icra hakimiyyəti üzərində heç bir nəzarət olmur. Hətta dövlət başçısı belə məmur özbaşınalığının öhdəsindən gəlməkdə çətinlik çəkir. Çünki ictimai nəzarət yoxdur.
Demokratik rejimdə isə belə insanlar səsvermə əsnasında müxtəlif manipulyasiyalara məruz qalır. Onlar, bir qayda olaraq, populistlərə, yəni şirin vəd verənlərə səs verir (buna ən bariz müasir misallar ingilislərin “Brexit”ə, amerikanlıların isə Trampa səs verməsidir). Digər tərəfdən, Azərbaycan kimi kiçik ölkədə xarici dairələrə işləyən siyasi partiyalar da asanlıqla parlamentə daxil ola bilir. Xalqı aldatmağa nə var ki! Bu kontekstdə şəxsən mən avtoritar rejimə daha çox üstünlük verirəm, çünki ən azı dövlətçilik üçün təhlükə daha az olur. Ümumiyyətlə, ən qəddar diktator belə tam hakimiyyətə malik olan kütlədən daha yaxşıdır. Çünki diktator məsuliyyətini dərk edir, kütlə isə yox. Kütlə kollektiv güllələnməni icra edənlərə bənzəyir: heç biri vicdan əzabı çəkmir, çünki kimin gülləsinin ölümcül olduğu bəlli deyil. Çoxluğa malik olmaq haqlı olmaq demək deyil. Çoxluq Hitleri də seçmişdi!
3. Bizdə bu çoxluq seçki hüququ əsasında nəinki guya dövlət hakimiyyətini formalaşdırır, hətta guya ölkənin əsas qanunu olan Konstitusiyanı da qəbul edir. Başdan ayağa fiksiyadır! Heç hüquqşünasların əksəriyyəti Konstitusiyanı düzgün dərk etmir, normal məktub (qanun layihəsi demirəm daha) yaza bilmir, amma xalq guya Konstitusiya qəbul edir. Qeyri-səmimiliyin, riyakarlığın zirvəsidir sadəcə! Mən hamını səmimi olmağa dəvət edirəm! Gəlin fiksiyalardan, boş nəzəriyyə və şüarlardan uzaq olaq. Realist olaq!
4. Buna görə də seçki hüququ aşağıdakı senzlərlə məhdudlaşdırılmalıdır:
1) yaş; 2) əmlak və ya təhsil.
Bu halda Azərbaycanda seçici sayı azı 10 dəfə azalacaq. Yəni 5 mln. əvəzinə təxmini 500000 olacaq.
Yaş senzi. Bu senz indi də var: 18 yaş. Bu azdır. Müasir elmi araşdırmalar göstərir ki, uşağın keçid dövrü təxmini 25 yaşda bitir. Buna görə də aktiv seçki hüququ 25 yaşdan başlanmalıdır.
Əmlak senzi. 25 yaşı tamam olan və dövlətə ildə müəyyən məbləğdən (məsələn, 20000 manat) az olmayan vergi ödəyən hər kəsin seçki hüququ olmalıdır. Əlbəttə, bu o demək deyil ki, pulu olan hər kəs nümunəvi vətəndaş və seçicidir. Amma müəyyən əmlaka malik olan və dövlətə vergi ödəyən (məmurları dolandıran) insanların çoxu məmurlara qarşı daha tələbkar olur (indi vergidən yayınmaq dəbdir, amma tarixən vergi ödəmək şərəf olub, çünki məhz vergi ödəyicisi vətəndaş hesab edilib). Onların itirəsi şey olduğu üçün onları dövlətin idarə edilməsi və qəbul edilən qanunların keyfiyyəti daha çox maraqlandırır. Buna görə də parlamentdə öz deputatlarının olmasında daha çox maraqlı olurlar.
Təhsil senzi. Əmlak senzi tələbinə cavab verməyən, lakin seçki hüququna malik olmaq istəyən 25 yaşlı hər kəs mütəmadi təşkil olunan test imtahanlarını verib həmin hüququ əldə edə bilər. Yəni təklif edilən modeldə elektorat sırf varlılardan ibarət olmayacaq.
Burada vacib məqamı qeyd edim: passiv seçki hüququna hər kəs malik ola bilər. Yəni seçilmək istəyirsən, buyur, heç bir məhdudiyyət yoxdur! Bir dəfə seçilən hər kəs eyni zamanda aktiv seçki hüququ da əldə etmiş olur (əmlak və təhsil senzi onlara şamil edilmir).
5. 2500 il bundan əvvəl Platon deyirdi ki, ideal dövləti filosoflar idarə etməlidir. Lakin ideal dövlət utopiyadır. Çünki kimim filosof olub-olmaması məsələsi daim probem yaradacaq. Bizə optimal dövlət quruluşu lazımdır. Elə olmalıdır ki, dövlət hakimiyyətinin formalaşdırılmasında nisbətən maraqlı və qabiliyyətli şəxslər iştirak etsin. Onlar iqtidara nəzarət edəcək, iqtidar da onlardan çəkinəcək. Eyni zamanda belə seçicilərin populistlərə və xarici agentlərə uyması ehtimalı da aşağı olacaq.
6. Sual ola bilər ki, bəs Qərb, Avropa buna necə baxacaq? Niyə onlarda demokratiya işləyir, bizdə isə yox. Əvvəla, Qərb demokratiyası tədricən formalaşıb və ümumi seçki hüququ dərhal yaranmayıb. Uzun müddət orada əmlak və digər senzlər olub. Digər tərəfdən, demokratiya əsasən iri ölkələrdə işləkdir. Kiçik ölkələrdə ümumi seçki hüququ şəraitində çoxpartiyalıq xarici dairələrdən asılılığa aparır.
Nəhayət, hətta Qərbdə də hazırda demokratiya dərin böhran içindədir. Qərb demokratiyasının inkişafı XIX-XX əsrlərin texnologiyaları şəraitində mümkün olub. Müasir texnologiyalar kütlənin imkanlarını daha da genişləndirib. Nəticə kimi “Brexit”, Tramp və s. xalq iradəsinin məhsulları göz qabağındadır. Həm də son nəticədə orada siyasətçilər daha çox şoumenlik edir, çünki savadsız kütlənin nazı ilə oynamağa məhkumdurlar. Buna görə də son onilliklər ərzində Qərbdə nüfuzlu və güclü lider yetişmir. Siyasət təlxəkləşir! Təsadüfi deyil ki, Putin kimi liderin nüfuzu Qərb ölkələrində də yüksəkdir. Darıxıblar belə liderlər üçün.
Bir sözlə, biz demokratik olanadək demokratiya tam dəbdən düşəcək. Bizim, xüsusən də gənclərimizin demokratiya haqda təsəvvürləri XX əsrdə qalıb! Bəşər isə inkişaf edir. Biz geridə qalmışıq. Buna görə də qaldığımız yerdə öz yolumuzu tapmalıyıq. Tapmasaq, heç yerə gedib çıxa bilməyəcəyik. Başqalarına yem də ola bilərik...
P.S. Əlbəttə, mənimlə razılaşmaya bilərsiz. Müzakirə üçün həmişə yer var. Sadəcə ötən parlament seçkiləri siyasi sistemimizin problemlərini tam çılpaqlığı ilə üzə çıxardı. Tariximizdə ilk dəfə rəsmi etiraf olundu ki, səsəvermədə seçicilərin yarıdan azı iştirak edib. Niyə?
İllər boyu xalqın seçki passivliyi müxalifət tərəfindən belə izah olunurdu ki, insanlar seçkilərin ədalətli keçirilməsinə inanmır. Lakin bu dəfə inamın yüksək olması üçün əsas çox idi. Əvvəla, parlament buraxılmışdı. Özü də çox alçaldıcı əsaslarla: islahatlara adekvat deyil və geridə qalıb. Prezident də təkrar-təkrar ictimai nəzarətin güclənməsini istəməsini bəyan edirdi. Yəni xalqı o cümlədən bu seçkilərdə fəal olmağa və öz həqiqi nümayəndələrini seçməyə çağırırdı. Təsadüfi deyil ki, irəli sürülən namizədlərin də sayı həmişəkindən xeyli çox idi. Lakin xalqın əksəriyyəti yenə də seçkiyə gəlmədi. Özü də bu dəfə passivlik o qədər yüksək oldu ki, rəsmi rəqəmlər də bundan xəbər verir.
Deputat ola bilməyən xeyli namizəd hazırda seçkilərin ədalətsiz keçirilməsindən gileylənir. Özü də onların əksəriyyəti heç müxalifətçi də deyil! Amma onlar tam səmimi deyil. Çünki problemin yalnız bir hissəsini – pozuntuları dilə gətirirlər. Xalqın passivliyi məsələsinə isə toxunmurlar.
Əslində xalq ona görə passivdir ki, seçkilərin, deputatların, parlamentin və s. mahiyyətini heç başa da düşmür. Xalqımızın mütləq əksəriyyəti savadsızdır. Onun üçün yalnız bir legitim hakimiyyət institutu var – Prezident. Hətta Prezident özü faktiki etiraf edir ki, məmurlara təkbaşına nəzarətdə çətinlik çəkir, ictimai nəzarət, real parlament lazımdır. Amma millət bunu başa düşmür.
Belə olduğu təqdirdə bu insanlar niyə seçki hüququna malik olmalıdır? İnsanı zorla azad etmək mümkün deyil. Ümumiyyətlə, zor yaxşı şey deyil...».