Bir qədər əvvəl Azərbaycanda 4 bankın bağlanması və onun yaratdığı problemlər bu sahədə xarici təcrübənin necə olmasına marağı artırıb.
Eləcə də bax: Bağlanmış banklarda pulu batanlar - NƏ ETMƏLİDİR? - İZAHAT, STATUS
FED.az xəbər verir ki, iqtisadçı ekspert Fariz Hüseynli ABŞ-da bankların ləğv edilməsi və bu prosesin onun əmanətçiləri və partnyorları üçün problemsiz baş verməsinin detallarını açıqlayıb.
F.Hüseynli yazır:
«2009-cu ildə Bakıda olanda bir qrup xaricdə təhsil almış gənc ilə mən də Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla görüşdə iştirak etmişdim. Əsasən tanışlıq xarakterli idi və ADA universitetinin rektoru Hafiz müəllimin vasitəçiliyi ilə keçirilmişdi. Əsas üç müzakirə mövzusu var idi - kredit faizlərinin yüksək olması, hansı ki, hələ də problemdir. İkincisi bankların vəziyyətinə nəzarət, belə göründü ki, banklarda nə baş verdiyini çox yaxşı bilirlər və görürlər. Üçüncüsü də elmi araşdırmalar idi. Deyirdik ki, Mərkəzi Bankın elmi işçilərinin və müstəqil ekspertlərin elmi araşdırmalarının yayınlanacağı bir işçi məqalələri yayını olsun. Elman müəllim bu təklifə yaxşı baxdı və inkişaf və tədris departamentində (o vaxtı görüşdə iştirak edən Emin Hüseynovun rəhbərliyilə) bu işlərin gedəcəyini bildirdi.
Emin oranı çoxdan tərk edib və indi baxıram MB-nin saytında 2016-da 8 məqalə, 2017-də 5 və 2018-ci ildə cəmi 2 məqalə yerləşdirilib və ondan sonra məqalə yoxdur. İnanmıram ki, son iki ildə heç araşdırma etməsinlər, amma saytda olmamasına görə bu işə əhəmiyyət verilmədiyini demək olar. Mərkəzi Bank kimi bir qurum elmi araşdırmalara xüsusi əhəmiyyət verməlidi. Amma bu sözlə olmur, gərək həm də verilən qərarlarda elmi araşdırmaların nəticələrinə əsaslansın. Saytda bəzi modellər yerləşdirilib, maraqlıdı onların tətbiqi nəticələri nədir və hansı qərarlarda istifadə olunub?
Bankların bağlanması haqqında Amerika praktikasını keçən həftə soruşmuşdular məndən, ondan qısaca yazım. Bankların adi şirkətlərdən əsas fərqi odur ki, depozitlər çox ölkədə sığortalandığı üçün çox pis idarə edilən bank belə bağlanmadığı müddətcə bəzi adamlar və şirkətlər ona deposit qoyacaqlar, çünki əmanətlərin sığortalandığını düşünürlər.
Amerikada bağlanacaq bankı adətən sığorta fonduna (FDIC) verirlər və o da tenderlə bankı başqa banka satır. Bu prosesdə bir də Mərkəzi Bank, FED var. FED öz sisteminə üzv olan bankların (əksər böyük banklar) vəziyyətini daimi nəzarətdə saxlayır və onların sistem əhəmiyyətini izləyir. Adətən vəziyyəti pis olan bankı bağlamaq yerinə başqa banka çox ucuz qiymətə satmağa çalışır. Hətta çox vaxt məcbur edir.
Məsələn 2008 böhranında məşhur Bear Stearns investisiya bankı iflas edəndə FED məcbur etmişdi ki, JP Morgan onun səhmlərini 2 dollardan satın alsın və bankın işçilərini və aktivlərini keçirsin öz adına. Bankın keyfiyyətsiz aktivlərini isə FED öz üzərinə götürmüşdü və uzun müddətdə sataraq gəlir əldə etmişdi. Eynilə həmin ildə Amerika tarixinin ən böyük banklardan biri olan Vaşinqton Mutual bankını (depozitarlar 9 gün ərzində 15 milyarddan çox pul çəkmişdilər bankdan) FDIC yenə JP Morgana satmışdı.
Böhranın kulminasiya nöqtəsi olan Lehman Brothers bankının iflasından qabaq isə dəfələrlə satış üçün danışıqlar getmişdir, Barclaysın bankı almağına İngiltərə höküməti icazə verməmişdi. Ancaq Lehmanın iflası və likvidasiyasından sonra “təmiz” hissəsini Barclays almışdı. Azərbaycanın Banklar haqqında qanununda da öhdəliyini yerinə yetirməyən bankların satılması ilə bağlı uzun bir 57-ci maddə var. Bu dörd bankı bağlamaqdansa başqa banklara satmaq daha düz olmazdı, yoxsa bu sonra olacaq?
Dövlət birdən birə ancaq bank bağlamaq üçün ortaya çıxmamalıdır. Bankların birinci günündən son gününə qədər məsuliyyət daşımalıdır. Fərqi yoxdur hansı qurum nəzarət edir, dediyim kimi dövlət əmanətləri sığortalayırsansa (ki, bank sektoruna etibarı artırmaq üçün və iqtisadi yükü azaltmaq üçün etməlidir) onda nəzarəti də vaxtında etmək lazımdır.
Depozit qoyan üçün bunun əhəmiyyəti yoxdur, nəzarəti kim edir. Əsas odur ki, dövlətə inanıb banka vəsait qoyursa deməli dövlət də öz işini görməlidir. Hələ böhran vaxtı bankların birdən birə bağlanması həm etibarı azaldır, həm sahibkarlara, deposit sahiblərinə böyük problem yaradır, həm də işsizliyi artırır. Dövlətin ayrı-ayrı vəzifəli şəxslərinin əsas vəzifələrindən biri də öz rəhbərlik etdikləri sahələrə vətəndaşın güvənini yaratmaqdır. Bunun da bir yolu var, onlar vətəndaş və Milli Məclis qarşısında hesabat verməlidir.
Dövlətin qurumları öz işlərini görmək əvəzinə günahı depozit qoyanlarda axtarırlar ki, iş-gücünüzü atıb həm də bankların vəziyyətini və əlaqələrini araşdırasız. Bu ona oxşayır ki, o məşhur videodakı kimi, elə bil avtobusa minəndə gərək hesablayasan ki, birdən pəncərə açıq qalsa və çöldən suvuran maşın keçsə, o maşın həm avtobusu, həm də məni yuya bilər.
Banklara inamın olmaması həm də ölkədən valyuta çıxışını sürətləndirəcək bu da iqtisadiyyata ziyandır. Belə şəraitdə risklərin çox yüksək olması sahibkarlara normal fəaliyyət göstərməyə imkan vermir, halbuki dövlətin bir əsas vəzifəsi var, o da elə riskləri azaltmaqdır.