Dövlət statistika orqanlarının 2023-cü ildəki fəaliyyəti və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 16-da Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən FED.az-a bildirilib ki, kollegiyanın sədri Tahir Budaqov çıxış edərək bildirib ki, rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2023-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş Statistik işlər proqramı əsasında qurmuşdur. Bununla yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planından, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından, 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramından, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planından, “Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitənin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamından, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından, digər normativ hüquqi aktlardan, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası, eləcə də dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbatın ödənilməsi məqsədilə komitə tərəfindən zəruri tədbirlər görülüb.
Milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsini, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsini və bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsini təmin etmək məqsədilə “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” üzrə 2023-cü il üçün nəzərdə tutulmuş 16 işin hamısı yerinə yetirilmiş, komitənin digər dövlət proqramları üzrə icraçı kimi çıxış etdiyi tədbirlərin icrası təmin edilib.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar komitə tərəfindən “Heydər Əliyev 100. Bir Ömrün Əbədiyyəti” adlı statistik məcmuə nəşr etdirilib, ilk dəfə olaraq ölkədə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında Statistik olimpiada keçirilib.
Rəsmi statistika müşahidələri və seçmə statistik müayinələr vasitəsilə əldə edilən məlumatların istehsalı davam etdirilib, ev təsərrüfatları arasında sorğu yolu ilə il ərzində müxtəlif mövzular üzrə 21 statistik müayinə keçirilib, əldə edilmiş məlumatlar icmallaşdırılaraq nəşr edilib, istifadəçilərə çatdırılıb və komitənin internet səhifəsində yerləşdirilib.
Milli hesablar sisteminin tələblərinə uyğun növbəti ehtiyat və istifadə cədvəlləri qurulmuş, rəsmi statistikanın müasirləşdirilməsi istiqamətində komitə tərəfindən aparılan islahatlar çərçivəsində qiymət statistikası sahəsində məlumatların toplanmasında innovativ yanaşmanın tətbiqi nəticəsində qiymət qeydiyyatçılarının üzərinə düşən yükün azaldığı nəzərə alınaraq, Bakı Şəhər Statistika İdarəsinin ştat strukturu təkmilləşdirilib.
2023-cü ildə komitənin əsas fəaliyyət istiqamətlərindən biri metodoloji bazanın möhkəmləndirilməsi olub, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatların metodologiyalarına uyğunlaşdırılmaqla, habelə yerli qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmaqla 72 metodoloji material hazırlanıb və ya onlara əlavə və dəyişikliklər edilib. Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla il ərzində 3 yeni hesabat forması təsdiq edilib, 5 hesabat forması ləğv edilib, 48 formaya isə aktuallığını itirmiş göstəricilərin çıxarılması, tələbata uyğun yenilərinin əlavə edilməsi ilə yenidən baxılıb.
Milli statistik təsnifatlar sisteminin inkişafı sahəsində işlər davam etdirilib, “Bələdiyyələrin statistik ərazi təsnifatı” yeni redaksiyada hazırlanıb.
İsveçrənin “SGS” şirkətinin yerli nümayəndəliyi tərəfindən komitə aparatının struktur bölmələrində və keyfiyyəti idarəetmə sisteminin tətbiq edildiyi bir sıra yerli statistika orqanlarında keçirilmiş növbəti sertifikatlaşma auditinin nəticələrinə əsasən komitənin aparatı və 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Sahibkarların statistika orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və həlli məqsədilə komitənin veb-səhifəsində hər rüb “Sahibkarlar üçün 7 sual” rəy sorğusu keçirilib, verilmiş təkliflərin gələcəkdə nəzərə alınması üçün cavablar ümumiləşdirilərək təhlil edilib.
Statistika məlumatlarının toplanmasında, emalında və yayımlanmasında istifadə olunan informasiya texnologiyalarının tətbiqi imkanlarının genişləndirilməsi, statistik informasiya sisteminin inkişaf etdirilməsi sahəsində işlər davam etdirilib, respondentlərin yerli statistika orqanlarına gəlmədən hesabat məlumatlarını elektron formada təqdim etmələri üçün həyata keçirilmiş tədbirlər nəticəsində rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu 97,0 faizi ötmüş, statistik hesabatları elektron formada internet vasitəsilə təqdim etmək üçün il ərzində 5,6 milyon müraciət daxil olub, bununla da vətəndaş-məmur təmaslarının səviyyəsi minimuma endirilib, eyni zamanda statistik məlumatların işlənməsi və təhlili imkanları yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Elektron Xidmətlərin Qiymətləndirilməsi” əsasında tərtib edilmiş reytinqdə komitə 28 qurum (o cümlədən 24-ü mərkəzi icra hakimiyyəti orqanı) arasında 79,37 faiz nəticə ilə 3-cü mövqedə qərarlaşıb.
“Çoxgöstəricili Klaster Sorğusunun (MICS) keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitənin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 526s nömrəli Sərəncamının icrası ilə bağlı işlər davam etdirilib, 2023-cü ilin may-avqust aylarında sorğu aparılıb, əldə edilmiş məlumatlar əsasında yekun cədvəllər hazırlanır.
“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli 357 nömrəli Qərarı ilə yaradılmış İstiqamətləndirici Komitənin 15 dekabr tarixli iclasında siyahıyaalmaya hazırlıq işlərinin gedişi müzakirə edilmiş, qərarın icrası olaraq Dövlət Statistika Komitəsinin hazırladığı kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə təqvim planı, siyahıyaalma vərəqəsi forması və onun doldurulması qaydası təsdiq edilib. Siyahıyaalma sənədləri hazırlanarkən FAO-nun tövsiyələri, milli xüsusiyyətlər, aidiyyəti dövlət qurumlarının, xarici ekspertin rəy və təklifləri nəzərə alınıb.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəriciləri üzrə statistik məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilib, müvafiq dövlət qurumları ilə birgə əlavə olaraq 9 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunub və bununla da məlumat istehsalı təmin olunan DİM göstəricilərinin sayı 121-ə çatdırılıb ki, onlardan da 89-u milli prioritet kimi müəyyən edilmiş göstəricilərdir. “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal-2023” məcmuəsi hazırlanaraq nəşr edilmiş, istifadəçilərə təqdim olunmuş, onun elektron versiyası komitənin internet səhifəsində, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalında yerləşdirilib.
2023-cü ilin 2 mart tarixində Bakıda keçirilmiş “Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüsə əsasən minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təşviq edilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2023-cü il 18 aprel tarixli qərarının icrası olaraq komitə tərəfindən aidiyyəti qurumlarla birlikdə milli 18-ci Dayanıqlı İnkişaf Məqsədi (“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”) üzrə 15 göstəriciyə dair metodologiya hazırlanıb, elmi-metodoloji şurada təsdiq edilib və məlumat istehsalına başlanılıb.
“2023-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planı”na uyğun olaraq 170 statistik məlumat istifadəçisinin iştirakı ilə 13 görüş keçirilib.
Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilib və yenilənib, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə edib. 2023-cü ildə internet səhifəsinə 94,5 faizi ölkə ərazisindən, 5,5 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 10,9 min istifadəçi daxil olub.
Müxtəlif mövzular üzrə 32 adda illik statistik məcmuə və digər nəşrlər çap etdirilib, 49 təhlili məruzə və 122 mətbu-məlumat hazırlanıb. Statistik məcmuə və bülletenlərin elektron versiyaları komitənin veb-səhifəsində yerləşdirilib. Yerli statistika orqanları tərəfindən də rayon və şəhərlər üzrə illik statistik məcmuələr nəşr edilib, 264 təhlili məruzə hazırlanıb.
Komitənin fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. BMT və onun təşkilatları, Avropa İttifaqı, BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı, İƏİT, İƏT, Avrostat, MDB Dövlətlərarası Statistika Komitəsi və bir sıra digər beynəlxalq təşkilatlarla, həmçinin dünya ölkələrinin milli statistika xidmətləri ilə əməkdaşlıq, eyni zamanda milli metodologiyaların beynəlxalq standartlara uyğunlaşdırılması, təcrübə mübadiləsinin aparılması, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq təşkilatlarla və onların Azərbaycandakı nümayəndəlikləri ilə işlər davam etdirilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” çərçivəsində işlər davam etdirilib. Koreyalı mütəxəssislərin komitəyə səfərləri təşkil edilib, Gəncə Şəhər Statistika İdarəsində onların iştirakı ilə müasir informasiya texnologiyaları avadanlıqları ilə təchiz edilmiş 16 nəfərlik təlim otağı yaradılıb.
Komitənin 91 əməkdaşı müxtəlif beynəlxalq təşkilat və xarici ölkələrin milli statistika qurumları tərəfindən təşkil edilmiş 74 onlayn tədbirdə, 60 əməkdaşı isə əyani formada keçirilən 53 tədbirdə iştirak edib, həmçinin komitənin mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirib.
Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar verib.