Koronavirus pandemiyası dövründə insanların alış-veriş vərdişlərində ciddi dəyişikliklər müşahidə olunub. Müşahidələr göstərir ki, Azərbaycanda karantin rejimində yaşamağa məcbur olan vətəndaşlar aylıq qazanclarının böyük hissəsini ərzaq məhsullarına xərcləyibsə, bir hissəsini də elektronika və məişət texnikasının alınmasına sərf ediblər.
“Optimal Electronics” şirkətinin marketinq departamentinin direktoru Günel Sultanova FED.az-a bildirib ki, karantin dövründə mağazalar bağlı olduğu üçün satışlar onlayn şəkildə olub: “Bu müddətdə əhali əsasən öz büdcəsinə uyğun, fərqli qiymətlərdə məhsul sifarişləri verib. Elektron məhsullara həddin artıq çox tələbat yarandı. Şirkətin ölkə üzrə 80 filialı var, buna görə də regionlardan da sifarişlər çox gəldi. Əsasən xırda məişət əşyalarına, “Playstation”lara, telefonlara daha çox müraciət var idi. “Playstation”ların ölkədə satışını çatdıra bilmirdik, mağazalarda olan bütün oyun konsolları alınmışdı. İnsanlar evdən işlədiyi üçün bu dönəmdə kompüter alanların da sayı artdı”.
Departament direktorunun sözlərinə görə, karantində xanımlar daha çox xırda məişət əşyaları almağa üstünlük veriblər: “Məsələn, duxovkalar, çörək bişirən cihazlar, blenderlər kimi xırda məişət əşyalarına tələbat daha çox artmışdı. Restoranlar işləmədiyi üçün əksər xanımlar evdə yeməklər bişirməyə başladılar. Bu zaman gördülər ki, mətbəxdə texnikaları yoxdur”.
Günel Sultanova deyir ki, karantində məişət əşyalarının satışı bazarında maraqlı bir tendensiya gedib: “Karantin müddətində televizorların da satışında artım müşahidə olunub. İnsanlar bütün günlərini evdə keçirdikləri üçün maraqlarını televizorlara saldılar. Doğrudur, böyük məişət əşyalarının da satışında bir dinamiklik müşahidə olundu. Bu müddətdə bağa köçənlər çox olduğu üçün şirkətə Bakının müxtəlif ərazilərində olan bağlardan sifarişlər gəlməyə başladı. Belə ki, qabyuyanlar, paltaryuyan maşınları, eləcə də soyuducular da sifariş olundu. Yəni kimin ki, bağlarda şəraiti yoxu idi, özlərinə şərait yaratmağa başladılar”.
“Əhali qidadan sonra ən çox elektron malları alır”
Hazırda mağazaların açıldığını deyən Günel Sultanova, karantindəki kimi pik həddə olmasa da, onlayn satışların öz aktuallığını hələ də saxladığını deyib: “İnsanlar sanki onlayn sifarişin rahatlığına öyrəndi. Buna görə də deyə bilərəm ki, mağazaların satışına icazə veriləndən sonra ciddi düşüş olmadı. Müşahidələrimiz onu deməyə əsas verdi ki, karantin dövründə insanlar iki şeyə pul xərcləyib – qidaya və elektron məhsullarına”.
Şirkət rəsmisinin sözlərinə görə, “Optimal Electronics”in onlayn satış illərdir olsa da, amma bum karantin dövründə olub: “Düşünürdük ki, onlayn satış ancaq Bakıda effekt verə bilər, amma nəticə onu göstərdi ki, bütün rayonlar bu xidmətdən yararlanırdı. Şirkətin 24 saat ərzində sifarişləri pulsuz çatdırılma xidməti olduğu üçün müxtəlif regionlardan gələn müraciətlər də artmışdı. Onlayn satış üçün əvvəlcədən hazırlığımız olmasaydı, karantində xidmət göstərə bilməzdik. Biz komandanı da artırdıq. Onlayn satışla bərabər kredit də verə bilirdik. Çox rahatlıqla bütün sənədləşmələr həyata keçirilirdi, insanlar heç bir çətinlik çəkmirdi”.
Elektron mallar mağazası “Kontakt Home”un ictimaiyyətlə əlaqələr üzrə meneceri Vəfa Rüstəmova FED.az-a bildirib ki, karantin dövründə aptek və ərzaq mağazalarından sonra insanların ən çox elektronika məhsullarına tələbatı artıb: “Artım bütün kateqoriyalı məhsullarda müşahidə olunsa da, bəzi məhsullara maraq adi günlərlə müqayisədə bir neçə dəfə artıb”.
Rəqəmsal texnika kateqoriyasında ən böyük tələbat gözlənildiyi kimi smartfon, noutbuk və TV-lərə olub.
Vəfa Rüstəmova deyir ki, əksər şirkətlərin evdən işləməsi, təhsil müəssisələrinin isə onlayn dərs rejiminə keçməsi ilə əlaqədar telefon və noutbuklar indi əvvəlkindən daha çox tələb olunur: “Lakin bu kateqoriyada ən böyük maraq şübhəsiz ki, televizorlara olub. Evdə sıxılmamaq, sevimli serial və verilişləri izləmək, xəbərlərdən məlumatlı olmaq üçün hər kəs ekran başındadır. Bir də kişilər arasında ən böyük populyarlıq “Playstation”lara müşahidə olunub. Bütün futbol çempionatlarının təxirə salındığını nəzərə alsaq, “Playstation”da PES və ya FİFA oynamaqdan gözəl nə ola bilər?!”
V. Rüstəmova məişət texnikasının hər zamankı kimi aktuallığını qoruduğunu da deyib: “Xanımların karantin günlərində paltaryuyan, soyuducu, qabyuyanlara, xüsusilə isə kiçik məişət texnikasına tələbatı böyüyüb. Çörəkbişirənlər, buxarlı və multibişiricilər, şirəçəkən və blenderlərə ekstra maraq yaranıb. Gözlənildiyi kimi, karantin dövründə evdarlıq xanımların ən sevimli hobbisinə çevrilib”.
“Bərbərxana və gözəllik salonları müvəqqəti olaraq fəaliyyətini dayandırdığı üçün aprel ayının ortalarından etibarən gözəllik kateqoriyasının məhsullarına tələbat kəskin artıb. Kişilər tərəfindən saçqırxan, üzqırxanlar, qadınlar tərəfindən epilyator, fen və manikur-pedikur dəstlərinə maraq adi vaxtdan bir neçə dəfə daha çox artıb” – deyə, Vəfa Rüstəmova fikirlərinə əlavə edib.
“İrşad Electronics”in marketinq şöbəsindən FED.az-a verilən məlumata görə, karantin dövründə əhalinin elektronika məhsullarına tələbatı artıb: “Karantin ən çox mobil telefonların, planşetlərin və noutbukların satışını artırıb. Bu müddətdə sifarişlər onlayn qaydada həyata keçirilib. Artıq mağazalar işləyir”.
“Dosttech” şirkətindən FED.az-a verilən məlumata görə, karantində əhalinin məişət əşyalarına, elektrik avadanlığına, eləcə də mobil telefonlara tələbatı artıb: “Hazırda ən çox alınan mobil telefonlardır, televizorlardır, paltaryuyan maşınlardır. Əhalinin hansı elektron məhsullara ehtiyacı varsa, şirkət bütün məhsulların satışını təşkiledib”.
“Maxi.az” şirkətindən FED.az-a verilən məlumata görə, karantin dövründə elektronika məhsullarına tələbat artıb: “Artım əsasən “Playstation”, “notebook”lar, televizorlar və şəxsi qulluq məhsulları üzrə müşahidə olunub. Müştərilər orta qiymət seqmentli məhsullara üstünlük veriblər”.