Azərbaycanda əhalinin ən çox istifadə etdiyi mətbəx mebelinin markası məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Araşdırma istehlakçı davranışlarının mahiyyətini və xüsusiyyətlərini öyrənmək və bu istiqamətdə müəssisələri məlumatlandırmaq məqsədi daşıyır.
İnsanların mətbəx mebelinə olan tələbatını və zövqlərin müxtəlifliyi nəzərə alaraq evlərdəki mətbəx mebelinin hansı markadan olduğu araşdırılıb. Araşdırma nəticəsində mətbəx mebeli bazarının əsasını sex mebelləri təşkil etdiyi məlum olub. Sorğuya verilən cavablar göstərir ki, hər iki evdən birində sex mebelinə rast gəlmək mümkündür. İstifadə edilən mətbəx mebeli brendlərinə baxdıqda isə, yerli mebel bazarının flaqmanı hesab edilən “Embavood” şirkətinin siyahıya liderlik etdiyi açıq-aşkar görünür.
Araşdırma nəticəsində Azərbaycanda mətbəx mebellərinin orta istifadə müddətinin 9 il olduğu məlum olub.
“Evinizdəki mətbəx mebeliniz hansı markadandır” sualına cavab verən respondentlərin 51,1%-i “Sexdə yığılmadı” cavabını verib.
Markasını bilməyən, çoxdandır cehiz gətirdiyini deyən, Türkiyənin, Polşanın və digər ölkələrin adını çəkənlər 19,0% təşkil edib.
Mətbəx mebeli olmayan, evləri yeni olan, sadə stol-stuldan istifadə edənlərin sayı isə 17,8% təşkil edib.
Rəyi soruşulanların 8,4%-i “Embavood”, 0,9%-i isə “Madeyra”, 0,4%-i “Damla Mebel”, 0,2%-i isə “Bellona” markalarının adını çəkib.
Mətbəx mebellərinin neçə ildir istifadə olunmasına gəlincə, rəyi soruşulanların 0,3%-i 1 aya qədər, 0,6%-i 1 aydan 3 aya qədər, 1,2%-i 3 aydan 6 aya qədər, 1,9%-i 6 aydan 1 ilə qədər, 11,2%-i 1 ildən 3 ilə qədər, 11,6%-i 3 ildən 5 ilə qədər, 24,9%-i 5 ildən 10 ilə qədər, 17,2%-i 10 ildən 15 ilə qədər, 5,0%-i 15 ildən 20 ilə qədər olduğunu deyib. Respondentlərin 7,5%-i isə 20 ildən çox cavabını verib. Mətbəxində mebeli olmayanlar 17,8%, istifadə müddətin xatırlamayanlar 0,6% olub.
Qeyd edək ki, ümumilikdə 1255 respondent arasında keçirilən sorğu Bakı və 7 regionu əhatə edib. Sorğunun əhatə dairəsi 47,1% Bakı, 8% Sumqayıt, 8% Quba, 5,4% Şirvan, 8% Lənkəran, 7,5% Mingəçevir, 8% Şəki, 8% Gəncədir.
Respondentlərin 9,7%-i 17-25 yaş, 25,4%-i 26-35 yaş, 20,3%-i 36-45 yaş, 21,5%-i 46-55 yaş, 23,0%-i 56-65 yaş aralığında olub. Sorğu iştirakçılarının 50%-ni qadın, 50%-ni kişi təşkil edib.
Respondentlərin 45,6%-i orta təhsilli, 18,3%-i texnikum, 36,1%-i isə ali təhsilli olub. Sorğu iştirakçılarının 76,6%-i evli, 7,8%-i dul-boşanmış, 15,6%-i isə subaylar təşkil edib.
Ailə gəliri 250 manat olan iştirakçılar (orta: 720 AZN) 9,4%, şəxsi gəlirləri 250 manat olanlar isə (Orta: 520AZN) 17,3% təşkil edib. 251 manat ailə gəliri olanlar 26,1%, şəxsi gəlirləri 500 manat olanlar isə 25,7% olub. 501 manat ailə gəliri olanlar 12,8%, şəxsi gəliri 750 manat olanlar 6,8% olub. Ailə gəliri 751 manat olanlar 13,0%, şəxsi gəliri 1000 manat olanlar 5,0% təşkil edib. Ailə gəliri 1001 manat olanlar 5,6%, 1500 manat şəxsi gəliri olanlar 1,4% olub. Ailə gəliri 1500+ manat olanlar 51,1%, şəxsi gəliri 1,4% olub.
Ailə gəlirləri barədə cavab verməyənlər 28,0%, şəxsi gəlirləri barədə cavab verməyənlər isə 10,4% olub. Sorğu iştirakçılarının 32,0%-i “Gəlirim yoxdu” cavabını verib.