Azərbaycanda küləklə işləyən ənənəvi generatorlardan daha qənaətcil və sərfəli alternativ enerji qurğusu layihəsi təqdim edilib.
FED.az xəbər verir ki, «Kuleko» adlanan startapın müəllifi Bakı sakini Murad Rəhimov və atası olub.
Eləcə də bax: Gürcüstanın “Kartli” külək elektrik stansiyası - SATIŞA ÇIXARILIR
Yeni külək qurğusu ənənəvi külək generatorlarından üfiqi vəziyyətdə olması ilə fərqlənir. Belə ki, klassik külək generatorları vintelyatora oxşayan qurğulardan ibarətdir və küləyin istiqamətindən asılı olaraq yerində fırlanmalı, yəni «küləyi tapmalıdırlar». Nəticədə belə generatorlar həm çox yer tutur, həm də küləyi tapmaq üçün əlavə fırlanma mexanizminə malk olmalıdırlar.
Yeni qurğu isə tamamilə fərqlidir və üfiqi şəkildə – yerə paralel yerləşdirilir. Belə olduğuna görə, küləyin istənilən istiqamətində fırlanır və çox yer tutmur. Nəticədə, bir yerdə çoxsaylı belə qurğu yerləşdirmək olur.
Generatorun ölçüləri, tətbiq ediləcəyi yerindən asılı olaraq dəyişir. Hal-hazırda standart qurğu 1,5x1,5 metr kvadrat formada, ən böyük prototipi isə 3x3 metrdir. Patent də bu panellərə alınıb.
Layihə müəllifi, FED.az-a bildirir ki, indiyədək qurğunun işlək prototip var idi: «Amma indi satış modeli üzərində iş gedir».
«Kuleko»nin iki modifikasiyası var - akkumlytorla və akkumlyatorsuz. Akkumlyatorlu variantın üstünlüyü ondadır ki, qurğu işləyən zaman əldə edilən enerji akkumulyatora toplanır, nəticədə külək olmayanda da yığılan enerjini istifadə etmək olur. Murad Rəhimov bildirir ki, akkumulyatorlu variant digərindən ikiqat bahadır: «Demək olar ki, bu sistemdə ən bahalı qurğu elə akkumlyatordur, qiyməti 500-1000 dollar arasındadır».
Külək qurğuları 12 və 48 voltluqdur. Akkumulyatorların köməyilə gərginlik 220 volta qaldırıla bilər. Evi enerji ilə təmin etmək üçün 48 voltluq qurğu lazımdır. Belələrinin qiyməti 2000-2500 dollar arasında olacaq. Amma hətta bu halda da küləklə çalışan bu generatorlar ənənəvi qurğulardan 50% ucuzdur.
Murad Rəhimov FED.az-a bildirib ki, layihəyə bir çox ölkələrdən maraq var, amma ilk növbədə Azərbaycanda gerçəkləşdirmək istəyir: «Çünki Azərbaycanda külək potensialı böyükdür. Demək olar ki, ildə 245 gün küləkli olur. Ona görə də Azərbaycan bu layihə üçün çox uğurludur».
«Kuleko» generatorlarını fərdi evlərdə və hündürmərtəbəli binalarda, evlərin damında yerləşdirmək olar. Eyni zamanda kondisioner kimi eyvanda quraşdırılan növləri də var. Həmçinin onların daha kiçik variantlarını şəhərin və yolların işıqlandırma sistemlərində quraşdırmaq mümükündür. Bir ailə üçün saatda 2-3 kilovat kifayət edir. Belə qurğunun ölçüsü 2,5x2,5 metr və ya 3x3 metrdir. Bu standartda olan generator 2000-2500 dollara, yol qırağı işıq dirəkləri üçün variantlar isə 150-200 dollara başa gəlir.
Murad Rəhimovun sözlərinə görə, hər bir binada 100 kilovata kimi hər hansı bir alternativ enerji ilə bağlı qurğunu icazəsiz binanın üzərinə quraşdırmaq olar.
«Odur ki, binanın həyətində akkumlyator quraşdırmaqla binanı tamamilə işıqla təmin etmək olar. Bundan sonra kerosinlə işləyən generatora ehtiyac qalmayacaq. Bu generatora sərf edilən vəsaiti maksimum iki il ərzində geri qaytarmaq mükündür».
Layihəni reallaşdırıb, istehsalata başlamaq üçün 200 min dollar lazımdır: «Macarıstanda keçirilən beynəxalq Falkon sammiti çərçivəsində ilkin olaraq investorlar tərəfindən 70 min dollar istənilmişdi. Layihə bir neçə şirkətin və bankların diqqətini cəlb etmişdi. Bu banklar arasında xarici banklarla yanaşı Azərbaycan bankları da var idi».
Layihəyə yerli kiçik sərmayəçilər də vəsait yatırıa bilərlər. Amma sərmayənin məbləği 20-30 min dollardan az olmamalıdır: «Startapımızı 500 min dollar qiymətləndiririk. Hazırda dünya praktikasında investora verilən standart pay 20%-dir. Yəni bizim layihəyə 70 min dollar investisiya edən şəxs, gəlirdən maksimum 20% pay ala bilər. Xarici təcrübə göstərir ki, maksimum pul yatıran investor gəlirlərdə 50% paya sahib ola bilər» - deyə startap yaradıcısı bildirib.