Diqqət: Material FED.az-ın sifarişi ilə hazırlanıb, onun digər resurslarda yayımlanması qadağandır.
Emin Əliyev: “Adamlar şəklimizi paylaşıb “dəlilər televizorla qaçıb reklam göstərirlər” yazırdılar. Bizim isə zamanla işimiz böyüyürdü. Bu üsul işləyirdi”
Amerikaya gedişi bir zarafat nəticəsində olur. Bu zarafat ona əvvəlcə baha başa gəlir. Yatmağa yeri, yeməyə pulu olmur. Çətin zamanları ona vəziyyətdən çıxış yolu haqqında düşünməyə məcbur edir. ABŞ-da öz şirkətini qurur, satır. Daha sonra bir startap yaradır. Onu 12 milyon dollara satır. Hazırkı startapını yeni başladığında 6 milyon dollara satmayıb, hələ ki satmaq fikri olmadığını deyir.
FED.az xəbər verir ki, söhbət “Murmur technologies” startapının qurucusu Emin Əliyevdən gedir.
“Murmur Technologies” ilkin olaraq San-Fransisko və Çikaqoda yaradılıb və mobil auditoriyaya çatan ağıllı reklam texnologiyasıdır. Azərbaycanlı gənc tərəfindən qurulan startapın iş prinsipi bel çantasına quraşdırılan smart reklam lövhəsi vasitəsilə müştərilər tərəfindən yerləşdirilən reklamları auditoriyaya çatdırmaqdan ibarətdir.
E.Əliyev Bakı Dövlət Universitetində (BDU) tətbiqi riyaziyyat və iqtisadi kibernetika üzrə bakalavr təhsili alıb. İngiltərənin “İmperial College London” Universitetində isə kompüter elmləri üzrə magistr dərəcəsini tamamlayıb.
- Emin bəy, bakalavr təhsiliniz tətbiqi riyaziyyat və iqtisadi kibernetika olub. Riyaziyyata xüsusi marağı olanlardansınız?
- Məktəb vaxtı riyaziyyat olimpiadalarında 1-2-ci yerləri tuturdum. Əslində isə, riyaziyyatı heç vaxt sevməmişəm. Xüsusi marağım coğrafiyaya idi. Çünki səyahətləri xoşlayıram. Qəbul imtahanında 585 bal toplamışdım. Balım daha yuxarı bal tələb edən ixtisaslara rahatlıqla düşürdü deyə, marağım olmasa da, riyazi yönlə bağlı seçim etdik. Pulsuz o fakültədə oxuya bilərdim. Düşündüm ki, Amerika filmlərindəki kimi maraqlı universitet həyatı olacaq. BDU-da isə ancaq və ancaq riyaziyyat gördüm. Qəbul olmuşdum, yarımçıq da qoya bilmədim. İndi olsa, yarımçıq qoyardım və istədiyim istiqamətə yönələrdim.
- Universitetdə olduğunuz müddətdə də sahənizə maraq yaranmadı?
- Müəllimlərdən soruşurdum ki, universiteti bitirib nə iş görəcəyik? Nə oxuyuram? Hansı işlərdə çalışa bilərəm? Bunu praktik, real izah edən yox idi. Ona görə mən və bir neçə qrup yoldaşım İT-yə yönəldik. Öyrəndik, elə tələbə vaxtından da İT sahəsində işlərdə çalışdım. “Bank of Baku”, “Delta Telecom” və “R.I.S.K” kimi şirkətlərin İT şöbəsində işlədim. Sonra magistr təhsili almaq üçün İngiltərəyə getdim. Bir il sonra qayıdıb Bakıda “R.I.S.K”də işləməyə başladım. Eyni zamanda İT tədrisi ilə bağlı kurs yaratdım. Bir gün də yığışıb Amerikaya gəldim.
- Biznesiniz olduğu halda, niyə hər şeyi atıb getdiniz?
- Azərbaycanda işlərim yaxşı gedirdi. Regionun telekom sahəsi ilə məşğul olan top 10 mühəndislərindən biri idim. Amerikaya gəlməyim bir mərc nəticəsində verilən qərar idi. Dostlarla söhbət edirdik. Bir dostum dedi ki, “American dream” (Amerika arzusu) deyilən bir yanaşma var. Dedim ki, o nədir? Dedilər ki, ölkəndə hər şeyi atırsan, “Amerika arzusu” üçün bu ölkəyə gedirsən, orada sıfırdan başlayırsan. Dedim ki, edək. Sonra özləri dedilər ki, dəlisən? Hər şeyi atıb hara gedək? Söhbət o yerə gəldi ki, edə bilməzsən. Səhəri gün bilet aldım, vizaya baş vurdum, bir həftə sonra Amerikada idim.
- Əvvəllər Amerikaya getmək arzunuz, istəyiniz olub?
- Bundan əvvəl təhsillə bağlı Nyu-York-da olmuşdum. Heç xoşuma gəlməmişdi. Amerika yaşamaq üçün mənə maraq yaratmırdı. Mərc gəlmişdim deyə getdim. Bu dəfə Çikaqonu seçdim.
- Əlinizdə pul var idi ki, bu qədər arxayın getdiniz?
- Əslində, pulla gəlmişdim. O pullar 1 ay sonra yoxa çıxdı. Çünki hər şey baha idi. Üstəlik, iş və yaşayış icazəm də yox idi.
- Bu halda tələbə kimi gediş ən yaxşı yol sayılır.
- Mən də ilk olaraq magistr tələbəsi kimi gəlmişdim. Tələbə kimi yaşayış icazəsi üçün universitetin yataqxanasında qalmalı idim. Onun da qiyməti baha idi. Başqa yerdə yaşamaq icazəsi (out of campus) yox idi. Tələbə olmaq işləmək icazəsi də vermirdi. Ona görə universiteti atmalı oldum. Sonra başqa universitetə keçdim. Təqaüd almırdım. Xərclərdən dolayı universiteti də davam etdirə bilmədim.
- Bəs nə etdiniz?
- Yaşayış icazəm olmadığı üçün heç kim mənə kirayə ev də vermirdi. Ona görə otellərdə qala bilərdim. Otellərdə nə qədər qala bilərsən? Bir ay sonra bomj həyatına başladım. 3 həftəyə yaxın “Mc donalds”da yatdım. Ona görə “Mc Donalds”dan xoşum gəlir (Gülür). Mənim evim oldu. Əlilliyi olan şəxslər üçün ayaqyolu hissəsində hər şey var. Çimə də bilirsən. Onlar da çox saxlaya bilmirdi. 1000 dollara maşın aldım. 1 ay da maşında yatdım. Sonra bir tanış öz adına kirayə ev tapdı, ödənişini mən etdim. Balaca, qoxusu heç də yaxşı olmayan bir otaq ev idi. Əsas odur qalmağa yerim oldu.
- Qalmaq məsələsi həll oldu, bəs iş?
- Ən çox stress yaşadan bir məsələ də bu idi. Deməli, işlərə müraciət edirdim. Saatına 80-100 dollar verən işlər var idi. O iş üçün uyğun olduğumu, sənədim olmadığı üçün götürə bilmədiklərini deyirdilər. Dəli olurdum. Baxırdım ki, məndən təcrübəsiz, bacarıqsız insanlar işləyirlər, mən işsiz qalmışam. Bir müddət pizza daşıma işində çalışdım, bir müddət də maşınımla ruhi xəstələri daşıyırdım. 1 il belə oldu.
- Sonra çıxış yolunuz nə oldu?
- İşə götürmürdülər. Özüm biznes açmaq qərarı verdim. Bununla bağlı bazarı araşdırdım. Ən yaxşı bildiyim İT idi, ona görə bu istiqamətdə iş qurmaq qərarı verdim.
- Aha, əsas məsələyə gəlirik – biznesə necə başladınız?
- Rəsmi olaraq şirkəti, rəqəmsal platformasını yaratdım, sonra şirkətlərə təklif verməyə başladım. Platformada işçi sayımızı çox göstərdim. Şirkətdə bir nəfər olsan da, rəqəmsal platformada 200-500 də yaza bilərsən. Qarşı tərəf də düşünür ki, 200 işçisi varsa, böyük şirkətdir.
“Chase Bank”dan dedilər ki, bir şöbədə kabel çəkilməsi işini sizə verəcəyik. Yaxşı etsəniz, sonra digər ofislərimizi də sizə həvalə edəcəyik. Təsəvvür edin təkcə Çikaqo ərazisində 700-ə yaxın filialları var. Dedi ki, 50 nəfər işçi lazım olacaq. Komandanız var? Dedim var (Gülür). Halbuki ancaq özüm idim. Tələbələri yığırdım. Deyirdim ki, siz gəlin, nə etmək lazım olduğunu deyəcəm. Mənə insan gücü lazımdır. Bir filialı etdik, xoşlarına gəldi. 10 filialı verdilər. 2 ildən sonra “Chase bank”ın tam olaraq İT dəstək xidməti bizdə idi. Sonra müştərilərimiz sırasında “Walmart”, “Hugo boss”, “Gap” və s. kimi mağazalar da əlavə olundu. 2 il sonra bir şirkət bizim şirkəti almaq istədi. Mən də satdım.
- Niyə satdınız?
- Bu iş elə idi ki, satış etməli, insanlarla işləməli idim. Birbaşa satışın içində olmaq mənə uyğun deyildi. Həm də İT-dən bezmişdim. Fərqli sahələri yoxlamaq istəyirdim. Amerikada mühit elədir ki, yolunu bilirsənsə, pul qazanmaq rahatdır. Söhbət edəndə, görürsən ki, adamlar bu məsələlərdən danışırlar. Çindən gətirdim belə satdım. O pulu filan yerə investisiya etdim. Biznesi necə edim? Gəliri necə artırım?
Üstəlik də, təklif edilən məbləğ çox yaxşı idi. 1 dollarlıq çizburgeri 4 günə yeyən bir adam olaraq çalışıb bu biznesi qurmuşam. İndi almaq istəyirdilər. Təklif edilən pulla Amerikada normal maşın, ev ala, normal yaşaya bilərdim. Yəni o dövr üçün yaxşı məbləğ idi. “İT Logic” şirkəti aldı. O biznes hazırda davam edir.
- Startaplara keçmək istəyirdiniz?
- Bəli, amma mən startapların nə olduğunu bilmədən keçid etmişdim. Deməli, dostlarımın tırla bağlı logostika şirkəti var idi. O şirkət üçün “çağrı mərkəzi” proqramı yazdım. Proqram şirkətə il ərzində 60 min dollar qənaət imkanı yaradırdı. Sonra bu proqramı başqa şirkətlərə də satmağa başladım. 10 şirkət alandan sonra mənə dedilər ki, bu texnoloji startapdır. Dedim, startap nədir? Mənimki odur ki, nə isə etdim, pul qazandım.
Sonra bir gün həyat yoldaşım dedi ki, bir proqram var. İnsanlar gəlir, ideyalarını proqramda investorlara təqdim edirlər. İnvestorlar yaxşı layihələri seçirlər, maliyyə yatırırlar. Dedim mənlik deyil. Necəsə 5 dəqiqə baxmağa razı saldı. 5 dəqiqə 3 saat oldu. Xoşuma gəldi. Dedim ki, məndə də ideyalar var. Bildim ki, startap nədir. Araşdırmağa, bu istiqamətdə fəaliyyətə başladım.
- Bundan sonra “Easymove” startapınız yaranıb.
- Bəli, təsəvvür edin, bir evdən başqa evə köçmək istəyirsinizsə, bizim tətbiqə daxil olub oradan tır sifariş edirsiniz. O sizin yüklərinizi ünvandan ünvana aparır. İlk vaxtlar bu layihəm diqqət çəkmədi. Problem onda idi ki, mən qiyməti “razılaşma yolu ilə” yazmışdım. Amerikada isə müştəri konkret qiymət istəyir. Amerikalılar bu məsələyə görə bizə doğru şirkət kimi baxmırdılar.
Qiymət öldürmək söhbəti mentalitetində olan türklər, qırğızlar, qazaxlar, ruslar, ukraynlar, ərəblər yaşayan istiqamətə kökləndim. Bundan sonra tətbiq işləməyə başladı. İlk sifarişimiz də yadımdadır. 150 dollarlıq sifariş idi. 25 dollar qazancımız olmuşdu. Beləliklə, “Easymove” yarandı. Yoldaşımla bütün gün qışqırırdıq, sevinirdik ki, artıq işləyir.
- Bu iş-gücün arasında evlənməyə də vaxt tapmısınız.
- (Gülür) Amerikada tanış olduq. Bir həftə görüşdük, dedim ki, gəl evlənək. Dedi ki, bir həftədir, evlənmək nədir? Yaşadığımız yerlər arasında məsafə çox idi. İşlərdən görüşlərə gedib-gəlmək heç cür alınmırdı. Ona görə çox qısa müddətdə qərar verib evləndik.
- “Easymove”da yoldaşınızla bir yerdə işləyirdiniz?
- Bəli, hər işi özümüz görürdük. Yəni işi quran adam olsaq da, şirkətdə yük də olsa, daşıyırdıq. 7 il o bizneslə məşğul olduq. Amerikada 40 minə yaxın tır tətbiqə qoşulmuşdu. Milyonlardan çox dövriyyəmiz var idi. Şirkəti “Amazon” almaq istəyirdi. Danışıqlar gedirdi. “Amazon”da da yüklərin danışması xidməti var idi. Üzvsənsə, deyir ki, 1 günə sənin malını çatdırıram. Mebel olanda, 1 günə də çatdıra bilmirdilər. Biz isə 1 saata çatdırırdıq. Logistikanı elə qurmuşduq ki, bir tır o biri tıra mal ötürürdü. Gözləmirdik, mal həmişə hərəkətdə idi. “Amazon”da danışıqlar apardığımız adam rəhmətə getdi deyə, qaldı. 6 ay sonra başqa şirkət təklif verdi, satdım.
- Milyonlarla dövriyyəsi olan şirkəti neçəyə satdınız?
- 12 milyon dollara satdıq. O pulun hamısı bizə qalmadı. Orada investorlar, bank kreditləri var idi. Birinci onların ödənişini edirsən. Bizə 2 nəfərə 2 milyona yaxın pul qaldı.
- Bəs “Murmur technologies”in ideyası necə yarandı?
- Əslində, “Murmur” “Easymove” üçün bir marketinq platforması idi. Əvvəllər biz reklam üçün “Facebook”, Google”a ayda 70-80 min dollar pul verirdik, istədiyimiz nəticəni də ala bilmirdik. Başladıq düşünməyə ki, harada səhv edirik? Nə edə bilərik? Yoldaşım “Pepsi”də marketinq şöbəsində işləyib. Dedi ki, mebel dükanında adamlar böyük yükləri balaca maşına basıb aparmağa çalışırlar. Bu cür yerlərdə yükdaşıma şirkətinin reklamını aparmaq daha yaxşı olar. Yoldaşım dedi ki, elə bir şey etmək olarmı ki, televizoru gəzdirirsən, lazım olan yerdə reklamı göstərirsən. Dedim ki, yaxşı ideyadır, edə bilərik. Maşından akkumlyatoru çıxardım, televizoru qoşduq və bizə lazım olan yerlərdə reklamımızı bu cür göstərməyə başladıq. Həftədə 30 sifarişimiz olurdusa, bundan sonra 258 oldu. Sonra daha çox artdı. Həmişə hansı ərazidə işə başlayırdıqsa, bu üsuldan istifadə edirdik.
- Bu ideyanı reallaşdırmaq üçün həm də gərək komplekssiz olasan.
- Yoldaşımla mən televizorla gedib göstərirdik, gəzirdik, qaçırdıq. Camaat da deyirdi ki, dəlidirlər nədirlər. Hətta şəklimizi çəkib paylaşıb “dəlilər televizorla qaçıb reklam göstərirlər” yazırdılar. Bizim isə zamanla işimiz böyüyürdü. Bu üsul işləyirdi. Daha da təkmilləşdirmək lazım idi. Çünki bizim şirkətə marketinq lazım idi. Yəni bu şirkətin bir marketinq bölməsi kimi idi.
“Easymove”u satandan sonra bloq yazmağa başladım. Orada öz təcrübəmi bölüşürdüm. Həmin reklam üsulumuzdan da yazmışdım. Startapların qrupunda bölüşəndə, 200-dən çox təsisçi yazıb elə bir həll yolu istədiyini dedi. Dedilər ki, investorlardan pul alırıq, 80 faizini “Google”, “Facebook” və s. reklamlara gedir. Marağı da gördüm. Psixologiya, neyromarketinqi öyrənməyə başladım. Məhsulu yaratdıq.
- Beləliklə, “Murmur” bir startapa çevrildi.
- “Murmur” 2019-2020-ci illərdə “Easymove” üçün marketinq platforması idi. 2021-ci ildə isə ayrıca startap kimi yaratdıq. İlk müştərilərimiz arasında “Nike”, “Adidas”, “Mercedes”, Hugo boss”, Volkswagen” və s. var idi. “Mercedes” demişdi ki, mükəmməldir, xoşumuza gəldi. Biz sizinlə 5 milyon dollarlıq müqavilə bağlamaq istəyirik. Bizə lazımdır ki, kampaniyamız Nyu-York, Çikaqo, Mayami, Los-Ancelesdə yayımlansın. Dedik ki, o qədər böyük deyilik (Gülür). Gördük ki, şirkətlər bəhrəsini görürlər və pul vermək istəyirlər. Daha da həvəsimiz artdı.
- Bəs investisiya?
- Bu startap üçün ilk investisiyanı mən startap başlamamış almışdım. Azərbaycanlı “mələk investor” Elşən Maqsudov o vaxt “Easymove” üçün investor olmaq istəyirdi. Təklif verəndə, dedim ki, biz onu satdıq. 50 min dolları verdi, dedi ki, götür. Bilirəm ki, sən yenə şirkət quracaqsan, o şirkət uğurlu olacaq. Dedim ki, istəmirəm, amma verdi (Gülür). Sonra Elşən Maqsudov azərbaycanlı bir dostuna da demişdi, o da 100 min dollar investisiya yatırdı. Sinqapurdan vençur kapital şirkəti 50 min dollar investisiya etdi. 100 min dollar özüm investisiya etdim.
- Bu işi biznes olaraq da həyat yoldaşınızla bir yerdə qurdunuz?
- Yoldaşım da bir investordur. Sonradan dedi sən işləri gör, mən investor kimi qalıram (Gülür).
- Artıq 2 il keçib. Startapın gəldiyi yer necədir?
- Bu yaxınlarda dünya bazarında brand marketinq üzrə top 3-lükdə yer aldıq. Ora böyük şirkətlər qatılmışdı. Bizim reklam texnologiyamız süni intellektə bağlıdır. Bu da bizə üstünlük qazandırır.
- Bel çantasına quraşdırılan smart reklam lövhəsində süni intellekt necə işləyir?
- Siz ekrana baxanda, müəyyənləşdirir ki, qadındır, yoxsa kişi? Özünü necə hiss edir? O parametrlərə uyğun sizə reklam göstərir. Yəni standart reklamla dolaşmır. İnsana uyğun reklam göstəririk. “Procter & Gamble” ilə bir layihə etdik. Pomadanı ağ saçlı sizə çox oxşamayan bir xanımın reklamında görsəniz, “Bu mənə oxşamır, mənə yaraşmaz” deyəcəksiniz. Reklamda görsəniz ki, sizə oxşar xanımdır, deyəcəksiniz ki, bəlkə mən də alım. Bu faktorlarla işləyirik. Şirkətlərə reklamla bağlı analitikanı da veririk. Çöl reklamları üçün 95 faiz dəqiq analitika veririk. Neçə insan baxdığını dəqiq deyirik. Hansı ərazilərdə daha çox reklam olmalıdır ki, müştəri gəlsin, bunu deyirik.
- Nə qədər əməkdaşınız var?
- Ofisdə 20-yə yaxın. Reklamları yayan insanlar isə çoxdur. 40 minə yaxın insan müraciət edib çanta verməyimizi gözləyir.
- Reklam yönünüz ancaq bel çantaları ilə bağlıdır?
- Restoranlarda televizorlar var, boşuna durur, sizə gəlir gətirmir. Bizim platformamızı qoşub restoranlar reklam yayımlarından gəlir qazana bilərlər. Restoranların içərisində ekranlı poverbanklar var. Orda da reklamlar göstərilir. Taksilərdə ekranlar var, onlar da qazana bilərlər.
Necə ki onlayn şəbəkələr var, biz də belə platformanı offlayn dünya üçün yaradaq. “Google” onlaynda olsun, biz isə real həyatda reklamları göstərək. Bunu edən yeganə şirkət idik. Bizdən sonra da edənlər oldu. Texnologiyanı tam dəqiq bilmirlər deyə, o qədər də uğurlu alınmır. Biz havanın təmizliyini də ölçürük, ona əsasən reklam göstəririk. Yəni hava neçə saniyə reklama baxmağa imkan verir.
- Amerikadasınız, Azərbaycanda da görmüşük. Başqa ölkələrdə varsınızmı?
- Gürcüstan, Özbəkistan, Türkiyədə açılırıq. İlin axırına qədər Kanada, Fransa və İngiltərə planımızdadır.
- Biznesi almaq istəyən olsa, razılaşarsınız?
- Yox, dünya bazarında səhmlərimizi satacaq formaya gəlməyi planlamışam. Hətta o səviyyəyə gəldiyimizdə, Nyu-York-da çıxışım zamanı hansı cümlələri deyəcəyimi də yazmışam, necə geyinəcəyimi planlamışam. Arzumdur və ona doğru getməliyəm.
Bir il bundan əvvəl “Cluba house”un ən yaxşı vaxtları idi. Mən “Waze” naviqasiya applikasiyasının (“Google”a məxsusdur) menecerləri ilə danışırdım. Startapımızı satıb-satmadığımızı soruşdular. Dedim ki, satmaq istəmirəm. Sonra bizim startapa bir investor qoşuldu. İnvestor deyirdi ki, 6 milyona sata bilərik. Razılaşmadım. Çox ucuz olduğunu düşündüm. Həm də istəmirdim.
Bu işdə özümü daha yaxşı hiss edirəm. Texnologiya insanlara köməklik edir. İnsanlar “sağ ol” deyirlər. Bu texnologiya ilə insanlar pul qazana bilirlər.
- Bel çantasında reklamlarla gəzən şəxslərin qazancı nə olur?
- Əgər bizim çanta ilə gəzirsə, 400 manat maaşdır, 15 faiz də bonus. Əgər çantanı bizdən pulla alırsa, maaş 500, bonus 20 faiz olur. Əgər belində bizim çanta ilə gəzən şəxsin ekranında bank kredit reklamı gördünüz. Yaxınlaşıb maraqlansanız, krediti alsanız, oradan ona faiz verilir. Hər reklama görə dəyişir. 1 faiz də ola bilər, 10 da.
- Reklamı görən hər kəs də yaxınlaşıb soruşmur.
- Məqsəd odur ki, bizə qoşulanlar da kiçik sahibkarlar olsunlar. “Daha çox insan yaxınlaşsa, daha çox qazanacam” motivasiyası üçün belə edirik. Bizə də xeyri olsun, özlərinə də. Yaxınlaşmaq məsələsinə gəlincə, belə hallar olur. Çünki biz reklamları uyğun yerlərdə edirik və orada maraq göstərənlər olur. Məsələn, kiçik sahibkarlar üçün biznes krediti reklamı var idi, biz onun üçün uyğun yerlər seçirdik. Sədərək Ticarət Mərkəzi, Binə Ticarət Mərkəzi, 8-ci km bazarı və s. kimi yerləri seçdik. Əməkdaşlarımız orada gəzirdi və gün ərzində 100-ə yaxın insan yaxınlaşıb maraqlanırdı. O reklamı “Google”da da verə bilərsiniz. “Google” nə bilir ki, adam kiçik sahibkardır, yoxsa yox. Biz isə görə bilirik.
- Həmin şəxslər üçün gündəlik iş saatı limiti var?
- Əgər çanta sizindirsə, limit yoxdur. Bizimdirsə, limit var. Çanta sizindirsə, bizim applikasiyaya girirsiniz, hər saata və insan baxış sayına görə pul qazanırsınız. Bizimdirsə, istəyirik ki cihazımız sizdədirsə, işləsin, boş qalmasın.
Tələbə evdən dərsə gedənə qədər yollarda olur. Bu dövrdə pul qazana bilər. Yaxud kuryerlər bütün günü yollardadırlar. Onlar üçün də əlavə gəlirdir.
- Dünyanın ən yaxşı startap akseleratorlarından olan “500 Global”dasınız. Necə bir mühitdir?
- “500 Global” dünyada “Top 3” akselerasiya mərkəzlərindən biridir. “Y Combinator” var. Bu Amerika üçün “Top 1” akseleratordur. Bir də “Tech star” var. Biz “500 Global”a və “Tech star”a qəbul olduq. “500 Global”ı seçdim. Həm investisiya fondudur, həm də biznesini qlobala çıxmağa köməklik edirlər. Əgər siz qlobal şirkət yaratmaq istəyirsinizsə, ideal mühitdir. Məndən də soruşdular, dedim ki, qlobala çıxmaq istəyirəm. Dünyada hər kəs bilməlidir ki, “Murmur” nədir və onun təsisçisi azərbaycanlıdır.
- İnvestorlardan danışaq. İnvestisiya necə alınır?
- İnvestorla birinci görüşüm idi. Dedi ki, sən kimsən? Ağıllı insana oxşamırsan. Sənə niyə inanmalıyam? Danışmağa başladım. Təhsilim, işlərim, cəhdlərim və s. danışdım. Dedi ki, bax, bunları de. Öz ideyaların var, ağıllı insansan. Danışanda da nələrə qadir olduğunu göstərməlisən. Bəlkə də bu xüsusiyyətimə görə “Easymove”da investisiya cəlb etmək çətin olurdu. Özümlə bağlı məlumat vermirdim, hansı layihələrdə rəhbər olduğumu demirdim. Demək lazımdır. Özünü yaxşı göstərə, ideyana inandıra bilməlisən.
- İnvestor da boşuna pul xərcləmək istəmir.
- Birinci şirkəti satandan sonra mən özüm də investisiya etməyə başladım. İdeyaları xoşuma gəldi. Bildim ki, mən onunla məşğul olmayacam. Kimsə məşğul olmalıdır ki, həyatı daha da rahat edək. Özün investisiya edəndə, investorları daha yaxşı başa düşürsən. İnsanın heç nəyi yoxdur, ancaq pul dalınca qaçırsa, məqsədi özünə ev, maşın almaqdırsa, yatırdığın pul batacaq. Görəndə ki ideyası yaxşıdır və adam biznes üçün xərcləyir, onda “okey” deyə bilirsən.
100 investordan biri sənə inanır, pul verir. İnanmaq üçün harda oxuduğunu, işlədiyini, nə işlər gördüyünü soruşur. O görməlidir ki, avara deyilsən, pulunu boşuna xərcləməyəcəksən.
- Aldığınız ilk investisiya nə qədər idi?
- İlk investisiyanı “Fedex”dən almışdıq. 50 min dollar vermişdi.
- Bəs ən çox hansı məbləğdə almısınız?
- 550 min dollar olub .
- Deyirlər, startapçıların günü olmur...
- Gözləməyə vaxt yoxdur. Hər dəqiqə yeni texnologiya çıxır. Mən etməsəm, başqa biri edəcək. Daim yarışdasan. Ancaq işləyirəm. Hərdən unuduram ki, yemək də lazımdır. Hardasa 8 ildir bu rejimdəyəm.
- Bu rejim yormur?
- Çox yoruluram, çox stressdir. Mən öz şirkətimdən bir dəfə də maaş almamışam. Düşünürsən ki, işçim vaxtında maaş alsın, mən almasam da olar. Amma hər dəfə yeniliklər etmək, dünyaya yeniliklər gətirmək xoşuma gəlir. Yorğunluğumu da aparan odur. İstirahətim işləməkdir, nəinki dənizdə çimmək, haradasa əyləncələrə getmək. Əylənməyə gedəndə daha çox yoruluram.
Ətrafımdakı insanlar da məni işləməyə motivasiya edirlər. Biri deyir ki, 100 min dollar investisiya aldım. O biri deyir əla, biz də bir milyon dollar. O biri deyir ki, biz də 40 milyon dollar. Belə bir yarış var və bu, adamı motivasiya edir.
Məbləğlə danışanda, gözə pul görünə bilər, amma məqsədimiz insanlara daha da rahatlıq gətirmək, həyatı daha da asan etməkdir. Siyasət yoxdur. İstəyirik ki, biznes böyüsün, daha çox istifadəçisi olsun.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı