Azərbaycanda onlayn ticarətin və alış-verişin sürətlə yayıldığı bir vaxtda, bu sahədə yeni ideyalar və biznes üsulları ortaya çıxır.
FED.az xəbər verir ki, Azərbaycanda bu məqsədlə karqo və internet sifarişlərinin avtomatlaşdırılmış poçt qutularından növbəsiz və kontaktsız götürülməsini təmin edən yeni startap fəaliyyətə başlayıb.
Yeni layihə indiyədək kuryerlər vasitəsilə birbaşa evə çatdırılan daşımaları əvəz etməlidir.
Sifarişlər evə deyil, xüsusi poçt qutularına gətirilir
Layihənin ideyası Bakının və respublikanın digər şəhər və rayonlarının müxtəlif yerlərində avtomatlaşdırılmış karqo poçt qutularının quraşdırılmasından ibarətdir. Bu qutular bir növ terminal və ya avtomatik poçt qutussu rolunu oynayır. Adi poçt qutularından fərq ondan ibarətdir ki, bu qutulan istənilən şəxsə gələn yüklər götürülə bilər.
“Smartpos” MMC şirkətinə məxsus olan “Kargomat” startapının rəhbəri Samir İsmayılov FED.az-a bildirib ki, “Kargomat” - avtomatlaşdırılmış poçt qutusu sayılır. Hər hansı bir şəxsin sifarişləri və vətəndaşlar bu qurğulara çatdırılır, sifarişin sahibi isə onu bu qutudan götürə bilər. «Bizə qoşulan karqo şirkətləri və internet mağazalar texniki işlər bitəndən sonra biz onlardan sifarişi götürürük və müştərilərin seçiminə uyğun olaraq hansı “Kargomat”ı seçibsə sifarişi ora aparıb qoyuruq».
«Müştəri hansı qutunu seçirsə, sifariş ora çatdırılır»
S.İsmayılov bildirib ki, ümumiyyətlə, müştəri hansı karqo şirkətinin xidmətindən faydalanırsa, bağlama Bakı anbarında olanda şəxsi kabinetindən öz bağlamasını istədiyi “Karqomat“ terminalına göndərə bilər. Göndərilmə baş verdiyi halda, əgər müştəri bu prosedura həyata keçiribsə bu məlumat sistemə düşür: «Sifariş «Kargomat» terimnalına yerləşdiriləndən sonra bu barədə müştəriyə SMS göndərilir, SMS-də altırəqəmli şifrə olur. Müştəri terminala yaxınlaşaraq şifrəni daxil edir və avtomatik olaraq məhz ona məxsus qapısı açılır və müştəri oradan öz sifarişini götürür».
Sözü gedən layihə artıq bir ildir ki, fəaliyyətdədir və xeyli sayda istiadəçisi də mövcuddur.
Pandemiyadan əvvəl fikirləşmişdilər, indi işə saldılar
«Kargomat»ın ideyası əslində pandemiyadan əvvəl yaranıb. Lakin, pandemiya bu işləri gecikdirib. Bu layihənin yaradılmasında məqəd isə insanlara yeni nəsil bir çatdırılma növünü təqdim edilməsi olub.
Söhbət ondan gedir ki, bu variantda insanların evinə kuryer gəlmir, eləcə də müştərinin özünün hansısa ofislərə, karqo şirkətlərinə, ya da mağazalara getməsinə ehtiyac qalmır, onlar öz sifarişlərini onlara yaxın «Karqomat.lardan götürə bilirlər.
«Kargomat» şirkəti 2023-cü ilin əvvəlindən işə düşüb və bu tarixdən ilk terminallarını yerləşdirməyə başlayıb.
Kənardan şərik cəlb etmək istəmirlər
Samir İsmayılov qeyd edib ki, hələlik hər hansı gəlirdən söhbət getmir, hazırda yalnız layihəyə yatırım edilir: «Gələcəkdə bizim xərclərimiz tamam ödəndikdən sonra yerdə qalan fərq bizim gəlirimiz olacaq. Yəni bizim xidmət normal çatdırılma xidmətidir və biz də bu xidmətə uyğun qazanc əldə edəcəyik».
Şirkət kənardan investor cəlb etmək niyyətində deyil, bütün məsələləri öz gücü hesabına həll edir.
İnternet mağazaları üçün yeni imkan
Samir İsmayılov qeyd edib ki, hazırda layihənin iki növ tərəfdaşları var - bunlar karqo şirkətləri və internet mağazalar, elektron ticarətlə məşğul olan kiçik və orta sahibkarlardır.
«Karqo şirkətlərindən «Limak», «E-yol», «Ocaq Ekspress», «Azərkarqo», «Poçta.az» kimi şirkətlər bizə artıq qoşulub və fəaliyyətə başlayıblar. İnternet mağazalardan ən birinci qoşulan isə «Ali və Nino» kitab evidir. Hal-hazırda bir neçə internet mağazanın qoşulmasını həyata keçiririk və işlər tamamlanır».
«Sədərəyə» getmək lazım olmayacaq - çatdırırlar
«Karqomat»ın ən maraqlı tətbiq istiqaməti «Sədərək Ticarət Mərkəzi»ndən malların gətirilməsidir. Şirkət rəhbərinin sözlərinə görə «Sədərək Ticarət Mərkəzində» iş adamları ilə müqavilələr bağlanılır və yaxın zamanda o dükanlardan da sifarişləri «Karqomat»dan əldə etmək olar.
Şirkət rəhbəri bildirir ki, hazırda «Kargomat»lardan gündə yüzlərdə insan istifadə edir. İş düşəndən bəri bir il ərzində onun xidmətindən 30 minə yaxın insan istifadə edib. Şirkətdi bildirirlər ki, «Karqomat»ların sayı artdıqca istifadəçilərin sayı da artır.
Ən maraqlı hissə – qiymətlər
Hər bir “Kargomat” terminalında üç fərqli ölçüdə qutu var: kiçik, orta və böyük.
Kiçik qutunun hündürlüyü: 12 sm, orta qutunun hündürlüyü: 22 sm, böyük qutunun hündürlüyü: 45 sm-dir. Bütün qutuların eni və dərinliyi 45 sm-dir.
Bakı daxili çatdırılma qiymətləri karqo şirkətləri üçün 68 qəpikdən 90 qəpiyədək, internet mağazaları üçün isə 2 manatdan 3 manatadək dəyişir. Çatdırılma isə sifariş verilən andan etibarən 30 dəqiqə ilə 4 saat arasında dəyişir.
4 saat ərzində bütün sifarişlər terminallara yerləşdirilir: «Burada növbə yoxdur. Karqo şirkətlərində olduğu kimi, növbə gözləmirlər. Demək olar ki, bütün terminallar 7/24 prinspi ilə çalışır».
Terminallar supermarketlərdə, iş mərkəzlərində, vağzallarda, insanların ən çox olduğu, vaxtlarını keçirdiyi yerlərdə quraşdırılır.
Qeyd edək ki, belə prinsiplə işləyən startaplar indiyədək dünyanın bir çox ölkələrində (Avropa, Amerika) tətbiq olunub.
Vergilərdən də azad edilib
«Kargomat» startapı KOBİA tərəfindən startap şəhadətnaməsinə də layiq görülüb. Bu şəhadətnamə yeni startapı 3 il müddətinə vergilərdən azad edir.
Şirkət rəhbəri sonda KOBİA-ya öz xüsusi təşəkkürlərini bildirib: «Bu layihənin həyata keçməsində KOBİA-nın xüsusi ilə də Orxan Məmmədovun böyük dəstəyi var. Onlar bizə həm texniki proqramın tətbiq edilməsi, həm də əlaqələrin qurulmasında böyük dəstək olublar».