Azərbaycanda müştərilər və maliyyə təşkilatları – banklar, BOKT-lar, lizinq və sığorta şirkətləri arasında əlaqə yaradan yeni platforma işə düşüb.
FED.az xəbər verir ki, yeni sistemin müştərilər və maliyyə qurumları arasında fasiləsiz əlaqə yaratması, eyni zamanda müştəri məlumatlarının maliyyə şirkətləri ilə paylaşması nəzərdə tutulur.
«Money Tunnel» adlanan platforma startapdır, buraya bir dəfə daxil edilən istifadəsi məlumatları çoxsaylı şirkətlərlə paylaşılır.
Layihənin direktoru Fuad Tağıyev FED.az-a bildirib ki, bu layihə bankların, xüsusilə də satış və kredit şöbələrinin satış sahəsindəki problemlərini həll etməlidir. İndiyədək müxtəlif banklarda – «Azər-Türk Bank» və «Bank VTB (Azərbaycan)»da çalışan F.Tağıyevin sözlərinə görə, bankların satış şöbəsində satış kanallarının demək olar ki, olmaması və alternativ satış kanalları azlığı səbəbindən satış komandasının işi çətindir. Nəticədə banka yararlı müştərinin tapılması və həmin müştərinin bankın daxili kredit prosedurlarına uyğun analiz edilməsi də çətinləşir, yeni sistem də bu problemlərin həllinə kömək etməlidir: «Xüsusən kreditlərlə bağlı tez-tez ünvanlanan sualların cavablandırılması ehtiyacı belə bir ideyanın yaranmasına səbəb olub».
«Money Tunnel» platformasının işləmə prinsipi sadədir - Fuad Tağıyev qeyd edir ki, müştərilər sistemdə qeydiyyatdan keçərək tələbatına uyğun məhsulu seçir: «Müştəri müraciətini göndərdikdən sonra müraciət avtomatik olaraq sistemə düşür və banklar həmin müraciəti təhlil edir. Müraciətlər hansı maliyyə təşkilatına uyğundursa, kim yaxşı təklif edirsə müştərinin seçimini alır».
Müxtəlif məhsul üçün platforma üzərindən müraciət edən müştərilərə bankların təklifləri də platforma vasitəsilə göndərilir. Eyni zamanda banklar müştərilərin kontaktlarını əldə etdiklərinə görə, onlarla birbaşa əlaqəyə də keçə bilərlər.
Platformadan həm fiziki şəxslər və vətəndaşlar, həm də hüquqi şəxslər, şirkətlər də istifadə edə bilər.
Başqa sözlə, kredit ehtiyacı olan fiziki və hüquqi şəxslər axtardıqları məhsul üçün bir yerdən müraciət edərək müraciətlərini birdən çox banka çatdırmış olur.
Bu platformadan faydalanan təkcə kredit təşkilatları da faydalana bilərlər, yəni rahatlıqla müştəri axını əldə edirlər.
“Money Tunnel” platformasının yaradılması bir ilə yaxın vaxt aparıb, 2023-cü ilin sentyabrında qurulmağa başlayan platforma 3 iyun 2024-cü il tarixindən işə düşüb.
Startapın gəlirləri ilkin mərhələdə yalnız reklam bannerlərindən nəzərdə tutulub, eləcə də istifadəçilər bildiriş tipli reklamlar göndərir. Fuad Tağıyevin sözlərinə görə, istifadəçilər üçün proqram təminatı pulsuzdur, heç bir ödəniş tələb olunmur: “Yalnız gələcəkdə tərəfdaşlarımızdan müəyyən bir xidməti haqqının alınmasını planlaşdırırıq. Cəlb etdiyimiz müştərilərin sayına daha doğrusu yaralı istifadəçi sayına görə xidmət haqqı tələb etməyi düşünürük. Hələlik isə qarşıdakı 6 ay ərzində bu xidmət də təmənnasızdır və ödəniş tələb olunmur”.
Artıq “Money Tunnel” startapı həm istifadəçilərin, həm də xidmət satacaq maliyyə qurumlarının axtarışına başlayıb. Fuad Tağıyev bildirib ki, müxtəlif maliyyə təşkilatları ilə tanışdırlar: “Onların içərsində, banklar BOKT-lar, lizinq və lombard şirkətləri var, onlarla artıq startap fəaliyyətinə başlamamışdan öncədən müqavilə bağlamışdıq. Hal-hazırda proqram təminatının inkişafı üzrə işlər görürük. Qarşılıqlı şəkildə bir-birimizə irad və təkliflərimizi bildiririk”.
Yaxın gələcəkdə layihəyə sığorta şirkətləri də qoşulacaq, yəni platforma vasitəsil sığorta məhsulları almaq mümkün olacaq.
Startap ilkin mərhələdə Azərbaycannda yaradıldığı üçün hələlik yalnız ölkədə fəaliyyət göstərir, amma gələcəkdə maliyyə sektorunda sıxıntı yaşayan, maliyyələşmə proseslərinin çətin olduğu ölkələrə də keçid edilməsi planlaşdırılır.
Startapın ilk istifadəçiləri də var, onların cəmi 123-dür. Burada həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar, fiziki şəxslər var, amma əksəriyyət fiziki şəxslərdir.
Platforma vasitəsilə banklar, lombardlar və lizinq şirkətlərində istehlak kreditləri, kredit kartları, ipoteka kreditləri, lizinq məhsulları, lombard kreditləri kimi məhsullar axtarmaq olar. Hüquqi şəxslər isə bu sistemlə mikrokreditlər, kredit xətti ilə yanaşı, bank qarantiyası və akkreditivlər üçün də müraciət edə bilərlər.
“Money Tunnel” startapı maliyyə təşkilatlarından əvvəl dövlət qurumlarının diqqətini cəlb edib. Layihə KOBİA tərəfindən startap şəhadətnaməsinə layiq görülüb, yəni işə düşdükdən sonra 3 il müddətinə vergidən azad edilib.
Hələlik layihə təsisçilərin öz vəsaitləri ilə işləyir, Fuad Tağıyev əlavə edib ki, layihəyə kənardan investor cəlb edilməyib: “Hər şey daxili imkanlarımıza əsasən yaradılıb. Düzdür, investor bir startapın inkişafı, pik həddə çatması üçün daim tələb olunur. Bizdə isə maliyyə yalnız marketinq xərclərinə tələb olunur».