Xəbər verildiyi kimi, Türkiyədə zəlzələ zamanı qardaş ölkəyə yardımı ilə gündəmə gələn Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək.
FED.az xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir. "Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər", - deyə Sərvər Bəşirli təklifə cavab verib.
Xatırladaq ki, bir il əvvəl, 2023-cü ilin fevralın 6-da Türkiyədəki güclü zəlzələ bütün dünyanı sarsıtdı, Azərbaycan başda olmaqla, bütün ölkələr bir anda dağılan şəhərlərə, ağır dağıntılar altında qalan insanlara köməyə tələsirdi.
FED.az xəbər verir ki, həmin vaxt Bakı küçələrində üstünə yardım üçün əşyalar, yorğan-döşək yığılmış qırmızı avtomobilin Türkiyəyə yardıma tələsməsi ilə bağlı foto bütün sosial şəbəkələri və türk dünyasını dolaşdı. Bu Laçından olan məcburi köçkün Sərvər Bəşirli idi.
Erməni işğalı nəticəsində vaxtilə doğma Laçından köçkün düşmüş Bəşirli ailəsi bunun nə demək olduğunu yaxşı bilir. Ona görə də Kahramanmaraş zəlzələsində Sərvərin ailəsi dağıntılar altında qalan, evı yıxılan, əzizlərini itirən insanların acısını özününkü kimi hiss etdi. Kasıb evlərində ələ gələn yorğan-döşəklə türk qardaşlarına dəstək olmağa çalışdılar.
Qədirbilən Türkiyə cəmiyyəti bu nəcib hərəkətə böyük dəyər verdi. Sərvərin addımı Türkiyədə ən yüksək səviyyədə qeyd edilir, sadə insanlardan tutmuş iş dünyasına qədər, bütün insanlar dar gündə Türkiyəyə dəstək olmağa çalışan bu gənci yüksək qiymətləndirirlər...
Əslən Laçından olan, torpaqları 1992-ci ildə işğal olunandan sonra 30 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayan Sərvərin ailəsi Abşeron rayonunda, Ceyranbatan qəsəbəsində yeni tikilməkdə olan evdə yaşayır. Ev türk iş adamlarının dəstəyi ilə inşa edilir:
- Türkiyədə zəlzələ xəbərini sosial şəbəkələrdən oxudum, çox sarsıldım, zəlzələnin güclü olmasını, çoxlu sayda insan tələf olduğunu görüb dəhşətə gəldim. Biz də 1992-ci ildən evsiz-eşiksiz qalmışıq, qışın ortasında çöldə, qarda-çovğunda, şaxtada damsız qalmağın nə demək olduğunu yaxşı bilirdik. O faciələri daha əvvəllər yaşamışdıq deyə, qardaş ölkəyə əlimizdən gələn köməyi göstərməyə çalışırdıq.
- Türkiyəyə yardım üçün nə aparırdınız?
- Göndərdiyimiz əşyalar bir neçə dəst yorğan-döşək, adyal, isti geyimlər, gödəkçə, jaket, şalvar, ayaqqabılar idi. Daha çox imkanımız olsaydı, fərqli yardım da edərdik, ianələr köçürərdik. Amma varını verən utanmaz, bizim də olanımız yorğan-döşəkdir. Laçınlıların nəyi olmasa da, yorğan-döşək ehtiyatları mütləq olur, çünki bu elin adamları dədə-babadan heyvandarlıqla məşğul olublar, yunları bol olub. Həm də evimiz çox qonaqlı-qaralı olduğu üçün yataq dəstlərimiz çox olub.
Bilirsiniz, Laçından qaçqın düşəndə özümüzlə ev əşyalarımızı çıxara bilməmişdik. Türkiyəyə yardım üçün apardığım yorğan-döşəyi də anamla nənəm qaçqınlıq şəraitində salıblar.
- Yardım apararkən nə düşünürdünüz? Çünki doğma Laçın işğal olunanda da insanlar belə çətin vəziyyətdə qalmışdılar...
- Həmin anlarda heç nə düşünmürdüm, inanın, sadəcə yardım kampaniyasına qatılmaq, türk qardaşlara dəstək olmaq istədim. Bilirsiniz, mən laçınlıyam, doğma torpağımız uzun illər işğal altında olub. 44 günlük müharibə zamanı Türkiyənin bizə göstərdiyi dəstəyi gördüm və onu heç vaxt, heç bir zaman unutmaram.
Zəlzələ zamanı o yaxşılığın əvəzini qismən də olsa, verməyə çalışdım. Əlimdən gələn o idi, onu da etdim.
- Sizin üstündə yataq dəstləri olan avtomobillə yardıma tələsməyinizin fotosunu bəlkə bütün dünya görüb. Necə oldu ki, məşhurlaşdınız?
- Mənim heç bundan xəbərim olmayıb, yardımı Əl Oyunları sarayına aparanda yolda şəklimizi çəkiblər, əşyaları çatdırıb geri dönəndə eşitdim ki, şəklimiz günün fotosu olub. Görmədiyimiz bir münasibət idi, hamı məni axtarırdı, ünvanımızı polis vasitəsilə tapdılar. Mənə polislər zəng edib dedilər ki, jurnalistlər səni axtarır, əvvəl fikirləşdim görəsən nə eləmişəm, bir az narahat oldum. Hər şey aydın olandan sonra özümə gəldim.
Amma mən bu hərəkətimi qəhrəmanlıq saymıram. Həmin vaxt bütün Azərbaycan xalqı qardaş Türkiyəmizə yardıma tələsirdi, yardım yığılan yerdə böyük izdiham vardı. Sevinirəm ki, bu yardımda mənim ailəmin də payı var.
- Sərvər siz nə ilə məşğulsunuz, peşəniz nədir?
- Zəlzələdən əvvəl tikintidə işləyirdim. Tikinti işi olmayanda isə köhnə avtomobilimlə taksi fəaliyyəti ilə məşğul olurdum.
- Qəfildən məşhurlaşdınız, insanlar sizinlə fəxr edir, qardaş Türkiyədə də sizi tanıyırlar, bir il əvvəlki Sərvərlə indiki arasında fərq varmı?
- Bəli, hər şey bir az dəyişib, indi mənimlə maraqlanıb görüşmək istəyənlər var. Xüsusilə qardaş Türkiyədən gələn qonaqlar mənimlə görüşür, gəlib minnətdarlıq hisslərini çatdırırlar. Amma mən yenə həminki adamam, məşhurlaşmaq məni dəyişməyib. Yenə də hamının köməyinə qaçmağa hazıram və gedirəm də.
- Azərbaycanda sizi görəndə tanıyırlar, necə münasibət göstərirlər?
- Əslində yenə də indiyədək tanıdığım adamların əhatəsindəyəm, həmin dost-tanış, qohum-qonşularla birlikdəyik. Amma məclislərdə, məsələn, toy mərasimində, xeyir-şərdə məni tanıyıb görüşürlər, Türkiyəyə dəstəyimə görə, xoş sözlər deyir, şəkil çəkdirirlər.
- Zəlzələdən sonra bir neçə dəfə Türkiyədə oldunuz. Ümumi təəssüratlarınız necədir?
- Bəli, bu müddətdə 3 dəfə Türkiyədə olmuşam. Məni Türkiyəyə iş adamı Hüseyn Böyükfırat apardı, ona çox minnətdaram, həm ilk dəfə idi ki, qardaş ölkəyə gedirdim, həm də yardım etmək kimi gözəl bir missiyanı həyata keçirməyimə imkan verdilər.
Türkiyəni zəlzələdən sonra görüb çox sarsıldım, dağıntılar, insan tələfatı, çox böyük faciə idi... İki gün Adıyamanda könüllü xilasedici kimi oldum. Orada da məni tanıyıb yaxınlaşanlar oldu, insanlar minnətdarlıq edirdi. Dağıntılara rəğmən əksər yerlərdə bizə qulluq göstərmək istəyənlərin olması adamı mütəəssir edirdi.
- Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan Ramazan ayında təşkil edilən iftar süfrəsinə sizi də dəvət etmişdi.
- Bəli, həmin iftar süfrəsinə məni də dəvət etmişdilər. Əminə xanım şəklimi görmüşdü və adımı dəvətlilər siyahısına daxil etmişdilər. Ümumiyyətlə həmin iftar məclisində zəlzələ zamanı Türkiyəyə köməyə gələn bir çox insan vardı. Məsələn Ukraynadan olan tır sürücüsü və könüllü olaraq buraya gələn qızı da məclisdə iştirak edirdi.
- Köhnə bir avtomobillə yardıma getdiniz, hər an xarab olub sizi yolda qoya bilərdi. Maşınınızı yenə də sürürsünüz?
- Bəli, qəsəbə içində onu sürürəm, yaxın bildiyim, ərk etdiyim insanları onunla harasa aparıram. Onu heç vaxt, heç bir məbləğə satmaram, mənə çox doğmadır. Əslində istismar müddəti də çoxdan bitib, utilizasiyaya getməlidir. Yararsız olduğu üçün heç texniki baxışdan da keçirilmir. Amma mən onu gözəl bir xatirə kimi saxlayacam. Taksi fəaliyyətiylə bağlı isə kənara, şəhərə gedəndə yeni alınmış avtomobilimi sürürəm.
- Sizə yeni avtomobili hədiyyə ediblər?
- Bəli, həmin vaxt Türkiyədəydim, həm yeni avtomobil, həm də yeni evin tikintisi mənim üçün sürpriz oldu. TÜİB rəhbəri Hüseyn Böyükfırat məni təşkilatda işə də qəbul edib. Evi isə türkiyəli iş adamı Səbahəddin Civelek tikdirib. Türkiyədə bir çox yardımları ilə tanınan, xeyriyyəçi iş adamı, “Atlas” mədən, mühəndislik, inşaat və konsaltinq şirkətinin sahibi olan Səbahəddin bəy. Zəlzələ zamanı mənim şəklimi görəndən sonra yaşadığım evin şəraiti ilə tanış oldu, və həyətin içində ailəmizə bu evi hədiyyə etdi.
- Sərvər, bu günlərdə doğulub-boya başa çatdığınız Laçında da olmusunuz. Hansı hissləri keçirdiniz?
- Bəli, qohumlarımla doğma torpaqlarımıza, kəndimizə getdik. Laçınla bağlı mənim elə bir xatirəm yoxdur. Çünki rayonumuz, kəndimiz işğal olunanda cəmi 3 yaşım vardı, hər şeyi valideynlərimin danışdıqlarından öyrənmişəm.
Gedib orada hər şeyin dağıdıldığını, yerlə bir olduğunu gördüm, çox pis oldum. Amma çox sürətli şəkildə quruculuq işləri aparılır, Laçın yenidən tikilir. Torpaq adamı çəkir, orada əsl doğmalığı hiss edə bildim. Ata-anama Laçından yurd torpağı da gətirdim, sbirsizliklə kəndimizə, Minkəndə köçürüləcəyimiz günü gözləyirəm.