Gender problemlərinin tarixinə nəzər saldıqda, bu məsələnin kökünün çox dərinə gedib çıxdığını görürük. Qədim tarix göstərir ki, bir vaxtlar qadınların insan olub olmaması sualı alim və siyasətçilərin müzakirə mövzusuna çevrilmişdi. Məsələn, Sokrat demişdi ki, “Üç şeyi xoşbəxtlik hesab etmək olar: sən vəhşi heyvan deyilsən, barbar deyilsən, yunansan və sən qadın deyilsən, kişisən”.
Sokratın dövründən uzun illər vaxt keçsə də, bu problem hələ də öz aktuallığını itirməyib. İllər boyu dünyada gender bərabərsizliyi ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə müxtəlif mülahizələr irəli sürülmüş, böyük dövlətlər tərəfindən qanunlar qəbul edilmişdir.
“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya (CEDAW) – qadın hüquqlarının müdafiəsi haqqında əsas beynəlxalq sənəddir.
Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərəbərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasirliyin ən qlobal problemlərinə aid edir.
1975-ci ildə Beynəlxalq qadın ilinin, bundan sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi BMT-ni qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsinə gətirib çıxartdı və 18 dekabr 1979-cu il tarixdə BMT-nin Baş Assambleyası Qadınlara qarşı ayrı-seşkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı qəbul etdi.
Konvensiyanın məqsədi qadınların ayrı-seçkiliyin bütün formalarından həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarətdir.
Konvensiyaya hazırda 180 ölkə - BMT-yə üzv dövlətlərin 90%-dən çoxu qoşulmuşdur. İştirakçı dövlətlərin sayına görə bu BMT-nin ən çox üzvü olan Konvensiyasıdır. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir.
Xatırladaq ki, Azərbaycan Respublikası 10 iyul 1995-ci il tarixdə Konvensiyaya qoşulmuş, bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək, bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq etmişdir.
Bu, və bır sıra digər oxşar konvensiyalar dünyadakı qadın-kişi bərabərsizliyinin, təəssüf ki, kökünü kəsmir.
Dünyada bir sıra azadlıqları heç vaxt əldə edə bilməyəcək qadınlar hələ də mövcuddur, bu problemlər hələ də var...
1. Şəxsi azadlıq.
“Yoxsulların səsi” hesabatında göstərilir ki, Qana Respublikasında qadınlar qanuni olaraq ərinin əmlakı hesab olunur, bəzi Afrika ölkələrində isə qadınlar kişinin razılığı olmadan evdən çıxa və iş əldə edə bilməzlər.
2. Təhsil azadlığı.
Qızlar oğlanlardan daha az halda məktəbə göndərilir, onlar nəinki ali təhsil, ilkin və orta təhsildən çox vaxt məhrum qalırlar. Halbuki, dünya statistikası göstərir ki, savadlı qadınların fəaliyyəti ölkə iqtisadiyyatının inkişafına həmişə müsbət təsir göstərib.
3. Maddi azadlıq.
Bəzi ölkələrdə iş təcrübəsi və təhsilindən asılı olmayaraq, qadın kişiylə bərabər vəzifəni daşımasına baxmayaraq, əmək haqqını kişilərə nisbətən 27% az alır.
4. Hüquq problemləri.
Bəzi ölkələrdə qadınlar torpaq, mülk sahibi olma haqlarından məhrumdur. Həmçinin uşaqlarının tərbiyələri ilə bağlı qərarlar vermək hüquqları da məhdudlaşdırılmış yerlər mövcuddur.
Bundan əlavə, qanunların qadınları dəstəklədiyinə baxmayaraq, kişilər tərəfindən zorakılığa məruz qalmış qadınların şikayətləri hüquq-mühafizə orqanları tərəfindən çox diqqətə alınmır və tədbir görülmür. Bununla bağlı əziyyət çəkən ölkələr sırasına Ukrayna, Latviya və Makedoniyanı da daxil edirlər.
Bu siyahını uzatmaq mümkündür. Dünyada qadın azadlığının məhdudlaşdırılması haqda oxuyarkən, yaşadığımız ölkənin də belə hallardan uzaq olmadığını anlayırıq.
Hələ də qızlarımızın təhsil problemləri mövcuddur. Həm də bölgələrlə yanaşı, paytaxtın qulağının dibində - bakı ətrafı qəsəbələrdə, ən yaxşı halda 8-ci sinifə kimi oxumağa icazə verilən, təhsil arzusu ürəyində qoyulan qızlarımız var.
Hələ də qadının fikrinin nəzərə alınmaması halları mövcuddur – valideyn qərarıyla qurulan ailələr və sonra baş verən faciələri yada salmaq kifayətdir.
Hələ də qadına qarşı zorakılıq mövcuddur – son aylar ölkədə sayı artan qadın qətlləri bunun bariz nümunəsidir.
Hər biri ayrı-ayrılıqda böyük mövzu olan bu kimi problemlərin zamanla həll olunacağına ümid edirik.
Unutmayaq ki, ətrafdakı bütün qadınlar - yerdəki mələklərdir.
Yerdəki mələklər və ya biz qadınları qoruya bilirikmi?
11:09
6 Noy 2016