Qeyd edək ki, ötən ay Milli Məclis tərəfindən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Qanun layihəsinə əsasən, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən ticarət, məişət obyektləri, sosial xidmət müəssisələri, teatr və kinoteatrlar o cümlədən, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) istifadə qadağandır. Yeni qaydaların restoran və kafe biznesinə necə təsir edəcəyini araşdırmağa çalışdıq.
Qəlyanxanalar bağlana bilər
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirir ki, qanunla qəlyanxanaların fəaliyyətinə birmənalı qadağan ediləcək. Siqaret və ya qəlyan çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb: “Sulu qəlyanın ləğv edilməsi biznes sektoruna zərbədir. Sahibkarlar məsələni restoranda bir zal siqaret çəkənlər, bir zal isə çəkməyənlər üçün ayırmaqla həll edə bilərlər. Bu halda belə onların gəlirləri əvvəlki ilə müqayisədə azalacaq”.
S.Dübəndi deyir ki, qanunun icrasına ciddi nəzarət edilərsə, bu, sulu qəlyan biznesinə 100 faiz təsir edəcək : İnsan sağlamlığı baxımından qərar cəmiyyət üçün müsbətdir. Şübhəsiz restoranlar müştərilərini itirəcəklər. Mümkündür ki, alüdəçilər cihazları alıb evlərində çəksinlər. Bir qism də tamamilə imtina edə bilər”.
O, qanunun tezliklə realizə olunacağını düşünmür: “Qərarda cərimə mexanizmləri, prosesə nəzarət edəcək qurum aydın deyil.Cəza olmadıqda isə işbazlar bundan istifadə edirlər”.
Çay evləri narazıdır
Çay evləri isə artıq qəlyan xidmətlərini menyüdan çıxarmağa başlayıblar. Rəyini öyrəndiyimiz müəssisə sahiblərindən biri bildirdi ki, onlara yanvar ayının 1-dən qəlyan satışını ləğv etmək barədə xəbərdarlıq daxil olmuşdu: “Bu gündən müştərilərə qəlyan satışını dayandırmışıq. Düzdür, hələlik obyektə baxış keçirilməyib lakin biz işimizi ehtiyatlı tutmuşuq”.
Sahibkar qəlyanın, eləcə də tütün məmulatlarının istifadəsinin qadağan edilməsinin onlara sərf etmədiyini deyir: “Bu, gəlirlərimizə, müştərilərimizin sayına təsir edəcək. Əsas qazancımızı çaydan deyil, qəlyandan götürürdük”.
Bakının məşhur çay evlərindən birindən isə öyrəndik ki, bundan sonra müştərilərin qəlyan çəkməsi üçün xüsusi yerlər ayrılacaq. Bununla belə, çay evləri əvvəlki qazanclarını götürə bilməyəcəklərini deyirlər: “Belə otaqların sayı azdır. Əvvəllər satış kütləvi idi. Günə 15 qəlyan satırdıq. Qəlyana əsasən ərəblər üstünlük verirdilər. Əgər yerlilər masaya 1 qəlyan sifariş edirdilərsə, ərəb turistlər 3 qəlyan sifariş edirlər. Hər gün isə çay evində 3 masa xaricilərin xidmətində olur”.
Qəlyan xidməti göstərən işçilərin aqibəti necə olacaq?
Restoranlarda, çay evlərinə qəlyan xidməti göstərən işçilər işsiz qala bilərlər. Düzdür, çay evləri hələlik işçiləri ixtisar etməməyə çalışdıqlarını bildirirlər. Lakin bu istiqamətdə qəti fikir irəli sürmürlər.
Turistlərin sayına təsir edəcək
Ölkəyə axın edən turistlərin qəlyana marağını nəzərə alsaq, yeni qaydalar turist sayına ciddi təsir göstərə bilər. Xüsusilə, İran və ərəb turistlərinin restoranlarda əsas üstünlük verdikləri xidmət qəlyandır. Qəlyanı qadağan etməklə bu ölkələrdən gələn turistlərin istiqamətini regionun digər turizm bölgələrinə - Gürcüstan və Türkiyəyə çevirə bilərik. Çünki hər iki ölkənin restoranlarının 60 faizində qəlyan menyunun əsasını təşkil edir.
Turizm eksperti Ramin Zamanov isə deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, turistlər bu kimi qaydalara artıq Avropa ölkələrində alışıblar. Yəni, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində tütün məmulatlarından, qəlyandan və elektron siqaretdən istifadənin yığışdırılması turistlər üçün yeni deyil: “Bəzi turistlər hətta bu qərardan razı qalacaqlar. Çünki qəlyanın qoxusu heç də hamıya xoş deyil. Qəlyan bundan sonra xüsusi məkanlarda veriləcək. Turistlər həmin məkanlara gedib qəlyanlarını çəkə bilərlər”.