Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramını təsdiq edib.
Dövlət Proqramının əsas istiqamətləri aşağıdakılardır: ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin infrastrukturunun və maddi-texniki bazasının yaxşılaşdırılması, həmin qurumların vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, ədliyyə orqanlarının institusional və kadr potensialının gücləndirilməsi, cəzaların icrası sisteminin təkmilləşdirilməsi və s. ibarətdir.
Dövlət Proqramının maliyyə təminatı dövlət büdcəsi, dövlət investisiya xərcləri,. beynəlxalq təşkilatların maliyyə vəsait, qanunla qadağan olunmayan digər mənbələrdən həyata keçirilir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına əsasən, Ədliyyə Nazirliyi 2019-2023-cü illərdə Bakı şəhəri Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleksin, Gəncə və Lənkəran şəhərlərində qarışıq tipli penitensiar komplekslərin tikintisinin başa çatdırılması və onların istifadəyə verilməsi ilə bağlı tədbirlər görəcək.
Həmçinin, Dövlət Proqramında Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən Sumqayıt Məhkəmə Kompleksinin və Masallı Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında isə yenidənqurma işlərinin başa çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında həmçinin Beynəlxalq norma və prinsiplər, o cümlədən beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, məhkumların və həbs edilmiş şəxslərin hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması nəzərsdə tutulur.
O cümlədən, Dövlət Proqramında 2019–2023-cü illərdə əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq ekspertlərinin iştirakı ilə “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması, 2019-cu ildə məhkəmə prosesi zamanı iclasda bilavasitə iştirak edə bilməyən şəxslərlə (təqsirləndirilən şəxslər istisna olmaqla) texniki vasitələrdən istifadə olunmaqla, məsafədən videoəlaqə qurulmasının təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin təqdim olunması nəzərdə tutulur.
Bundan əlavə, Ədliyyə Nazirliyinə 2019-cu ildə “Elektron hökumətə” keçidin təmin edilməsi məqsədilə məhkəmə və ədliyyə orqanlarında İKT-nin tətbiqinə dair uzunmüddətli strategiyanın hazırlanması, 2023-cü ilədək bütün ədliyyə orqanlarını əhatə edən vahid İKT şəbəkəsi infrastrukturunun qurulması üzrə tədbirlər görülməsi, 2019–2020-ci illərdə Məhkəmə Ekspertizası Mərkəzinin filiallarını əhatə etməklə, qapalı elmi-metodik və informasiya-sorğu elektron sisteminin yaradılması, 2019-cu ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin mobil versiyasının yaradılması və s. tapşırılıb.
2019–2023-cü illərdə Ədliyyə Nazirliyi ədliyyə orqanlarında kadrlarla aparılan işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi üçün Ədliyyə Akademiyasında hazırlıq kurslarının təşkil etməlidir. Bundan başqa, qeyd olunan dövrdə nazirlik azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının genişləndirilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görməlidir.