Bakıda yanğınların böyük hissəsi əsasən çoxmənzilli yaşayış binaları ilə bağlıdır. Fövqəladə Hallar Nazirliyinin açıqladığı statistikaya əsasən ölkə üzrə baş verən yanğınların sayına görə 2-ci yeri çoxmənzilli yaşayış binalarında və fərdi evlərdəki yanğınlar tutur. Belə ki, 2017-ci ildə ümumilikdə 12911 yanğın hadisəsi baş verib. Bunların 7763-ü açıq sahələrə, 2337-si yaşayış binaları və fərdi evlərə aiddir. Yəni, açıq sahələri nəzərə almasaq, yaşayış binaları üzrə yanğın hadisələrinin sayı kifayət qədər yüksəkdir. Digər tərəfdən 2016-cı illə müqayisədə 2017-ci ildə yaşayış binalarında yanğınların sayı artıb. Yanğın halları adətən qış aylarında daha çox olsa da, havaların hələ də soyuq keçməsi mart-aprel aylarında da yaşayış binalarında yanğın hadisələrinin artmasına səbəb olub.
Bəs yaşayış binalarında yanğın nədən baş verir?
Yanğın hadisələri üzrə ekspert Tural Şükürov bildirib ki, yaşayış binalarında və fərdi evlərdən yanğınlar adətən elektrik naqillərində yaranan nasazlıq və yüklənmə ilə bağlı olur. Belə ki, təmir zamanı elektrik sisteminin düzgün qurulmaması, bu zaman kustar üsullardan istifadə edilməsi sonda böyük ziyanla nəticələnir:“Təmir zamanı elektrik işlərini peşəkar usta etmir, elektirik sisteminin sxemi qurulmur, heç bir texniki müqavilə bağlanılmır. Elektrik işlərini kustar, burma üsullarla quran usta görür. Sistemdə yüklənmə olanda naqilin burma şəklində bərkidilən hissəsi qızır və yanar konstruksiyaya keçir. Son nəticədə yanğın baş verir.”
“Yeni binalarda yanğına səbəb təbii qazın olmamasıdır”
Yeni tikililər və yaşayış komplekslərində gəlincə, T.Şükürov bildirib ki, bu binalarda yanğın hadisələrinin əsas səbəbi təbii qazın verilməməsidir: “Özüm yeni tikilidə yaşayıram və qaz çəkilmədiyi üçün bir il ərzində 3 belə yanğın hadisəsinin şahidi olmuşam”.
“Elektirik açarları ev qızdırılması üçün nəzərdə tutulmayıb”
Belə ki, bəzi yeni tikililərdə buna görə evlərin qızdırılması üçün elektrikdən istifadə edilir. Yeni tikililərdə isə elektrik avtomatları aşağı dövriyyəyə uyğun qurulub və ümumilikdə istilik üçün elektrikdən istifadə nəzərdə tutulmayıb:“Məsələn, 24 voltluq açardan 50 voltluq cərəyan istifadə olunur. Davamlı istifadə nəticəsində artıq qızma baş verir. 90% hallarda hadisələr elektrik şaxtasında baş verir. Orada mənftillər közərməyə başlayır və yanğın baş verir”.