“Bir neçə ay idi ki, Biləsuvar rayon Məşğulluq Mərkəzində heyvan almaq üçün növbəyə yazılmışdım. Mənə gətirib xəstə heyvan veribər. Nə ot yeyə bilir, nə ayaqüstə dura bilir. Ağzı yaradır, ağız-burnundan su axır. Bilmirəm, hara müraciət edim, kimə deyim”.
Bu il 7000-ə yaxın şəxs özünüməşğulluq proqramına - CƏLB EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Biləsuvar rayonun Əsgərabad kənd sakini Ruslan Rzayevin iddiasına görə, Dövlət Məşğulluq Agentliyindən özünüməşğulluq proqramı çərçivəsində aldığı inəklərin 1-i xəstədir. Şikayətçi bildirir ki, heyvandan imtina etmək istəsə də, qəbul etməyiblər: “Mən 9 ay əvvəl heyvanla bağlı Biləsuvar rayon Məşğulluq Mərkəzinə müraciət eləmişdim. 1 ay əvvəl qoca inək gətirdilər, götürmədim. O da heç ayağa dura bilmirdi. Bu dəfə də 3 inək veriblər, biri xəstədir. Bu inəklərə görə 6500 manat pul ayrılıb və silinib. Belə çıxır ki, birinin 2 min manat qiyməti var. Axı bunlar 2 min manatlıq inəklər deyil.
Bu dəfə də imtina eləmək istədim, dedilər məcburidir, yoxsa bir də verilməyəcək. Guya sağlam inəkdir, boğazdır və balası olacaq. Bir baytar nömrəsi də verdilər ki, 1 ay ərzində nəsə problem olarsa, zəng edim. Lakin zəng edirik, o nömrədən cavab verən yoxdur”.
Şikayətçi özü ilə bərabər bir neçə qonşusunda da eyni vəziyyətin olduğunu, xəstə inəklərin verildiyini iddia edir.
Şikayətlə bağlı ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, R. Rzayevə özünüməşğulluq proqramı çərçivəsində bu il avqustun 30-da təqdim edilən heyvanların hər biri sağlam olub: “O özü də verilən heyvanlardan razılığını bildirib və həmin 3 baş iribuynuzlu heyvanı, 800 kq qarışıq yemi təhvil alıb.
Aktivlər verilərkən öz razılığı ilə çəkilmiş videomaterialda da o öz razılığını ifadə edib. Həmin videomaterialı və heyvanları təhvil alması ilə bağlı imzaladığı aktın surətini təqdim edirik. Vətəndaşlara aktivlər verildiyi zaman izah olunur ki, verilmiş heyvanlarda hər hansı bir xəstəlik müşahidə olunduqda mütləq şəkildə müvafiq yerli baytarlıq xidmətinə müraciət etsinlər. Ruslan Rzayevə də bu barədə izahat verilib”.
Dövlət Məşğulluq Agentliyinin göndərdiyi videonu təqdim edirik: