Azərbaycan Dövlət Miqrasiya Xidməti bəzi maraq doğuran suallarını cavablandırıb:
- Hər keçən il Azərbaycana müxtəlif məqsədlərlə gələn miqrantların sayının artdığını nəzərə alsaq, əcnəbilərin Azərbaycanda hərəkətini asanlaşdırmaq və prosesin daha səmərəli şəkildə idarə olunmasını təmin etmək üçün miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hansı yeniliklər olub?
- 2018-ci il ərzində miqrantların öz hüquqlarını həyata keçirmələri üçün daha əlverişli şərait yaradılıb, onların hüquq və azadlıqlarının qorunması və qanunvericilikdə sadələşdilmə işinin davam etdirilməsi istiqamətində bir sıra yeni hüquqi aktlar qəbul edilib, o cümlədən "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi"nə və miqrasiya ilə bağlı digər müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib.
Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanunu ilə Miqrasiya Məcəlləsində və həmin qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2018-ci il 10 iyul tarixli 190 nömrəli fərmanı ilə Azərbaycan Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilib:
- Azərbaycan Respublikasının ərazisində 10 gündən yox, 15 gündən artıq müvəqqəti olmaq istəyən əcnəbilərin ölkədə olduqları yer üzrə qeydiyyata alınmaları;
- əcnəbinin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsi;
- əcnəbi miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda onun ölkə ərazisinə gəlməsinin 5 il müddətinə qadağan qoyulmasını nəzərdə tutan müddəanın ləğv edilməsi;
- miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati qaydada çıxarılmamaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbinin ölkəyə girişinin cəriməni ödəyənədək məhdudlaşdırılması və cəriməni ödədikdən sonra ölkəyə girişinə qoyulmuş məhdudiyyətin dərhal götürülməsi;
- daimi yaşama icazəsinin alınmasına imtina olunmuş əcnəbilərin müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən müvafiq ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməsi;
- əcnəbilərin olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığın, rahatlığın təmin edilməsi, mümkün növbələrin qarşısının alınması, xidmətdən istifadə məmnunluğunun artırılması və şəxslərin müraciət imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 26 oktyabr 313 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilib, fərmana 5.11-2-ci bənd əlavə edilib və əcnəbilərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması "ASAN xidmət" mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər siyahısına daxil edilib.
- Qanuni və qeyri-qanuni miqrasiya Azərbaycan qanunvericiliyində necə tənzimlənir? Qeyri-qanuni miqrasiya ilə bağlı ümumi vəziyyət necədır və bu cür hallarla mübarizə necə aparılır? Qeyri-qanuni miqrasiya ilə mübarizədə Azərbaycan hansı beynəlxalq qurumlarla və dövlətlərlə əməkdaşlıq edir?
- Azərbaycan Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Miqrasiya Xidməti qanuni miqrasiya və qanunsuz miqrasiya ilə bağlı aşağıdakı vəzifələri yerinə yetirir:
Qanuni miqrasiya üzrə:
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edir, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə verir, o cümlədən Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsini təmin edir, qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın (sığınacaq axtaran) statusunu və bu statusu təsdiq edən sənəd verir, sığınacaq axtaran şəxsləri qəbul edir və müvəqqəti yerləşdirir, həmçinin onları yaşayış yeri üzrə qeydiyyata alır;
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirir;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrini verir, onların müddətini uzadır, habelə verilmiş iş icazələrini ləğv edir;
- əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata alır;
- Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətləri qəbul edir, həmin vəsatətlər üzrə toplanmış sənədləri və aidiyyəti dövlət orqanlarının rəylərini baxılması üçün Azərbaycan Prezidentinə təqdim edir;
- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada müəyyənləşdirir;
- readmissiya haqqında beynəlxalq sazişlərin bağlanmasında iştirak edir və həmin sazişlərin icrasını həyata keçirir.
- Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə Azərbaycanda yaşayan və müvəqqəti olan, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparır.
Qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə:
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müəyyən edilmiş müvəqqəti olma, habelə müvəqqəti və daimi yaşama, yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarəti həyata keçirir;
- inzibati xətalar haqqında işlərə baxır;
- iş icazəsinin qüvvədə olma qaydalarına nəzarət edir;
- əməkçi miqrantların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırır, müvafiq tədbirlər görür;
- miqrasiya sahəsində qanunvericiliyin pozulması hallarını araşdırır, aidiyyəti dövlət orqanları ilə birlikdə qanunsuz miqrantları müəyyən edir və qanunsuz miqrasiyanın qarşısının alınması üçün tədbirlər görür, miqrasiya sahəsində qanunvericiliyi pozmuş əcnəbiləri inzibati qaydada tutur;
- qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda əcnəbilərin Azərbaycanın hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edir;
- Azərbaycanın hüdudlarından kənara inzibati qaydada çıxarma növündə inzibati tənbehi icra edir;
- Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanı icra edir;
- qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətini təşkil edir və onların idarə olunmasını, o cümlədən həmin mərkəzlərdə rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin edir.
Ötən il ərzində də Dövlət Miqrasiya Xidməti ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə və beynəlxalq layihələrdə iştirakın təmin olunmasına xüsusi önəm verib. Belə ki, Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Müstəqil Dövlətlər Birliyi, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatlarla əlaqələr inkişaf etdirilib, beynəlxalq dialoq alətləri, o cümlədən Praqa, Budapeşt və Almatı prosesləri çərçivəsində əməkdaşlıq genişləndirilib.
Bundan əlavə, Azərbaycan qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində 13 may 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya"ya və bu Konvesiyanı tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması və Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı haqqında" protokollara qoşulub. Həmçinin Azərbaycan qanunsuz miqrasiyaya qarşı mübarzə çərçivəsində Müstəqil Dövlətlər Birliyiiştirakçı dövlətlərinin 1998-ci il 6 mart tarixli Sazişinə qoşulub.
19.11.2018-ci il tarixdə miqrasiya sahəsində əməkdaşlığa dair "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında" Saziş imzalanıb.
- Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onların ailə üzvlərinin hüquqlarının qorunması ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- 2018-ci il ərzində Azərbaycanda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrənilməsi məqsədilə Xidmətin Təlim-tədris mərkəzi tərəfindən müvafiq ödənişsiz kurslar təşkil olunub. Kurslarda 40-a yaxın ölkədən yüzlərlə şəxs iştirak edib.
Həmçinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – VI faza" layihəsi çərçivəsində 1300-dən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsə onların hüquq və vəzifələri, Azərbaycan tarixi və mədəniyyəti, həmçinin psixo-sosial mövzularda dərslər keçirilib.
2018-ci ilin dekabr ayında elektron xidmətlərə çıxışlarının asanlaşdırılması, eləcə də Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ geniş ictimaiyyətə təqdim olunub. Hazırda mobil tətbiq üzərindən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, əcnəbilərin ölkəyə gəlişinə və ya ölkədən çıxışına məhdudiyyətin və müraciət statusunun yoxlanması, olduğu yer üzrə son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, "ASAN viza" və Xidmətin digər istiqamətlər üzrə xidmətlərə çıxış əldə etmək imkanı yaradılıb. Mobil tətbiq vasitəsilə istifadəçilər onlayn formada daha asan şəkildə elektron xidmətlərdən istifadə edə bilirlər. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsilə zəng və sorğuların cavablandırılması da həyata keçirilir.
2018-ci ilin oktyabrından "ASAN radio"nun efirində Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən yeniliklər, tətbiq olunan prosedurlar, əhalinin miqrasiya məsələləri və qanunvericiliklə bağlı maarifləndirilməsi, eyni zamanda, miqrasiya xidmətlərdən istifadə edən şəxslərin suallarının cavablandırılması məqsədilə hər həftənin çərşənbə günü "Miqrasiya Xidməti" verilişi yayımlanır.
Eyni zamanda, ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq, ötən ilin dekabrından geniş miqyaslı məlumatlandırma kampaniyasına başlanılıb. Təbliğat-təşviqat kampaniyası çərçivəsində flayerlər, posterlər və videoçarx hazırlanıb, eləcə də bu kampaniya çərçivəsində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, Bakı Nəqliyyat Agentliyi, "Park Cinema" və "Cinema Plus" kinoteatrlar şəbəkəsi, 189 Taksi, Park Bulvar, "Dəfnə-Dalida" restoranlar şəbəkəsi ilə əməkdaşlıq qurulub. Kampaniya iki istiqamətdə - videoçarxlar vasitəsilə ümumi maarifləndirmə və ünvanlı qaydada əcnəbilərin özlərinə məlumatların verilməsi üzrə aparılıb.
Qeyd olunanlarla yanaşı, məlumatların Azərbaycan Respublikası vətəndaşlarına və əcnəbilərə operativ şəkildə çatdırılması məqsədilə Xidmətin "Facebook" sosial şəbəkəsində rəsmi hesabı yaradılıb, hesabat dövründə 263 məlumatın həmin hesabda yayımlanması təmin edilib. İl ərzində Xidmətin "Youtube" kanalında 263 videomaterial, "Twitter" sosial şəbəkəsindəki rəsmi hesabında isə 3 dildə ümumilikdə 805 məlumat yayımlanıb, sosial şəbəkələrdəki rəsmi hesablar üzərindən istifadəçilərin verdiyi suallar operativ olaraq cavablandırılıb, həmçinin Xidmətin mətbu nəşri olan "Miqrasiya" jurnalının 20-ci sayı çap edilib.
Xidmətin 3 dildə fəaliyyət göstərən Çağrı Mərkəzinə (919 telefon xətti) 103 741 telefon zəngi daxil olub və mövcud qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılıb. Xidmətin rəsmi internet səhifəsi üzərindən "İnteraktiv yazışma" vasitəsilə 3580 müraciət cavablandırılıb. 2018-ci ilin noyabr ayından "WhatsApp" mobil tətbiqu vasitəsilə daxil olmuş sualların cavablandırılması da təmin edilir.
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına hansı hallarda qəbul edilə bilərlər? Bunun üçün müraciət edən miqrantlar daha çox hansı şərti ödəməkdə çətinlik çəkirlər?
- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il tarixli 30 sentyabr tarixli Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır.
Bununla yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda göstərilən hallarda müddət nəzərə alınmadan aşağıdakı hallarda Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Azərbaycan ərazisində yaşayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə vəsatətlə Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycanın diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına müraciət edirlər. Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə Azərbaycanın xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Xarici İşlər Nazirliyinə göndərilir.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
- Azərbaycana xaricdən gələn işçi qüvvəsinin hüquqları necə qorunur? Əcnəbilərin Azərbaycanda daha rahat əmək fəaliyyəti ilə məşğul olması üçün hansı imkanlar təmin olunur?
- Azərbaycan Miqrasiya Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Əmək Məcəlləsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əməkçi miqrantlara əmək şəraiti ilə bağlı Azərbaycan Respublikasının vətəndaşları üçün qanunvericiliklə müəyyən olunmuş eyni şərtlər tətbiq edilir və onların əməyinin ödənilməsi qanunvericiliklə Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş qaydada həyata keçirilir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı bu Məcəllədə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Əmək Məcəlləsi ilə tənzimlənir. Əməkçi miqrantların hüquqlarının müdafiəsi sahəsində Azərbaycan 1998-ci ildə "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında", 2010-cu ildə isə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında" konvensiyalara qoşulub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması əmək miqrasiyası kvotası ilə tənzimlənir. Kvota sayına uyğun olaraq Azərbaycan ərazisində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi verilir.
Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən 17 halda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi verilmir. Bunlardan Azərbaycan ərazisində daimi yaşamaq üçün icazəsi olanları, Nazirlər Kabinetinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycanda olanları, Azərbaycan ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanları, dənizçiləri, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxsləri və digərlərini qeyd etmək olar.
Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili sahəsində fəaliyyət göstərən sahibkarlara güzəştlərin tətbiqi və bu sahənin inkişafının stimullaşdırılmasına dövlət dəstəyini göstərilməsi məqsədilə Qaradağ Sənaye Parkında işləyən əcnəbilərə münasibətdə iş icazəsi verilməsində güzəştlər tətbiq edilib. Belə ki, "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 223-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Prezidentinin Fərmanına əsasən Qaradağ Sənaye Parkının rezidenti və onun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən həmin rezident və onun Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxs olan podratçısı tərəfindən dəvət edilmiş gəmiqayırma sahəsində ali təhsili və ya müvafiq ixtisas üzrə peşə təhsili və bu sahədə ən azı bir il iş təcrübəsi olan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur. Bu dəyişiklik həmin sahədə işləyən əcnəbilərə geniş imkanlar yaradır.
Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər bəyan edilmiş məqsədə uyğun olaraq müvafiq viza əldə edirlər. Qeyd olunan vizanı onlar "ASAN Viza" sistemi vasitəsilə də alırlar.
- Miqrasiya xidmətlərinin həyata keçirilməsində "ASAN xidmət"in rolu və bu sektorda miqrantlar üçün təmin olunan xidmətlərin növləri barədə məlumat verə bilərsinizmi?
- Xidmət keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin edilməsi və göstərdiyi xidmət şəbəkəsinin genişləndirilməsi, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativlik, şəffaflıq, nəzakətlilik prinsipi rəhbər tutulmaqla bir sıra dövlət xidmətləri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində miqrasiya sahəsində də müvafiq xidmətlər həyata keçirilir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanına əsasən "ASAN xidmət" mərkəzlərində miqrasiya sahəsində aşağıdakı xidmətlər göstərilir:
- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi.
©Trend, Azernews