Pensiya sistemi cəmiyyətlərin yaşlı və əmək qabiliyyətini itirmiş üzvlərinin maddi təminatını təmin etmək məqsədilə yaradılmışdır. Tarix boyu müxtəlif formalarda mövcud olmuş bu sistem zamanla inkişaf edərək müasir dövrdəki formasını almışdır. Müasir iqtisadi sistemlərdə də pensiya təminatı vətəndaşların yaşlılıq dövründə maliyyə sabitliyini təmin etmək üçün əsas mexanizmlərdən biridir. Bu məqalədə pensiya təminatı sahəsində ən aktual problem olaraq qalan pensiya yaşına çatmadan vəfat etmiş şəxsin pensiya kapitalının taleyinin mövcud qanunvericilikdə tənzimlənməsindən, bu sahədə qeyri-dövlət pensiya fondlarının yaradacağı gələcək imkanlardan, o cümlədən, beynəlxalq praktikadan bəhs edilir.
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı - 2,3 MİN NƏFƏR ARTIB
FED.az xəbər verir ki, 2023-cü ildə dünyasını dəyişənlərin 41,8 faizinin yaşı 65-dən az olub. Bu dövrdə vəfat edən kişilərin yarıdan çoxu – 50,4 faizi yaşa görə pensiya yaşına (65 yaş) çatmayıblar. Bu halda vətəndaşlarda haqlı olaraq sual yaranır ki, vəfat etmiş şəxsin pensiya kapitalı necə sərf olunur? Hazırda qüvvədə olan qanunvericiliyə əsasən vəfat etmiş ailə başçısının öhdəsində olan aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var:
-Vəfat etmiş şəxslərin övladları:
– 18 yaşına çatmamış;
– 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;
– təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
– Ata, ana, ər, arvad pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;
– Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
Göründüyü kimi, kriteriyalar konkretdir və əgər vəfat etmiş şəxsin bu kriteriyalara uyğun gələn övladı və ya digər yaxını yoxdursa, bu halda onun pensiya kapitalından istifadə etmək mümkün olmur. Lakin vətəndaşların əksəriyyəti pensiya kapitalının aylıq ödəniş şəklində deyil, birdəfəlik vəsait formasında verilməsini, o cümlədən, vəfat etmiş şəxsin pensiya kapitalının onun vərəsələrinə keçməsini arzu edir. Hazırki qanunvericiliklə bu mümkün olmasa da, qeyri-dövlət (özəl) pensiya fondlarının tətbiqi bu problemi aradan qaldıra bilər.
Bəs, qeyri-dövlət pensiya fondları nədir?
Azərbaycanda hazırkı pensiya sistemi Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən idarə olunur. Pensiya təminatı, əsasən, əmək fəaliyyəti dövründə ödənilən sosial sığorta haqları hesabına formalaşır. Lakin dövlət pensiya sisteminin gələcək dayanıqlılığı və vətəndaşlara daha geniş imkanlar yaratmaq üçün qeyri-dövlət pensiya fondlarının yaradılması nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla müzakirə edilir. Özəl pensiya fondları sığorta prinsipi ilə işləyir və aşağıdakı əsas mərhələlərdən ibarətdir:
1. Şəxs könüllü olaraq fonda üzv olur və hər ay maaşından müəyyən məbləği ora yatırır ;
2. Fond bu vəsaiti müxtəlif investisiya alətlərinə (səhmlər, istiqrazlar, daşınmaz əmlak, depozitlər və s.) yönəldir ;
3. Toplanan vəsait vaxt keçdikcə artır və pensiya yaşı çatanda və ya müəyyən şərtlər daxilində çıxarıla bilir ;
4. Şəxs vəfat etdiyi halda onun pensiya kapitalı miras əmlak qismində vərəsələrə keçir.
Beynəlxalq təcrübədə Türkiyə və Avstraliya İttifaqında tətbiq olunan pensiya sistemini nəzərdən keçirək:
1. Türkiyədə 2001-ci ildən etibarən mövcud olan “Bireysel Emeklilik Sistemi” (BES) könüllü əsasda fəaliyyət göstərir. Bu sistem çərçivəsində:
• İşçilər maaşlarının müəyyən hissəsini özəl pensiya fondlarına yatırırlar;
• Dövlət tərəfindən 30%-lik əlavə dəstək təmin edilir (məsələn, 1000 TL yatırıldıqda 300 TL dövlət dəstəyi əlavə olunur);
• Şəxsin staj müddəti 10 ildən az olduqda və ya şəxs 56 yaşına çatmamışyığılmış kapitalı çıxartdıqda dövlət dəstəyi məbləğinin 15%-i qədər vergi tutulur;
• Şəxsin vəfatı halında yığılan pensiya kapitalı tam şəkildə vərəsələrinə ötürülür.
2. Avstraliyada isə pensiya sistemi “Superannuation” adlanır və dövlət tərəfindən tənzimlənir:
• İşəgötürənlər işçilərin maaşının 10%-ni Superannuation fondlarına yatırmaq məcburiyyətindədirlər.
• Şəxslər bu fondlardakı vəsaitləri müəyyən investisiya alətlərinə yönləndirə bilirlər.
• Yığılan məbləğ 60 yaşından sonra çıxarıla bilər, amma müəyyən istisnalar var.
• Vərəsələrə ötürülmə tam şəkildə mümkündür və qanunla qorunur.
Belə ki, beynəlxalq təcrübələr göstərir ki, şəxs özəl pensiya fondlarına qoyduğu vəsaitin bir qismini müəyyən yaş həddinə çatdıqda aylıq ödəniş şəklində yox, tam şəkildə götürə bilir. Adətən, bu yaş həddi qanunla müəyyən edilmiş pensiya yaşından aşağı olur. Bir dəfəlik götürülə bilməyən pensiya kapitalı isə hissə-hissə şəxsə ödənilir. Şəxs vəfat etdiyi halda isə, pensiya kapitalı miras əmlak qismində onun vərəsələrinə keçir.
NƏTİCƏ.
Bu təcrübələr, xüsusilə, Türkiyə modeli Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması prosesində dəyərli nümunə kimi istifadə oluna bilər. Qeyri-dövlət pensiya fondlarının yaradılması üçün aşağıdakı addımların atılması vacibdir:
• Qanunvericiliyin təkmilləşdirilməsi – fondların hüquqi statusu və fəaliyyət qaydalarının dəqiq müəyyən edilməsi;
• Maliyyə nəzarətinin gücləndirilməsi – vəsaitlərin təhlükəsizliyini təmin etmək üçün dövlət nəzarət mexanizmlərinin yaradılması;
• Stimullaşdırıcı tədbirlər – vətəndaşların özəl pensiya fondlarına marağını artırmaq üçün vergi stimullarının verilməsi və ya Türkiyə modelində olduğu kimi özəl pensiya fonduna qoyulmuş məbləğə dövlət tərəfindən 10-20% əlavə edilməsi;
• İctimai maarifləndirmə kampaniyalarının keçirilməsi – vətəndaşların maliyyə savadlılığının artırılması və özəl pensiya sisteminə inamın gücləndirilməsi.
Ümidvarıq ki, Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması və beynəlxalq təcrübədən yararlanaraq səmərəli mexanizmlərin tətbiq edilməsi pensiya sisteminin inkişafına mühüm töhfə verəcək, o cümlədən, vəfat etmiş şəxsin pensiya kapitalının taleyini həll edəcək və onun miras əmlak qismində vərəsələrə ötürülməsini təmin edəcəkdir. (e-huquq)