Azərbaycanda uşaqları övladlığa götürmə qaydası dəyişəcək. FED.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirə edilən Ailə Məcəlləsində dəyişikliklərdə nəzərdə tutulub. Məcəllənin 118 və 119-cu maddələri yeni, aşağıdkı redaksiyada veriləcək.
Eləcə də bax: Mobil telefon uşaqların - DİQQƏT VƏ YADDAŞINI ZƏİFLƏDİR
Maddə 118 indiki variant
Maddə 118. Övladlığa götürmə qaydası
118.1. Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.
118.2. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
118.3. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
118.4. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.
118.5. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir.
118.6. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.
118.7. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.
118.8. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 118 yeni variant
"Maddə 118. Övladlığa götürmə qaydası
118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir.
118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir:
118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
118.3.2. övladlığa götürmək istəyən şəxslərin təlimlərə cəlb edilməsi;
118.3.3. övladlığa götürmək istəyən şəxsə uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
118.4. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
118.5. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır.
118.6. Müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxs (şəxslər),öz ölkələrində övladlığa götürmə ilə bağlı təlim keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürmə ilə bağlı 30 (otuz) gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
118.7. Təlimin nəticələri bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir.
118.8. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
118.9. Bu Məcəllənin 118.8-ci maddəsində nəzərdə tutulmuş görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavilə əsasında yerləşdirilir.
118.10. Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlığa götürmək istəyən şəxsin (şəxslərin), o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ailəsində sınaq müddətində həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, əks halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.
118.11. Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür.
118.12. Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir.
118.13. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür.
118.14. Müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər.
118.15. Uşaq yaxın qohumlar (bacı-qardalş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir.
118.16. Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) bu Məcəllənin 118.3-cü maddəsinin tələbləri onlara şamil olunmur.
118.17. Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, uşağı övladlığa götürmək istəyən şəxsə (şəxslərə) hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir.
118.18. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
118.19. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
118.20. Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün (üç) müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanlarına göndərməyə borcludur.
118.21. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır.
118.22. Övladlığa götürmə barədə qərar məhkəmə tərəfindən uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin), Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman isə övladlığa götürmək istəyən şəxs (şəxslərin) və ya onların müraciəti əsasında akkreditə edilmiş orqanın ərizəsi əsasında qəbul edilir. Övladlığa götürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanın iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır.
118.23. Ögey ata (ögey ana) tərəfindən övladlığa götürülmə zamanı məhkəmə prosesində müvafiq icra hakimiyyəti orqanının iştirakı tələb olunmur.
118.24. Ər-arvaddan biri əcnəbi olan nikahda olan şəxs (yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla) tərəfindən övladlığa götürmə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürməyə bərabər tutulur.";
Maddə 119 indiki variant
Maddə 119. Övladlığa götürülən uşaqların və övladlığa götürməyi arzu edən şəxslərin uçotu
119.1. Övladlığa götürülən uşaqların uçotu bu Məcəllənin 115.5-ci maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
119.2. Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
119.3. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Maddə 119 Yeni variant
"Maddə 119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu
119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə elektron informasiya sistemində "e-sosial" internet portalı üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada vahid uçotunu aparır.
119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə;
119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə;
119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə;
119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
119.3. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5 -119.2.8-ci maddələrində qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar.
119.4. Yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürmə zamanı bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur.
119.5. Bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda həmin məlumatlar "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.
119.5. Bu Məcəllənin 119.2.1-119.2.2-ci maddələrində və 119.2.5-119.2.8-ci maddələrində göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 (altı) ay müddətində etibarlıdır.
119.6. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 119.2.1-119.2.2-ci və 119.2.5-119.2.8-ci maddələrində məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) il müddətində övladlığa götürmənin bu Məcəllənin 118.1.2-ci maddəsində nəzərdə tutulan mərhələsindən kənarlaşdırılırlar.
119.7. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində bu Məcəllənin 119.2-ci maddəsində göstərilən məlumatların monitorinqini aparmaq hüququna malikdir.".
119.8. Bu Məcəlləninin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
119.8.1. vəfat etdikdə;
119.8.2. 18 yaşına çatdıqda;
119.8.3. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olumuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
119.9. Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır:
119.9.1. vəfat etdikdə;
119.9.2. bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
119.9.3. bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
119.9.4. bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda;
119.9.5. barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
119.10. Bu Məcəllənin 119.9.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar;
1.9. aşağıdakı məzmunda 119-1-ci maddə əlavə edilsin:
Maddə 119-1. Övladlığa götürmədən sonra monitorinq
119-1.1. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır.
119-1.2. Bu Məcəllənin 119-1.1-ci maddəsində nəzərdə tutulan monitorinqin aparılması qaydası bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qayda ilə tənzimlənir.";