Azərbaycanda aztəminatlı ailələrin ünvanlı sosial yardım alması üçün əvvəllər tətbiq edilən yersiz qadağalar ləğv ediləcək.
Eləcə də bax: 2020-ci ildə ünvanlı dövlət sosial yardımı kimlər alacaq? – MİSALLARLA İZAH
FED.az xəbər verir ki, belə qadağaların tətbiqi bəzi hallarda, hətta xırda texniki səhvə və ya məlumatsızlığa görə, ailələrin uzun müddətə ünvanlı yardımdan məhrum olması ilə nəticələnirdi.
Keçmiş nazir Səlim Müslümovun vaxtında tətbiq edilmiş bəzi qadağalar o qədər yersiz idi ki, belə qadağaların yardım alanların sayının azaldılması üçün qəsdən tətbiq edildiyi təsəvvürü yaradılırdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən məlumata görə, sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilik dəyişdirilir. Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.
Belə ki, Əvvələr tətbiq edilmiş və indiyədək qüvvədə olan qaydaya görə, ailənin tərkibində dəyişiklik baş verəndə və bu barədə məlumat verməyəndə ailənin sosial yardımı dayandırılırdı. Yeni hazırlanan qaydalara görə isə həmin dəyişiklik və buna görə məlumat verilməməsi yardım təyinatına və ya ödənişinə təsir etməyəcək.
Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün nəzərdə tutulan müddət 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.
Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir.
İndiyəədk qüvvədə olan qaydalara görə, sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılırdı.
Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.
Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.
Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.