Xəbər verildiyi kimi, Milli Məclisdə Əmək Məcəlləsinə dəyişikliklər müzakirə edilir və tezlikdə qəbul ediləcək.
FED.az-ın məlumatına görə, dəyişikliklərdə xidməti müqavilələrin məhdudlaşdırılması və indiyədək bu formada çalışanların əmək müqavilələrinə keçidi nəzərdə tutulur. Parlament müzakirələrində deputatlar və dövlət qurumlarının təmsilçiləri bəyan edirlər ki, indiyədək xidməti müqavilələrdən əksər hallarda vergidən yayınma üçün istifadə edilib.
İqtisadçı ekspert Qalib Toğrul Əmək məcəlləsinə dəyişikliklərin mümkün nəticələrini açıqlayıb.
Ekspert yazır:
Milli Məclisin ikinci oxunuşunda olan, Əmək Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul olunub, Prezident tərəfindən təsdiqləndikdən sonra KİV-lərdə və QHT-lərdə (vətəndaş cəmiyyəti sektorunda) işçini mülki hüquqi müqavilə ilə çalışdırmaq praktikasına son qoyulacaq.
Yeni dəyişikliklərdə nəzərdə tutulur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda əmək münasibətləri hesab edilir və bu münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir
Mülki hüquqi müqavilə hamımızın xidmət müqaviləsi kimi tanıdığımız razılaşma formasıdır. Bugunədək demək olar ki, bütün qəzet və saytlarda, eyni zamanda QHT-lərdə (Şuranın layihələri xaric) çox az işçinin rəsmiləşdirilməsi əmək müqaviləsi vasitəsilə reallaşdırılırdı. Belə qurumlarda çalışan işçilər rəhbərliyin tövsiyəsi ilə özlərinə VÖEN açaraq əmək haqqı deyil, xidmət haqqı alırdılar. Alırdılar deyəndə ki, hazırda da belədir.
Vergi Məcəlləsinə uyğun olaraq onlar əhaliyə yox, vergi ödəyicisinə (qəzetə, sayta, TV-yə, QHT-yə) xidmət göstərdikləri üçün sadələşdirilmiş vergi ödəyicisi ola bilmir, gəlir vergisi ödəyicisinə çevrilirlər. Və aldıqları xidmət haqqı məbləğindən büdcəyə 5 faiz, məbləğdən asılı olmayaraq DSMF-yə aylıq 62,50 manat (1 yanvar 2021-ci ildən etibarən güzəşt ləğv olunduğuna görə) və icbari tibbi sığorta haqqı kimi 10 manat (1 yanvar 2021-ci ildən qüvvəyə minib) ödəyirlər.
Yeni dəyişikliklərdən sonra sadaladığım sektorlarda işəgötürən bütün işçilərlə əmək müqaviləsi bağlamalı və iş vaxtının rejiminə uyğun olaraq onlara sabit məbləğdə əmək haqqı ödəməlidir. QHT sektoru xidmət müqaviləsi bağlamasını layihə müddətinin qısa olması, ekspertin kənardan cəlb olunması ilə əsaslandırırdılar. Dəyişikliklər təsdiqləndikdən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq belə şəxslərlə müddətli əmək müqaviləsi bağlanılmalıdır. Razıyam ki, QHT-lərdə işəgötürən tərəfindən verilən təminatların (əmək qabiliyyətinin itirilməsinə görə müavinət, ödənişli məzuniyyətlərin haqqı, kompensasiyalar və sair) ödənilməsi mənbələri ilə bağlı çətinliklər var.
Qeyd etdiyim sektorda 8000 manatdan yuxarı əmək haqqı real olmadığı üçün gəlir vergisi ilə bağlı büdcə qarşısında öhdəlik yaranmayacaq. İşəgötürən və işçi aşağıdakı ödənişləri etməlidirlər:
1. Gəlir vergisi ödənilməyəcək. 1 yanvar 2019-cu ildən 7 illik güzəşt nəzərdə tutulub;
2. İşəgötürən 200 manatdan yuxarı əmək haqqı üçün 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi, içşi isə 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi miqdarında sosial sığorta haqqı ödəyəcək;
3. İşəgötürən əmək haqqı fondundan 0,5%, işçi isə öz əmək haqqından 0,5% işsizlikdən sığorta haqqı ödəyəcək.
4. İşəgötürən əmək haqqı fondundan 1,%, işçi isə öz əmək haqqından 1,0% icbari tibbi sığorta haqqı ödəyəcək.
5. İşəgötürən əmək müqaviləsi bağladığı işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsindən icbari sığorta etdirməlidir. Bu, çox vacibdir. Çünki İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliyə görə işçilərini bu sığorta növü ilə sığortalamayan işəgötürənlər haqqında, onlardan xəbərsiz, bazadakı məlumatlar əsasında elektron inzibati xəta protokolu tərtib olunacaq. Bu barədə daha detallı məlumatı ehtiyac olarsa, paylaşa bilərəm.
Sonda iki vacib qeydi də nəzərinizə çatdırım. Birincisi, bu hesablamalar neft və qazla əlaqəsi olmayan özəl sektor üçün (məsələn, SOCAR-ın jurnalına aidiyyəti yoxdur) keçərlidir. İkincisi isə, yuxarıda işçilərlə bağlı qeyd olunan hesablamaları, icbari tutulmaları işəgötürən aparmalı və dövlət ququrmları qarşısında işçi yox, o, hesabatlı olmalıdır.