Azərbaycanda hər evdə rəngli təsvirli televizor var, hətta bəzi evlərdə birdən artıqdır.
FED.az biznes və maliyyə xəbərləri portalı bbc news Azərbaycan-a istinadən xəbər verir ki, ötən ilin rəsmi statistikasına görə, ölkədə hər 100 ev təsərrüfatına orta hesabla 112 televizor düşür.
Peyk antennası isə kəndlərdə daha çox istifadə olunan vasitədir: hər 100 evə 83 peyk antenası var.
Ölkənin şəhərlərində fərdi kompüteri olanlar kəndlərlə müqayisədə çoxdur: əgər kənddə hər 100 evə 18 şəxsi kompüter düşürsə, şəhərlər üzrə bu rəqəm 24-dür. Ölkə üzrə isə hər 100 ev təsərrüfatına orta hesabla 21.9 kompüter düşür.
Notbuk və netbukla müqayisədə planşet və cib kompüteri olanlar daha çoxdur: ölkə üzrə hər 100 evin 46.7 planşet və cib kompüteri var.
Mobil telefon sahibi olanlar isə statistikada ön cərgədə gələ bilər: hər 100 evə 239 mobil telefon düşür. Şəhər və kənd yerlərində də, demək olar ki, rəqəmlər arasında böyük fərq yoxdur.
Statistikaya söykənsək, deyə bilərik ki, Azərbaycanda soyuducusuz ev yoxdur. Hər 100 evə 101 soyuducu düşür.
Elə tozsoran, paltaryuyan maşın da evlərdə ən vacib əşyaymış. Statistika Komitəsinin sorğu apardığı evlərin çox azında bu məişət əşyalarına rast gəlinməyib.
Amma bunu kondisionerlə bağlı söyləmək olmaz. Ölkədə hər 100 evə düşən kondisioner sayı 44.5-dir: üstəlik, kənd evlərində şəhərlə müqayisədə təxminən iki dəfə az kondisionerdən istifadə olunur.
Qabyuyan maşın deyəsən, azərbaycanlı ailəsində hələ ki, izafi xərc sayılır, statistikaya görə, şəhər yerlərində hər 100 evdən 3.4-də qabyuyan var, kənd yerlərində isə bu rəqəm 1.3-dür.
Qabyuyanla müqayisədə mikrodalğalı soba, mətbəx kombaynı məişətə daha çox daxil olub, rəqəmlər göstərir.
Təhsil və məişət əşyası
Televizor, soyuducu, mobil telefon, peyk antenası, kompüter, tozsoran kimi məişət əşyalarına sahiblikdə ev təsərrüfatlarının ailə başçıları arasında təhsil səviyyəsi o qədər də fərqlənmir, yəni ali təhsillinin də evində bu əşyalar var, ibtidai sinif oxuyanın da.
Ancaq bəzi məişət əşyalarına sahiblikdə təhsilin rolunu görmək olur: musiqi mərkəzi, qabyuyan maşın, mikrodalğalı soba kimi məişət əşyalarına sahib ev təsərrüfatlarında ali və orta ixtisas, peşə təhsilli ailə başçıları üstünlük təşkil edir.Məsələn, qabyuyan maşına ailə başçısının ibtidai təhsilli olduğu ev təsərrüfatında rast gəlinmirsə, təhsil səviyyəsi artıqca, bu məişət əşyasından istifadə edənlərin də sayı artır. Ev təsərrüfatları arasında ən çox ali təhsillilər qabyuyan maşından istifadə edir.
2016-cı illə müqayisədə ötən ilki vəziyyətdə, demək olar ki, nəzərəçarpan dəyişiklik olmayıb.
Statistika Komitəsindən BBC New Azərbaycancaya verilən məlumata görə, ölkədə 2 milyona yaxın ev təsərrüfatı var. Komitənin mütəxəssisləri 10 mindən çox ev təsərrüfatını təhlil edib.