Kondisionerin soyuğuna dözmədiyi üçün yanında isti sviter saxlayanlar, ya da əksinə, həmişə istidən və boğanaqdan şikayət edənlər yəqin ki, hamımızın iş yerində var.
FED.az bbc.com/azeri-yə istinadən xəbər verir ki, Amerikadakı Əməyin Mühafizəsi İdarəsi işverənlərə məsləhət görür ki, iş yerlərində temperaturu 20-24,5 dərəcə aralığında saxlasınlar.
Amma nəticələri "Nature" jurnalında dərc edilmiş 2015-ci il araşdırmalarına görə, bu tövsiyə hələ 1960-cı ildə müəyyənləşdirilmiş normal temperatur modelinə əsaslanır.
Bu yaxınlarda alimlər müəyyən ediblər ki, iş yerlərindəki temperatur əməyin keyfiyyətinə təsir edir və bu, ilk növbədə qadınlara aiddir.
Cənubi Kaliforniya Universitetinin və Berlindəki Sosial Elmlər Mərkəzinin (WZB) araşdırmaçıları Almaniya kolleclərində təhsil alan 543 tələbəni bir otağa yığıb onlara test suallarına cavab verməyi təklif edərək otağın temperaturunu +16 dərəcəylə +32 dərəcə arasında dəyişiblər.
Məlum olub ki, kişilər və qadınlar temperatur dəyişikliyinə fərqli reaksiya verirlər.
"Temperatur yüksəldikcə riyaziyyat və şifahi nitqlə bağlı sualları qadınlar daha yaxşı, kişilər daha pis cavablandırıblar. Qadınların qabiliyyətinin artması səviyyəsi kişilərdə qabiliyyətin azalma səviyyəsindən xeyli yüksəkdir", - Cənubi Kaliforniya Universitetinin mütəxəssisi Tom Chang belə deyir.
Başqa sözlə, otaq isindikcə, qadınlar suallara daha doğru cavablar veriblər.
"Kişilərlə müqayisədə qadınların daha isti otaqlarda çalışmaq istədiyini sübut edən çox sayda araşdırma var, amma heç kim bunun əmək qabiliyyətinə təsirinə diqqət etməyib. Biz müəyyən etdik ki, termostat uğrunda mübarizə sadəcə komfort məsələsi deyil", - Berlinin Sosial Elmlər Mərkəzinin araşdırmaçısı Aqne Kayatskayte belə deyir.
Chang qeyd edir ki, araşdırmanın məqsədi ofis üçün ideal temperatur müəyyənləşdirmək olmayıb:
"Hansısa aspekt əsas götürülməlidirsə, bu, hər birimizin fərqli olmasıdır və hamıya eyni nümunəni tətbiq etmək olmaz. Ümumi şəkildə bunu nəzərə almaq lazımdır ki, temperatur faktoru bizə düşündüyümüzdən daha çox təsir edir".
Ona görə də həmkarınızın ofisdə isti şal saxladığını və ya kiminsə köynəyinin tərdən islandığını görəndə temperaturu dəyişməniz yaxşı olar.
"Bizim araşdırmamız bunu göstərir: siz sahibkarsınızsa və sizi ancaq məhsuldarlıq və gəlirləriniz maraqlandırırsa, yenə də işçilərinizin komfortu barədə düşünməli olacaqsız, çünki bu, nəticə etibarilə işin səmərəliliyinə təsir edir", - Chang belə deyir.
Araşdırmanın nəticələri göstərir ki, qadınlarla kişilərin bir yerdə çalışdığı iş yerlərində işin keyfiyyətini artırmaq üçün temperaturu yüksəltmək lazımdır.
"Menecerlər ofisin temperaturuna daha çox diqqət ayırmalıdırlar. Onlar işçilərin bununla bağlı dediklərinə ciddi yanaşmalıdırlar, çünki bu, əməyin məhsuldarlığına xeyli dərəcədə təsir edir", - Kayatskayte belə deyir.