FED.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu müddət ərzində sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kadr potensialının inkişaf etdirilməsi, maddi-texniki bazanın formalaşdırılması, yoxlama, nəzarət və digər səlahiyyətlərin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. Agentlik sədri bildirib ki, ötən 1 ildə qida təhlükəsizliyi sisteminin hüquqi bazasının formalaşdırılması məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb və aidiyyəti dövlət orqanlarının rəy və təklifləri, eləcə də beynəlxalq təşkilatların ekspertlərinin tövsiyələri nəzərə alınmaqla təkmilləşdirilib. Bundan əlavə, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması məqsədilə uzunmüddətli dövrdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı” hazırlanıb və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilib. Sanitar, fitosanitar və baytarlıq normaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində də işlərə başlanıb. Enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” hazırlanıb və təsdiq edilib. Qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, bu sahəyə ictimaiyyətin diqqətini artırmaq məqsədilə cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Q. Təhməzli qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya infrastrukturunun yaradılması üçün qısa müddət ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bazasında ən müasir tələblərə cavab verən 21 laboratoriyanın yaradıldığını qeyd edib. Regionlarda coğrafi yerləşmə və məhsul spesifikasiyası nəzərə alınaraq yaradılmış yeni laboratoriyalarda, yerli sakinlər arasından seçilmiş potensiallı kadrlar təlimlərə cəlb edilərək, müvafiq işlə təmin olunub.
Qeyd olunub ki, Agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub. Onlardan 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib. Qida təhlükəsizliyi nəzarəti sahəsində Agentlik tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 277 planlı, 302 plandankənar (növbədənkənar) olmaqla ümumilikdə 579 yoxlama aparılıb və 390 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlardan 5-i şərti cərimə, 22-i xəbərdarlıq, 363-ü isə inzibati qaydada cərimə edilməsi barədə qəbul olunmuş və 9850 AZN-i şərti cərimə olmaqla, ümumilikdə 280100 AZN cərimə tətbiq olunub.
Agentlik tərəfindən idxal və ixrac əməliyyatları zamanı 63926 fitosanitar sertifikat və icazə sənədi, 20830 qida təhlükəsizliyi sertifikatı, 12989 baytarlıq sertifikatı və digər icazə sənədləri verilib. Planlı və plandankənar yoxlamaların statistikasına əsasən, sözügedən dövrdə ölkə ərazisində ümumilikdə 743 sayda planlı və plandankənar yoxlamalar həyata keçirilib. Agentliyin fəaliyyət göstərdiyi 1 il ərzində ixrac zamanı aparılan nəzarət tədbirləri hesabına məhsulların idxalçı ölkələr tərəfindən imtina halları əhəmiyyətli dərəcədə azalıb, fındıq məhsullarının Avropa İttifaqı tərəfindən 7 dəfə idxaldan imtina halı müşahidə edilib. Halbuki 2017-ci ilin yanvar ayından Agentliyin fəaliyyətə başladığı tarixədək müddətdə bu cür imtina hallarının sayı 36 idi. Aparılmış yoxlamalar nəticəsində Agentlik tərəfindən istehlak üçün yararsız 127821 kq qida məhsulu və 3620 litr spirtsiz içki məhv edilib, 96177 kq məhsul zərərsizləşdirilib və 1500 ton taxılın geri qaytarılması haqqında qərar qəbul edilib. Agentlik tərəfindən həyata keçirilən yoxlamalar zamanı insan həyatı və ya sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntuları ilə bağlı 134 təsərrüfat subyekti haqqında 140 məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərar qəbul edilib.