Azərbaycanda pensiya yaşına çatmış şəxslərin hüquqları qanunvericiliklə geniş şəkildə tənzimlənir. Bu sahədə əsas hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, “Əmək pensiyaları haqqında” qanun və digər normativ-hüquqi aktlardan ibarətdir.
FED.az xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, pensiya yaşına çatmış hər bir vətəndaşın əsas hüquqlarından biri əmək pensiyası almaqdır. Onun sözlərinə görə, bunun üçün qanunda nəzərdə tutulmuş prinsip kapitalı toplamaq, minimum sığorta stajı tələb olunur ki, bu da hazırda 25 ildir:
“Əgər vətəndaşın sığorta stajı bu tələbi ödəmirsə, o zaman yaşa görə sosial müavinət almaq hüququ mövcuddur. Eyni zamanda, pensiya yaşına çatmaq əmək fəaliyyətinin başa çatması anlamına gəlmir. Vətəndaş pensiya almaqla yanaşı, işləmək hüququnu da saxlayır və heç bir işəgötürən onu yalnız yaşına görə işdən azad edə bilməz. Bu, Konstitusiyanın 35-ci maddəsində və Əmək Məcəlləsinin 16-cı maddəsində açıq şəkildə qeyd olunub”.
Hüquqşünas qeyd edib ki, pensiya yaşına çatmış şəxslər icbari tibbi sığorta ilə də təmin olunurlar:
“Onlara dövlət tərəfindən müxtəlif sosial güzəştlər, o cümlədən sosial xidmətlər, əlillik hallarında əlavə müavinətlər və dövlət təqaüdləri təqdim edilir. Həmçinin, pensiya yaşına çatmış şəxslərə qarşı ayrı-seçkilik və sosial təcrid halları yolverilməz hesab olunur və qanunla qadağandır. Dövlət isə bu şəxslərin rifahını qorumaq üçün həm ümumi, həm də xüsusi qanunvericilik vasitəsilə mütəmadi olaraq tədbirlər görür. Bu, dövlətin üzərinə düşən pozitiv öhdəliklərdən biridir”.
Ə.Nuriyev həmçinin vurğulayıb ki, sosial təminat hüquqlarının praktikada necə reallaşmasına gəldikdə, bu sahədə həm müsbət, həm də problemli məqamlar mövcuddur:
“Müsbət tərəf ondan ibarətdir ki, pensiya ödənişləri stabil və hər ay vaxtında həyata keçirilir. Minimum pensiya məbləği dəfələrlə artırılaraq hazırda 426 manat səviyyəsinə çatdırılıb. Pensiyaçılar icbari tibbi sığorta çərçivəsində bəzi müalicə xidmətlərindən və dərmanlardan ödənişsiz istifadə edə bilirlər. Bələdiyyə yardımlarında və digər sahələrdə müxtəlif güzəştlər tətbiq oluna bilər. Elektron sistem vasitəsilə vətəndaşlara pensiya hüququ ilə bağlı avtomatik məlumatlar təqdim edilir, həmçinin yaranan problemlərlə bağlı isə elektron bildirişlər göndərilir”.
Bununla yanaşı, bir sıra problemlər də mövcuddur:
“Artan qiymətlər fonunda minimum pensiyanın alıcılıq qabiliyyəti zəifləyir. Bölgələrdə sosial və tibbi xidmətlərin əlçatanlığı bəzən məhdud olur. Evdə qulluq və psixoloji dəstək xidmətləri yetərincə inkişaf etməyib. Həmçinin, fərdi pensiya kapitalı yığım mexanizmi vətəndaşlar üçün kifayət qədər aydın deyil və pensiya məbləği bir çox hallarda gözləntiləri qarşılamır. Bu səbəbdən marifləndirmə tədbirlərinin artırılmasına və əlavə islahatlara ehtiyac duyulur. Dövlət isə bu sahədə qanunvericiliyi davamlı olaraq təkmilləşdirməyə çalışır ki, bu da müsbət dəyərləndirilir”.
Ə.Nuriyev onu da diqqətə çatdırıb ki, pensiya yaşına çatmış, lakin işləmək istəyən şəxslərin hüquqları da qanunvericiliklə dəqiq şəkildə tənzimlənir:
“Belə şəxslər pensiya almaqla yanaşı, əmək fəaliyyəti ilə məşğul ola bilərlər və yeni əmək müqaviləsi bağlamaq hüququna malikdirlər. Onların əmək müqaviləsi yalnız qanunda göstərilən əsaslarla, məsələn, ixtisar və ya şəxsi ərizə əsasında ləğv edilə bilər. Yaş səbəbilə əmək münasibətlərinə xitam verilməsi isə ayrı-seçkilik hesab olunur”.
O dövlət orqanlarında müəyyən yaş məhdudiyyətlərinin mövcud olduğunu da söyləyib:
“Dövlət qulluğunda pensiya yaşı 65-dir. Lakin bəzi hallarda bu yaş 70-ə qədər uzadıla bilər. Məhkəmə hakimləri üçün isə pensiya yaşı 75-dir. Özəl sektorda isə belə bir yaş məhdudiyyəti tətbiq edilmir. Şəxslər eyni vaxtda həm əməkhaqqı, həm də pensiya ala bilərlər. Yalnız xüsusi təqaüd alan şəxslər üçün əlavə qaydalar tətbiq oluna bilər”.
Həmsöhbətimiz əlavə edib ki, hazırda kişilər üçün pensiya yaşı sabit olaraq 65-dir:
“Qadınlar üçün isə bu yaş mərhələli şəkildə artırılaraq 2025-ci ilin iyulundan 64 yaş 6 ay, 2026-cı ildən isə hər iki cins üçün 65 yaş olacaq. Bununla yanaşı, müəyyən kateqoriyalar üzrə erkən pensiya hüququ da nəzərdə tutulub. Məsələn, çoxuşaqlı analar və ya riskli sahələrdə çalışan şəxslər erkən pensiyaya çıxa bilirlər. Bu kateqoriyadan olan şəxslərin pensiyası dövlət büdcəsi hesabına maliyyələşdirilir və 2025-ci ildən etibarən bütün güzəştli ödənişlər dövlət büdcəsi hesabına qarşılanacaq”.
Nəticə etibarilə, Azərbaycanda pensiya yaşına çatmış şəxslərin hüquqları geniş şəkildə müvafiq qanunvericilik əsasında qorunur və dövlət onların sosial rifahını təmin etmək məqsədilə mütəmadi islahatlar həyata keçirir. (Modern.az)