“İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan, sabitliyin qorunub saxlanılmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında müstəsna rolu olan daxili işlər orqanlarının fəaliyyəti nəticəsində bu gün vətəndaşlar tam rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Məhz bu orqanların qətiyyəti sayəsində ölkədə xaos, anarxiya yaratmaq istəyən pozucu qüvvələrin qarşısına güclü sipər çəkilib”.
FED.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində qeyd edib.
Şöbə müdiri bildirib ki, Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinə baxılması müntəzəm olaraq nəzarətdə saxlanılır: “Keçən il nazirliyə daxil olan müraciətlərin 31,8 faizi müsbət, 2,7 faizi qismən həll edilib, qalanları barədə isə müvafiq tədbirlər görülüb, bu işdə nöqsanlara yol verdiklərinə görə 467 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb, o cümlədən 31 nəfər xidmətdən xaric edilib, bütövlükdə isə polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətlər 11 faiz azalıb. Azərbaycan ötən il MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi tanınıb, cinayətlərin, o cümlədən mülkiyyət əleyhinə olan dələduzluqların, xuliqanlıq və digər cinayətlərin açılması yaxşılaşıb, vətəndaşlara dəyən maddi ziyanın ödətdirilməsi faizi artıb, yol-nəqliyyat hadisələrində ölənlərin sayı 3,7 faiz, xəsarət alanların sayı 0,5 faiz azalıb, “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları vasitəsilə 3300-dən çox cinayət işi açılıb, 10 minə yaxın hüquqazidd əməlin qarşısı alınıb".
Onun sözlərinə görə, polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər az deyil: “Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı və sair məsələlərlə bağlıdır. Qeyd etməliyik ki, polisin fəaliyyəti ilə bağlı müraciətlərin 27 faizi ayrı-ayrı şəxslərin yol verdiyi dələduzluq faktlarının araşdırılması barədədir. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan müraciətlərin sayı Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Yasamal rayonlarından, Şirvan, Cəlilabad, Goranboy, Göyçay, Göygöl, İsmayıllı, Qazax, Neftçala, Saatlı, Salyan, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Yardımlı, Zaqatala, digər şəhər və rayonlardan nisbətən çox olub”.