Valideynlər öz övladları ilə alış-veriş edərkən bəzən xoşagəlməz hadisələrlə üzləşirlər. Belə ki, azyaşlı uşaqlar özləri də istəmədən mağazada satılan məhsulları rəfdən salıb sındırır, oyuncaqları qoparır və bu da valideynin 14 yaşına çatmayan övladına görə məsuliyyət daşımasına səbəb olur. Məsələn 1 il öncə ABŞ-da sosial şəbəkədə yayılan bir foto izləyicilərin təəccübünə səbəb olmuşdu. Belə ki, “Sephora” adlı mağazaya gələn azyaşlı 1600 dollar dəyərində göz üçün nəzərdə tutulan makiyajı məhv etmişdi. Belə hallar yaşananda valideynlərlə satıcılar arasında gərginlik, mübahisə yaranır. Çünki çox hallarda valideyn mağazaya dəymiş zərərə görə ödəniş etməli olur. Lakin qanunvericilikdən xəbərdar olan valideynlər öz haqlarını tələb edərək bəzi hallarda mağazanın da məsuliyyət daşıdığı məqamları diqqətə çatdıra bilərlər.
FED.az xəbər verir ki bununla bağlı sualları uşaq hüquqları üzrə ekspert Qumru Eyvazova cavablandırrıb.
1.Məhsul rəfdə olarsa:
Valideyn uşaq arabası ilə birgə mağazaya daxil olur və arabadakı uşaq əl-ayağını oynadıb piştaxtadakı konserv qablarını, bankaları yerə salır, nəticədə onlardan biri sınır. Əgər satıcı dəymiş zərərə görə valideyndən ödəniş tələb edirsə, valideyn nə etməlidir? Burada hüquqlar necə tənzimlənir?
Məsələyə aydınlıq gətirən hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin ( DİN BDYTİ) “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğıntəhlükəsizliyi Qaydalarının 3.3.10. -cu yarımbəndinə əsasən, soba ilə mallar, piştaxtalar, şkaflar və digər avadanlıqlar arasındakı məsafə 0.7 metrdən, odluq dəliyindən isə 1.25 metrdən az olmamalıdır.
Ekspert vurğulayıb ki, əgər məsafə qanunvericilikdə qeyd ediləndən az olubsa, o zaman xoşagəlməz hadisə mağazanın təqsiri üzündən baş verib: “Belə olan halda təqsir nəinki mağazanın üzərinə düşür, hətta mağaza bu qaydaları pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 518-ci maddəsinə görə (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) məsuliyyət daşıyır”.
Ekspert həmçinin deyib ki, İXM-nin yuxarıda göstərilən maddəsinə əsasən, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir: “Vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər isə üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir”.
Q. Eyvazova valideynlərin də hansı hallarda məsuliyyət daşıması ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, əgər mağazadakı piştaxtalar arasındakı məsafə bu qaydalarda göstərilən məsafədə və ya ondan artıqdırsa, o zaman Mülki Məcəllənin 29.3cü maddəsinə əsasən, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər: “ Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər”.
Yekun qərar: - Yuxarıda göstərilənlərə uyğun olaraq ya mağaza, ya valideyn məsuliyyət daşıyır.
2.Məhsul əldə olarsa:
Bəzən valideyn mağazada olarkən dayanmadan ağlayan uşağını sakitləşdirmək üçün üzərində rəngarəng bəzəklər olan əşyanı piştaxtadan götürüb azyaşlıya verir. Hüquqşünas deyib ki, əgər uşaq həmin əşyanı əlindən salıb sındırırsa, burada təqsiri olan şəxs valideyndir. Başqa sözlə desək, məhsul alıcının əlindən düşürsə, o məsuliyyət daşıyır: “Yenə də Mülki Məcəllənin 29.3cü maddəsinə əsasən, valideyn azyaşlıların vurduğu ziyan üçün cavabdehdir”.
Qeyd edək ki, istisna hallar da var. Bəzən mağaza öz üzərinə düşən vəzifəni yerinə yetirmədikdə burada valideyn yox, mağaza özü məsuliyyət daşıyır. Dünya təcrübəsindən nümunə göstərsək, əgər mağazanın döşəməsi nəmdirsə və bu barədə alıcıya xəbərdarlıq edilməyibsə, döşəmədən ayağı sürüşən uşaq əlində olan məhsulu salıb sındırırsa, burada məsuliyyət mağazanın üzərinə düşür. Digər tərəfdən, əgər məhsullar təhlükəsizlik normalarına uyğun düzülməyibsə, sınan məhsula görə yenə mağaza cavabdeh olur. Lakin bəzi hallarda tək valideyn və ya mağaza yox, üçüncü şəxslər də məsuliyyət daşıya bilər. Məsələn, əgər uşaq əlində banka və ya başqa şüşə əşya ilə keçib gedirsə, üçüncü şəxs ona toxunub əlindəki əşyanın düşüb sınmasına səbəb olursa, məsuliyyyət həmin şəxsin üzərinə düşür.
3.Oyuncaq mağazasında :
Valideyn rəflərdə yerləşdirilmiş əşyalara baxaraq rahat, tələsmədən gəzir. Bu zaman uşaq piştaxtadan götürdüyü gəlinciyin və ya hansınsa oyuncağın başını qoparır.Valideyn nə qədər cəhd etsə də, sınmış oyuncağın detalını bərpa edə bilmir.
Ekspert qeyd edib ki, belə hallarsa yenə Mülki Məcəllənin 29.3cü maddəsini xatıramaq lazımdır: “Burada yenə valideyn məsuliyyət daşıyır. Başqa sözlə desək, rəfdən götürülən məhsul artıq alıcınındır”.
Yekun qərar: Valideyn məsuliyyət daşıyır.
4.Geyim mağazasında:
Bəzən valideynlər övladlarına bəyəndikləri hansısa köynəyi geyindirərkən qeyri-adi hallarla üzləşirlər. Məsələn, köynəyi geyinərkən uşaq əl-qol atır, nəticədə köynək tikiş yerindən sökülür. Bu zaman valideyn təşvişə düşüb sökülən paltarı gizlətməyə çalışır. Hüquqşünaslar məshələt görür ki, təşvişə düşmədən öncə düşünmək lazımdır. Çünki bu, sizin günahınız olmaya da bilər. Ola bilsin ki, məhsul özü əvvəlcədən defektli olub. Bu halda alıcı ödəniş etməli deyil. Həmçinin heç bir mağaza adının defektli məhsul satan müəssisə kimi tanınmasını istəmir. Ona görə də belə məqamda mağaza alıcıya kömək etməyə çalışır. Q. Eyvazova bildirib ki, müştəri belə halla üzləşərkən malın öncədən defektli və ya defektsiz olduğunu sübut etməlidir. Bunu sübüt etmək üçün məhkəməyə müraciət edib ekspertizanın təyin edilməsini tələb etmək mümkündür:
“Mülki Məcəllənin 571.3.-cü maddəsinə əsasən, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir”-deyə hüquqşünas vurğulayıb.
Ekspert əlavə edib ki, əgər məhsulu satıcı götürərkən artıq defektli idisə, bu hal üçün mağaza məsuliyyət daşıyır və məhkəmənin qərarı mağazanın ziyanına çıxarıldığı halda, təyin edilmiş ekspertizanın da dəyərini mağaza ödəyir: “Yox əgər məhsul alıcı tərəfindən korlanıbsa, o zaman alıcı o malın dəyərini ödəyib almalıdır və mağaza tərəfindən məhkəməyə çəkilmiş xərcləri, eləcə də ekspertizanın ödənişini ödəməlidir”.
Q. Eyvazovanın sözlərinə görə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında 19 sentyabr 1995-ci il tarixli 113 saylı İstehsalçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7 -ci maddəsində malın qüsurlu olaraq satılması barədə geniş maddə qeyd edilib.
Yekun qərar: Ekspertizaya ehtiyac var.
5.Geyim ölçüyə uyğun olmayanda:
Bəzən mağazada satılan geyim 3-6 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulur. Lakin valideyn həmin geyimləri 12 yaşında uşağın üzərində yoxlamağa çalşır və təbii olaraq geyim sökülür. Bunun əlavə izaha ehtiyacı yoxdur. Mağazaya dəyən zərərə görə valideyn məsuliyyət daşıyır.
Q. Eyvazova vurğulayıb ki, Mülki Məcəllənin 571.1-ci maddəsinə əsasən, (Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi) əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir: “Başqa sözlə desək, əgər paltarı geyinərkən ona alıcı tərəfindən ziyan vurulursa, alıcı onun əvəzini ödəməyə borcludur”.
Yekun qərar: Malın dəyəri alıcı tərəfindən ödənilməlidir.
6.Yeyilmiş və ya oğurlanmış məhsul
Alış-veriş edərkən uşaq şokolad qutusunu açıb yeyərsə, valideyn buna görə mağazaya ödəniş etməlidir. Hüquqşünas deyib ki, burada da Mülki Məcəllənin 571.1-ci maddəsini nəzərə almaq lazımdır: “Hazırki halda, əgər mal sizin övladınız tərəfindən istifadə edilmişdirsə, malın dəyərini ödəməlisiniz”.
Yekun qərar: Malın dəyəri alıcı tərəfindən ödənilməlidir.
İnsider.az