Qanunvericilikdə işçinin müxtəlif səbəblərə görə ödənişsiz məzuniyyətə çıxması ilə bağlı hüquqi şərtlər müəyyənləşdirilib.
FED.az xəbər verir ki, mövzunu “vergiler.az” üçün insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edib.
Eləcə də bax: Zərərli və ağır işlərdə çalışanların pensiyaya çıxma şərtləri yüngülləşdirilir
Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 130-cu maddədə isə göstərilir ki, aşağıda qeyd olunan hallarda və müddətlərdə ödənişsiz məzuniyyətlərdən istifadə oluna bilər:
– həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə uşaq dörd yaşına çatanadək;
– arvadı doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə – 14 təqvim gününədək;
– 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara -14 təqvim gününədək;
– əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə – bir təqvim ayınadək;
– müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə – 14 təqvim gününədək;
– Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarat (yaralanma, travma, kontuziya) almış işçilərə – 14 təqvim gününədək;
– insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə – 14 təqvim gününədək;
– doktoranturada (adyunkturada) tahsil alan işçilərə -1 təqvim ayınadək;
– ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə -14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə – 7 təqvim günü;
– ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə – 14 təqvim gününədək;
– ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə – tibb müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;
– sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə – 14 təqvim gününədək;
– ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün – 7 təqvim gününədək.
Bununla belə, Əmək Məcəlləsinin 129-cu maddəsində qeyd olunub ki, işçi və işəgötürən arasında tərəflərin qarşılıqlı razılığı ilə Məcəllənin 130-cu maddəsində göstərilməyən hər hansı səbəblərə görə ödənişsiz məzuniyyətlərdən istifadə oluna bilər. Bu müddətlərlə bağlı təcrübədə daha çox verilən suallara diqqət yönəltmək istərdik:
Əmək Məcəlləsinin 129-cu maddəsində qeyd olunan ödənişsiz məzuniyyətin muddəti 6 aydan çox ola bilərmi?
Ödənişsiz məzuniyyətin müddəti, birdəfəlik istifadə üçün 6 aydan çox ola bilməz. Amma işçi bir il ərzində 6 ay ödənişsiz məzuniyyətdən istifadə edibsə, işə qayıtdıqdan müəyyən müddət keçəndən sonra ödənişsiz məzuniyyətlə bağlı işəgötürənə müraciət edə bilər. Çünki 129-cu maddədə “bir işi ili” və ya “bir təqvim ili”ndə işçinin ödənişsiz məzuniyyət hüququndan neçə dəfə istifadə etməsi barədə məlumat dəqiq qeyd olunmamışdır.
Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd olunan müddətlər uzadıla bilərmi?
Ödənişsiz məzuniyyətlərin müddətləri bir iş ilində Məcəllədə qeyd olunan müddətlərdən çox ola bilməz. Çünki Əmək Məcəlləsinin 129-cu maddəsindən fərqli olaraq həmin maddədə bir iş ilində işçinin istifadə edə biləcəyi ödənişsiz məzuniyyət müddətləri dəqiq göstərilib.
Misal: Tutaq ki, işçinin arvadı doğuşla əlaqədar məzuniyyətdədir. Bu zaman həmin işçi Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, çalışdığı müəssisədə 14 təqvim gününədək ödənişsiz məzuniyyətdən istifadə etmək istəsə, ödənişsiz məzuniyyətlə bağlı ərizəsini və arvadının doğuşla əlaqədar məzuniyyətə çıxması barədə əmrin surətini öz müəssisəsinə təqdim edir.
Sonda qeyd etmək istərdik ki, əmək məzuniyyəti istisna olmaqla, məzuniyyətin digər növləri ödənişsiz, təhsil, yaradıcılıq və qismən ödənişli sosial məzuniyyətlərə iş günü hesab edilməyən bayram günləri təsadüf edərsə, məzuniyyət günlərinin sayı artırılmayacaq.
Maraq doğuran məqamlardan biri də budur ki, işçi əmək məzuniyyətinə çıxmazdan əvvəl ödənişsiz məzuniyyətdən istifadə hüququndan istifadə edə bilərmi?
Tərəflərin qarşılıqlı razılığı əsasında işçi əmək məzuniyyətinə çıxmazdan əvvəl ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər. Ödənişsiz məzuniyyətlərin rəsmiləşdirilməsi üçün qanunvericiliyə bu sənədlər tələb olunur:
– işçinin ödənişsiz məzuniyyətə çıxmaq barədə ərizəsi;
– işəgötürənin işçinin ödənişsiz məzuniyyətə çıxması barədə əmri.
Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı